Arzu Nağıyev “TƏBİB”-dən narazılıq etdi-MƏLAHƏT İBRAHİMQIZI HƏKİMLƏRLƏ BAĞLI MƏSƏLƏDƏN DANIŞDI, TƏKLİF ETDİ Kİ…-YENİLƏNİB

Tovuzda Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində zərər dəymiş 36 evin bərpa və təmiri ilə bağlı Fövqəladə Hallar Nazirliyi və digər qurumlar iş aparır. Bu qurumlara təşəkkür edirəm.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclasında millət vəkili Arzu Nağıyev bildirib.

A. Nağıyev Tovuz, Gədəbəy kimi sərhədyanı zonalarda kommunal xərclərin yarıbayarı azaldılmasının vacib olduğunu bildirib:

“Bu məsələyə parlamentdə də baxılması yaxşı olardı. Bu bölgələrdən miqrasiya prosesinin tənzimlənməsi üçün belə addımın atılması yaxşı olar”.

Millət vəkili implant məsələsinin də aktual olduğunu söyləyib:

“TƏBİB yaranana qədər hər il 600-ə qədər insan pulsuz implant əməliyyatı ilə təmin edilirdi. Bunlardan 150-si diz implantı idi. TƏBİB yaranandan sonra bil əməliyyat belə aparılmayıb. Bununla bağlı da TƏBİB rəhbərliyi dəvət olunmaqla, müzakirələr keçirilməsi vacibdir”.

Komitə sədri Musa Quliyev isə MMM-in Səhiyyə və Əmək və sosial siyasət komitəsinin, Səhiyyə Nazirliyinin və müvafiq qurumların iştirakı ilə dinləmələr keçirilə biləcəyini söyləyib.

“Bir çox problem icbari sığorta sistemi çərçivəsində həll olunacaqdı. Bura ürək əməliyyatlarının pulsuz həyata keçirilməsi və bu gün burada qaldırılan digər məsələlər daxildir”.

Bunu isə millət vəkili Soltan Məmmədov bildirib.

S. Məmmədov deyib ki, icbari sığorta ilə bağlı pilot layihələr həyata keçirilirdi, icbari tibbi sığortanın mərhələli tətbiqi nəzərdə tutulmuşdu: “Sadəcə, pandemiya dövrü bir sıra problemlərin yaranmasına səbəb olub:

“Bununla bağlı dinləmələr də təşkil edilə bilər. İcbari Tibbi Sığorta Agentliyi uğurla fəaliyyət göstərir, TƏBİB də bu qurumun tərkibinə daxildir”.

***

“Əlilliyin təyin edilməsi məsələsi ilə bağlı Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, müvafiq qurumlar birgə treninq təşkil etsə, bu sahədə problemlər aradan qalıxar”.

Bunu da öz növbəsində Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədrinin müavini Məlahət İbrahimqızı bildirib.

M. İbrahimqızı deyib ki, pandemiya dövründə tibb işçiləri qəhrəmanlıq göstəriblər, ön cəbhədədirlər:

“Dünyasını dəyişən tibb işçiləri də var. Ancaq bir neçə baş həkim dedi ki, pandemiya başlayanda bəzi tibb işçiləri ərizə verərək işdən çıxıblar. Arqumentləri də bu olub ki, virusu evə aparmaq istəmirlər. İndi isə həmin tibb işçiləri geri qayıtmaq istəyirlər, çünki pandemiya səngiyib. Ön cəbhədən qaçanların yenidən işə bərpa olunması nə dərəcədə düzgündür? Baş həkimlər xahiş edirlər ki, Əmək Məcəlləsinə dəyişiklik edilsin, o həkimlər heç özəl xəstəxanalarda da işə götürülməsin”.

Millət vəkili ehtiyacı olan xüsusi kateqoriya şəxslərə dövlət hesabına ev verilməsi ilə bağlı rayon icra hakimiyyətlərindəki komissiyalara millət vəkillərinin də daxil edilməsini də təklif edib:

“Bizə müraciət edən insanlar var ki, illərdir növbədədir, ancaq növbə dəyişmir. Mən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini ilə də əlaqə saxlamışam. Məlum olur ki, bu məsələ ilə rayon icra hakimiyyətlərində yaradılan komissiyalar məşğul olur. Mən deputatların da o komissiyalara daxil edilməsini təklif edirəm. Millət vəkili kimi bu işlərə də vaxt ayıraq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Musa Quliyevin “komitəsi”-PAYIZ SESSİYASI İLƏ BAĞLI İLK İCLASINA TOPLAŞDI, KOMİTƏ SƏDRİ BİR SIRA VACİB MƏSƏLƏLƏRƏ TOXUNDU…- YENİLƏNİB – (3)

Read Next

Ötən ilin noyabrın 1-ə qədər 80-ə qədər uşaq əcnəbilər tərəfindən övladlığa götürülüb…- RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir