Arxada qalan 30 il və yüksələn xətt üzrə inkişaf edən Azərbaycan-ABŞ münasibətləri-ELDAR İBRAHİMOV YAZDI

İkinci müstəqilliyinin 31-ci ilini yaşayan ölkəmiz ilk gündən bütün dövlətlərlə açıq siyasət həyata keçirib.

Heç bir ölkənin daxili işlərinə qarışmayıb və eyni zamanda, özünə qarşı belə bir münasibətin ortaya qoyulmasını istəyib, tələb edib.

Bütün dövlətlərlə, xüsusilə, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşan ölkələrlə əməkadşlığa və qarşlıqlı anlaşmaya üstünlük verib.

Son 31 ildə Azərbaycanın əməkdaşlıq, tərəfdaşlıq etdiyi dövlətlərdən biri də heç şübhəsiz ki, Amerika Birləşmiş Ştatlarıdır.

İstər Azərbaycan, istərsə də ABŞ ölkəmizin müstəqliyinin ilk dönəmlərindən diplomatik münasibətlərə malik olub, bir-birində səfirliklərini açıblar.

Eyni zamanda, enerji təhlükəsizliyi məsələsində Azərbaycanla ABŞ arasında çox mühüm əməkdaşlıq və tərəfdaşlıq münasibətləri mövcuddur.

“Əsrin müqaviləsi” bunun əyani və bariz nümunəsidir.

Bugünlərdə ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidenti cənab İlham Əliyevə ünvanladığı məktub da iki ölkə arasında münasibətlərin hansı yüksək səviyyədə olmasından xəbər verir.

Məktubunda “Hörmətli cənab Prezident, Sizə və Azərbaycan xalqına sevincli və firavan Novruz bayramı arzulayıram. Bu yenilənmə zamanı əməkdaşlığımızı və sülhə sadiqliyimizi yenidən təsdiqləmək üçün bir imkandır”-deyə, qeyd edən ABŞ Prezidenti xatırladıb ki, bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyidir.

Və bu ildönümü qeyd edildiyi bir zamanda ABŞ Administrasiyası Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcək.

Sonra “Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”-deyən ABŞ Prezidenti bir daha özünün və ölkəsinin Azərbaycanla əməkdaşlığa, tərəfdaşlığa bundan sonra da önəm verdiyini və verəcəyini açıq, birmənalı şəkildə ortaya qoyub.

Bunun özü də heç şübhəsiz ki, hər gün qaynar qazan kimi qaynayan dünyamızda sülhün, təhlükəsizliyin təmin edilməsinə mühüm töhfələrdən sayıla bilər.

Bəli, dünyada dinclik, əmin-amanlıq, təhlükəsizlik üçün əməkdaşlıq və tərəfdaşlıqdan, qarşılıqlı anlaşmadan başqa alternativ yoxdur və ola da bilməz.

Çox sevindirici və əlamətdar haldır ki, ölkəmiz də daim məhz bu istiqamətdə öz siyasətini həyata keçirib və bu, onun tərəfdaşları tərəfindən də qiymətləndirilir, dəyərləndirilir.

Azərbaycan Prezidentinin ABŞ Prezidentinə ünvanladığı məktubda da qeyd olunduğu kimi, ötən otuz ildə ölkələrimiz arasında uğurlu ikitərəfli münasibətlər formalaşıb.

Bu dövr ərzində çoxşaxəli səmərəli fəaliyyətimiz qarşılıqlı investisiya yatırımı, ölkənizi təmsil edən yüzlərlə şirkətin Azərbaycanın iqtisadi həyatında fəal iştirakı ilə müşayiət olunub.

“Novruz bayramı münasibətilə təbrik məktubunuza və xoş sözlərinizə görə Sizə təşəkkürümü bildirirəm. Sizin də qeyd etdiyiniz kimi, bu il biz Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əlamətdar ildönümünü – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu hadisə ilə əlaqədar Sizi təbrik edir, dost Amerika xalqına ən səmimi arzularımı çatdırıram”-deyə, bəyan edən Azərbaycan Prezidenti qeyd edib ki, Azərbaycan ilə Birləşmiş Ştatların ikitərəfli müstəvidə olduğu kimi, çoxtərəfli əsasda da vacib məsələlərin həlli istiqamətində birgə fəaliyyəti təqdirəlayiqdir.

Bu baxımdan enerji təhlükəsizliyi, beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizə tərəfdaşlığımızı səciyyələndirən aparıcı sahələr sırasındadır.

Xüsusilə, qlobal enerji təhlükəsizliyinin təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edən Xəzər dənizinin Azərbaycan sektorunda zəngin enerji ehtiyatlarının işlənməsi və dünya bazarlarına nəqli, irimiqyaslı transmilli enerji layihələrinin reallaşması sahəsində ABŞ-ın göstərdiyi ardıcıl dəstəyi yüksək qiymətləndiririk.

Bununla yanaşı, Azərbaycan beynəlxalq terrorizm və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə də Birləşmiş Ştatlarla bir sırada yer almış, etibarlı tərəfdaş olduğunu sübut edib.

Məktubda da deyildiyi kimi, ölkəmizin NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyası çərçivəsində sona qədər ABŞ-la sıx işbirliyi beynəlxalq sülh və təhlükəsizliyə verdiyimiz töhfənin bariz təzahürüdür.

“Bu gün Azərbaycan Respublikası xalqın iradəsi və maraqları əsasında müstəqil siyasət yürüdən dövlətdir. Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi ilə Ermənistanın Azərbaycana qarşı otuz ilə yaxın davam edən hərbi təcavüzünə son qoyulmuş və ölkəmiz 30 ilə yaxın müddət ərzində icra edilməmiş vəziyyətdə qalmış BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etmişdir”-deyərək, Azərbaycan Prezidenti onu da bildirib ki, biz sülhün tərəfdarı olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental baza prinsipləri əsasında Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq.

O cümlədən, gələcəyə köklənmiş baxış əsasında ABŞ-ın Azərbaycanın sülh gündəliyini dəstəkləyəcəyinə ümidvarıq.

Eyni zamanda, hər kəsə məlumdur ki, işğaldan azad edilmiş torpaqlarımızda postmünaqişə dövründə bərpa və yenidənqurma işləri həyata keçirilir və biz ABŞ-dan olan şirkətlərin də bu prosesdə iştirakını görməkdən məmnun olardıq.

Ona görə inanırıq ki, dost və tərəfdaş olaraq bütün sahələrdə ölkələrimizin maraqları və xalqlarımızın rifahı naminə əhəmiyyətli potensiala malik əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bəli, qazanan, udan ölkələrimiz və xalqlarımız olacaq.

Udan və qazanan bizlər olacağıq.

Bu günə kimi belə olub və bundan sonra da belə olacaq, Azərbaycan-ABŞ münasibətləri daim yüksələn xətt üzrə inkişaf edib və edəcək.

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, iqtisad elmləri doktoru, professor

Etikxeber.az

Read Previous

Sabah hava necə-OLACAQ?

Read Next

41 yeni yoluxma-4 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir