Ordumuz lokal əks-terror tədbirləri keçirdiyi dövrdə yalnız dəqiq silahlarla legitim hərbi hədəfləri zərərsizləşdirilməsini həyata keçirib.
Etikxeber.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov lokal əks-terror tədbirləri keçirildiyi dövrlərdə tərk edilmiş və qeyri-qanuni erməni silahlı birləşmələrinə məxsus döyüş mövqelərindən birində jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycan Silahlı Qüvvələri 24 saatdan az bir müddətdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə həyata keçirib və nəticədə Ermənistan silahlı qüvvələrinin Qarabağ ərazisində olan qeyri-qanuni qalıqları ilə razılıq əldə olunub. Hazırda əsasən bu qeyri-qanuni birləşmələrin silahlarının təcrid edilməsi prosesi həyata keçirilir. Eyni zamanda, Azərbaycan Ordusu tərəfindən minalardan təmizlənmə prosesi davam edir”, – xidmət rəisi əlavə edib.
***
Hazırda Azərbaycan Silahlı Qüvvələri Rusiya sülhməramlı kontingenti ilə qarşılıqlı əlaqə və sıx əməkdaşlıqla silahların, döyüş sursatlarının qəbul edilməsi prosesini həyata keçirir.
Bunu da Anar Eyvazov jurnalistlərə açıqlamasında deyib.
“Artıq kifayət qədər döyüş sursatı, döyüş texnikası və silahlar təcrid edilib. Burada olduğumuz müddətdə sizi onların bir qismi ilə də tanış edəcəyik. Eyni zamanda, hazırda burada Azərbaycanda səfərdə olan atteşələrin, beynəlxalq təşkilatların nümayəndələri də iştirak edir. Onlar da sözügedən silah-sursat və hərbi texnika ilə tanış olacaqlar. Qeyd edim ki, silahlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən təhvil alınır”, – Anar Eyvazov qeyd edib.
Etikxeber.az