“Artıq çox gecdir: Çünki Azərbaycan xalqının Vətən uğrunda müqəddəs savaşı yarımçıq saxlamaq niyyəti yoxdur”-DEPUTAT

Bu gün Cənubi Qafqaz bütün dünyanın diqqət mərkəzindədir. Hər gün daha intensiv xarakter alan hərbi əməliyyatlar bölgəni əsl döyüş meydanına çevirib. Böyük siyasi iradə və gücə malik şanlı Ordumuzun bütün cəbhə boyu uğurlu hərbi əməliyyatlarının nəticəsi olaraq Ermənistanın qanunsuz hərbi birləşmələrinin ağır itkilərə məruz qaldığı artıq heç kəsə sirr deyil. Belə ki, son məlumatlara əsasən, Ermənistan tərəfi sayı minlərlə hesablanan canlı qüvvə, müxtəlif təyinatlı hərbi texnika itirib.

Azərbaycanın belə ağır və sarsıdıcı zərbə ilə cavab verəcəyini təsəvvürünə belə gətirməyən Paşinyanın həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin – ABŞ, Rusiya və Fransanın dəstəyinə olan ümidləri də özünü doğrultmadı. Onun hər zaman ənənəvi olaraq vərdiş etdiyi cəzasızlıq modeli bu dəfə köməyinə çatmadı. Prezident İlham Əliyevin “Ermənistanın Azərbaycana qarşı istənilən hərbi təxribatının qarşısı sərt şəkildə alınacaq” sözlərindən ilhamlanan Ordumuz, sözün əsl mənasında, erməniləri bütün cəbhə boyu cəzalandırmaqda davam edir.

Etikxeber.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

Deputat bildirib ki, bu gün dəyişən dünyamızın ən güclü istedadı belə yalanı həqiqətə çevirə bilməz.

“Ona görə də hərbi-psixoloji cəhətdən məğlub duruma düşən və əli hər yerdən üzülən Paşinyan hakimiyyətinin gücü yalnız hay-küy salmağa, özünün ənənəvi himayədarlarına yalvararaq şikayət etməyə çatır. Hər zaman atəşkəsi pozaraq sərhədlərimiz boyu təxribatlar törətməkdən qorxmayan ermənilər son günlər artıq məsələnin hərbi yolla həllinin olmamasının və “bəlkə də qaytardılar” xülyası fonunda hətta sülh danışıqlarının bərpasının vacibliyini qabartmaq məcburiyyətində qalıblar.

Ancaq artıq çox gecdir. Çünki Azərbaycan xalqının Vətən uğrunda müqəddəs savaşı yarımçıq saxlamaq niyyəti yoxdur. Əksinə, ölkəmiz hərbi əməliyyatları ərazi bütövlüyümüz tam bərpa olunana qədər davam etdirməkdə israrlıdır. Hərbi və siyasi meydanda fiaskoya uğrayan Paşinyan hakimiyyətindən fərqli olaraq, Azərbaycan cəmiyyətində münaqişənin sülh danışıqları yolu ilə nizamlanmasına inanan çox az adam tapılar. Buna görə də münaqişənin yeganə həlli yalnız BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı qəbul etdiyi dörd qətnaməsində nəzərdə tutulan – Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizi tamamilə və qeyd-şərtsiz tərk etdiyi zaman mümkündür.

Hərbi əməliyyatlar Ali Baş Komandanın milli maraqlara söykənən çıxışında haqlı olaraq və çox böyük qətiyyətlə qoyduğu “Ermənistan bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmalıdır” şərtinə əməl etdikdən sonra dayandırıla bilər. Azərbaycan xalqının artıq bu problemdən bezib. Azərbaycan gəncləri Vətəninin maraqlarını hər şeydən üstün tutduqlarını ifadə edərək, Ali Baş Komandanın qismən səfərbərlik çağırışına həvəslə qoşulur, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin binası qarşısında Vətən uğrunda ölməyə hazır olduqlarını bildirir və milli ordu sıralarına qoşulurlar.

Bütün Azərbaycanda ruh yüksəkliyi zəfərə doğrudur. Deputatı olduğum Göyçay və Ağdaş rayonlarında yüzlərlə igid övladımız hər gün ordu sıralarına qoşulmaq üçün sıraya düzülür. Bu, bir daha Azərbaycan gəncliyinin, Can Azərbaycanın ləyaqətli və vətənsevər igidlərinin müqəddəs bayrağımızın Qarabağın bütün bölgələrində daim dalğalanmasını görmək istəyinin təcəssümüdür”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

Düşmən bu dəfə Horadizi-ATƏŞƏ TUTDU…

Read Next

“Döyüş bayrağını qoruya bilməyən ordunun iki yolu var: Ya ərazimizi tərk etməlidir, ya da yerində məhv ediləcək…Qələbə bizimlədir!”-ANAR EYVAZOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir