“Artıq bizim tələblərimizə və gözləntilərimizə əməli, müsbət cavab verilməlidir, işğalçı işğaldan geri çəkindirilməli, cəzalandırılmalıdır…Geri çəkilməsə, cəzalandırılmasa, o zaman bunu biz edəcəyik-Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu”-ELDAR İBRAHİMOV YAZIR

“Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik”.

Bu fikirlər ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən  BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatları zamanı geniş və dərin məzmunlu çıxışında dilə gətirildi.

Elə bu yerdəcə qeyd edək  ki, bir neçə gün öncə BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirildi və dövlət başçımız orada həm Azərbaycan Respublikasının Prezidenti, həm də Qoşulmama Hərəkatının sədri kimi videoformatda çıxış etdi.

Həm sözügedən çıxışında, həm də ümumi debatlar zamanı çıxışında dövlət başçısı işğalçı və təcavüzkar Ermənistanı növbəti dəfə kəskin ittiham və ifşa etdi, ona bir daha sarsıdıcı diplomatik-siyasi zərbə vurdu.

Səsləndirdiyi tutatlı, əsaslı, sərrast arqumentlərlə və faktlarla Ermənistanın əsl-məkrli simasını açıb ortaya qoydu, bir daha dünyaya, beynəlxalq birliyə nümayiş etdirdi. 

BMT kimi dünyanın bir nömrəli təşkilatının tribunasından işğalçı və işğala məruz qalanın, sülh tərəfdarı və sülhə, təhlükəsizliyə təhdid olanın kimliyini bir daha gözlər önünə sərdi. Həm də çox haqlı olaraq, işğala, işğalçıya səssiz qalanlara, münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürüb, amma ötən illər ərzində heç nəyə nail ola bilməyənlərə, nail olmaq istəməyənlərə-BMT-yə, Təhlükəsizli Şurasına, ATƏT-ə, onun Minsk qrupuna, həmsədrlərə öz iradlarını bildirdi. Onları artıq səssiz, susqun qalmamağa çağırış etdi.

Dövlət başçısı “Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə təqribən 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir”-deyərək, son 27 ildə qəbul etdiyi 4 qəntaməsinin heç birinin icrasına nail ola bilməyən BMT-ni, o cümlədən, 23 ildir vasitəçilik missiyasının üzərinə götürən 3 həmsədr dövləti, digər beynəlxalq qurumları  işğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq etməyə səslədi.

Eyni zamanda “Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz olaraq təbii ehtiyatları istismar edir və süni ekoloji böhran yaratmaq məqsədilə su ehtiyatlarından istifadə edir. Azərbaycanın işğal altında olan ərazilərində qızıl və digər qiymətli metal və minerallar hasil edən Ermənistan onları beynəlxalq bazarlara ixrac edir. Bu, qanunsuz biznes fəaliyyəti və çirkli pulların yuyulması sxemidir”-deyərək, dövlət başçımız açıq şəkildə bəyan və xəbərdarlıq etdi ki, Azərbaycanın təbii ehtiyatlarını qanunsuz istismar edən beynəlxalq şirkətlər qeyri-qanuni fəaliyyətlərini dərhal dayandırmadıqları halda onlar hüquqi məsuliyyətlə üzləşəcəklər.

Artıq Azərbaycanın işğal edilmiş ərazilərimizdə təbii ehtiyatlarımızın qanunsuz istismarı ilə məşğul olan şəxs və şirkətlərə qarşı hüquqi addımlar atmağa başladığını vurğuladı. Bəli, artıq səbrin də, dözümün də bir yerə qədər həddi, limiti var. Artıq Azərbaycanın səbr, dözüm kasası daşmaqda, güzəşt limiti tükənməkdədir. Heç kimə, heç nəyə qarşı güzəşt olmayacaq, güzəşt edilməyəcək, hər kəs öz cavabını olduğu kimi, layiqli şəkildə alacaq.

Azərbaycan Prezidenti çıxışı zamanı həmçinin, daha önəmli bir məqama diqqət çəkərək, Ermənistanın faşist və terrorist mahiyyəti üzərində dayandı. Bir daha nasizmin, faşizmin, terrorizmin “şöhrətləndirilməsi”nin Ermənistanın açıq-aşkar dövlət siyasəti olduğunu söylədi. Qeyd etdi ki, mənfur nasist general Qaregin Njde “milli qəhrəmana” çevrilmişdir. İkinci Dünya müharibəsindən sonra o, həbs olunaraq 25 illik azadlıqdan məhrum edilmiş və həbsxanada ölmüşdür. Bütün sülhpərvər, tərəqqipərvər qüvvələr, bəşəriyyət nasizmi, faşizmi lənətlədiyi bir halda, ancaq Ermənistanın paytaxtının mərkəzində  faşist Njdenin xatirəsinə 6 metrlik abidə ucaldılmış, ASALA kimi bir sıra digər terror təşkilatlarının üzvləri bu ölkədə “şöhrətləndirilmişdir”.

Daha sonra çıxışında “Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik”-deyən Azərbaycan Prezidenti bir daha kəskin şəkildə bildirdi və xəbərdarlıq etdi ki,  təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Odur ki, ATƏT-in Minsk qrupunun bütün 11 üzvü prosesdə fəal iştirak etməlidir. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının yenilənmiş zaman qrafiki tərtib edilməlidir. BMT-nin müvafiq təsisatları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına və azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına töhfə verməlidir.

Bəli, bunlar bizim haqlı tələblərimiz və gözləntilərimizdir. Artıq bizim tələblərimizə və gözləntilərimizə əməli, müsbət cavab verilməlidir, işğalçı işğaldan geri çəkindirilməli, cəzalandırılmalıdır.

Geri çəkilməsə, cəzalandırılmasa, o zaman bunu biz edəcəyik-Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu.

2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Cünnüt əməliyyatında, bu ilin iyul-Tovuz hadisələrində olduğu kimi, Ermənistanın və havadarlarının layiqli, daha kəskin cavabını verəcəyik, onlara daha ağırını, betərinin yaşadacağıq və işğal faktına, Qarabağın işğalına birdəfəlik son qoyacağıq.

Bunun üçün də kimsədən icazə, razılıq almayacağıq. Bunun üçün də  gücümüz, qüdrətimiz, iradəmiz var.

Cənab Prezidentin də dediyi kimi, “Qarabağ Azərbaycanındır və nida işarəsi”.

Eldar İBRAHİMOV,

Milli Məclisin İntizam komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü

Etikxeber.az

Read Previous

“Ermənistan dünyaya qarşı çıxır, BMT-yə qarşı çıxır… Dünyaya qarşı çıxan dünya tərəfindən təcrid olunmalı və haqq-ədalət yoluna gətirilməlidir…”-SƏMƏD SEYİDOV

Read Next

Daha 108 yeni yoluxma-DAHA 2 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir