“Artıq nə ATƏT-ə, nə Minsk qrupuna, nə də həmsədrlərə ehtiyac var…”-ELDAR İBRAHİMOV YAZDI

Tarixi günlər, anlar yaşayırıq…

Hələ də 44 günlük İkinci Vətən Müharibəsinin, tarixi Qələbəmizin, Zəfərimizin, 10 dekabr “Zəfər paradı”nın təsiri altındayıq…

Çünki bu günləri 32 ildir səbrlə, dözümlə, təmkinlə gözləyir, bu günləri bir millət, bir dövlət olaraq Haqq edirdik…

Haqqımızı da aldıq, Haqqımıza da qovuşduq…

Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə və onun şanlı, rəşadətli Ordusu, İgid, Qəhrəman Azərbaycan Əsgəri bizə bu günləri, bu tarixi və sözlə ifadəsi mümkün olmayan tarixi anları bəxş etdi, Haqq etdiyimizə, Haqqımıza qovuşdurdu…

Məhz onların sayəsində 32 illik qanlı münaqişəyə, Qarabağ həsrətinə son qoyuldu, ərazi bütövlüyümüz, ölkəmizin suverenliyi bərqərar, təmin olundu…

Odur ki, həm Müzəffər Ali Baş Komandana, həm rəşadətli Azərbaycan Ordusu, həm də qanları, canları ilə vətəni Vətən edən Şəhidlərimizə, Qazilərimizə borclu və minnətdarıq.

Heç birinin haqqı heç nə ilə əvəz olunmaz!

Eşq olsun, Qalib Sərkədə, ölkə Prezidenti İlham Əliyevə, eşq olsun, İgid, Müzəffər Azərbaycan Ordusuna, yaşasın, Qəhrəman, Cəsur Azərbaycan Əsgəri!

Bəli, 44 günlük müharibə çox şeyləri dəyişdirdi, çox mətləblərin üzərinə işıq saldı, çox qaranlıqların üstündən sirr pərdəsini götürdü.

Sözdə deyil, əməldə gerçək dostu da, gerçək müttəfiqi də, ikili, üçlü oyun oynayanları da, düşməni də tanıtdı. Bir daha kimin kim, nəyin nə olduğu üzə çıxdı.

 Onsuz da çoxlarını çoxdan tanıyırdıq, bilirdik, amma bir daha tam əmin olduq.

Bu dövrdə yaşananlar, xüsusilə, beynəlxalq təşkilatların, o cümlədən, 28 ildir Ermənistan-Azərbaycan münaqişəsinin sülh, danışıqlar yolu ilə həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk konfransının-Minsk qrupunun, həmsədrlik funksiyasını yerinə yetirən həmsədrlərin əsl mahiyyətini bir daha ortaya qoydu.

Onların, daha çox da Minsk qrupunun qəti şəkildə öz mandatına, öz missiyasına uyğun davranmadığını, ondan qat-qat uzaq olduğunu açıqlığı ilə nümayiş etdirdi.

Bir daha hər kəsə, hər birimizə məlum oldu ki, bu qurumun, bu qrupun məqsədi heç də işğala, təcavüzə son qoymaq, işğalçı, terror dövləti (dövlət də demək mümkün deyil əslində) Ermənistanı işğaldan çəkindirmək, onu sülh məcbur etmək deyil. Onun məqsədi bu münaqişədən, onun illərlə uzanmasından sui-istifadə edib bu bölgədə təsir dairəsini genişləndirmək, xüsusilə, müstəqil siyasət kursu ilə seçilən Azərbaycana təzyiqlər göstərməkdir.

Əgər onlar həqiqətən öz həqiqi missiyalarına, mandatlarına uyğun davransaydılar, təzyiq, təsir rıçaqlarını, sanksiya mexanizmlərini işə salsaydılar, çoxdan bu qanlı münaqişəyə son qoyulmuş olardı. Hər birinin də buna kifayət qədər gücü və imkanı vardı.

Etmədilər, etmək istəmədilər, əksinə, təzyiq, təhdid yolunu tutdular, Azərbaycanı öz Haqq yolundan, öz Haqq savaşından, öz qətiyyətli, birmənalı mövqeyindən çəkindirmək istədilər, bunun üçün hər bir addıma  da getdilər.

Amma alınmadı, baş tutmadı, necə deyərlər, daş qayaya rast gəldi. Təzyiqlər, təhdidlər artdıqca, Azərbaycan daha da gücləndi, daha da qüdrətləndi, daha da əzmkar və inadkar oldu.

Heç bir təzyiqə, təhdidə, aldadıcı vədə boyun əymədi, inanmadı. Nəticədə də uduzan, rəzil duruma düşən özləri oldu. Artıq nə onların özlərinə, nə də mənasız missiyalarına, mandatlarına ehtiyac var.

44 günlük İkinci Vətən Müharibəsi təmas xəttini də, cəbhə xəttini də, status-kvonu da, statusu da, Dağlıq Qarabağ deyilən məhfumu da aradan qaldırdı, darmadağın etdi. Odur ki, artıq nə ATƏT-ə, nə onun başabəla Minsk qrupuna, nə də həmsədrlərə ehtiyacımız var. Biz özümüz üzərimizə, çiyinlərimizə düşəni də, hətta başqalarının etməli olduqlarını da özümüz etdik.

Yeri gəlmişkən, mən özüm uzun illər ATƏT strukturları yaxından təmasda, əlaqəli olmuşam. 1996-cı ildən 2015-ci iləcən, 20 il ərzində ATƏT-in Parlamentin Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü kimi fəaliyyət göstərmişəm, bu dönəmdə demək olar ki, onun hər bir toplantısında iştirak etmiş, mövqeyimi, ölkəmin mövqeyini səsləndirmişəm, dilə gətirmişəm.

Həmin müddətdə də şahidi oldum ki, bu qurum-btövlükdə ATƏT və onun strukturları nəinki münaqişənin ədalətli həllinə kömək etmək istəyir, əksinə, buna hər vəchlə mane olmağa, Ermənistana hər mənada arxa-dayaq olmağa çalışır. Yəni, məndə qəti əminlik yaranmışdı ki, bu qurumdan, ATƏT-dən bizə, münaqişənin ədalətli həllinə kömək edən olmaz.

Belə də oldu, həm ötən illər ərzində, həm İyul-Tovuz hadisələrində, həm də 44 günlük müharibə dönəmində ATƏT-in, Minsk qrupunun əsl məramı, mahiyyəti özünü bir daha ortaya qoydu. Onlar heç olmasa bu dönəmdə münaqişənin ədalətli həllinə çalışmaqdansa, təcavüzkarın, işğalçının yanında olmağa üstünlük verdilər. Xüsusilə də, ermənidən və Ermənistandan daha çox erməni və Ermənistanpərəst olan Fransa, onun prezidenti, Senatı, Milli Assambleyası. Və bununla da özlərinin iç üzlərini göstərdilər.

Bəli, qeyd etdiyim kimi, artıq nə ATƏT-ə, nə Minsk qrupuna, nə də həmsədrlərə ehtiyac var.

Bugünlərdə Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrləri ilə görüşündə ölkə Prezidentinin söylədiyi fikirlər bir daha ATƏT-ə verilən tarixi qiymət, dəyərləndirmə oldu. Dövlət başçısı dedi:

“Mən sözlərimi yekunlaşdırıram ki, sizi dinləyim, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz…”.

Hesab edirəm ki, artıq sözə, əlavə izahata da yer, ehtiyac qalmır.

Burada hər şey birmənalı özünün əksini tapıb və Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri

Etikxeber.az

Read Previous

Cəbrayılın Şıxalıağalı kəndindən videogörüntülər-YAYILDI…

Read Next

Deputatlar 18-də 16 məsələni müzakirə edəcək-VERGİ VƏ İNZİBATİ XƏTALAR MƏCƏLLƏLƏRİNƏ DƏYİŞİKLİK OLUNACAQ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir