Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva paytaxtın Sabunçu rayonunda 260 saylı, Binəqədi rayonunda 141 saylı körpələr evi-uşaq bağçalarının açılışlarında, həmçinin valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Heydər Əliyev Fondunun “Dalğa Beach” istirahət mərkəzində təşkil etdiyi növbəti əyləncə və istirahət proqramında iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva əvvəlcə paytaxtın Sabunçu rayonunda 260 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.
Bu körpələr evi-uşaq bağçası 1937-ci ildən fəaliyyət göstərir. Bağçanın köhnə binası ötən ilin noyabrında sökülüb, yerində Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa olunub. Yeni bina 140 yerlik olmaqla, 7 qrupdan, musiqi-idman zalından, mətbəx, tibb otağı, camaşırxana və digər köməkçi otaqlardan ibarətdir. Bağça zəruri inventarla, mebel dəstləri ilə təchiz edilib. Ümumi sahəsi 2000 kvadratmetrdən çox olan bina havalandırma və yanğından mühafizə sistemləri ilə təchiz edilib.
Gələcəyimiz olan uşaqların xoşbəxt böyümələri, onların həm fiziki, həm də mənəvi cəhətdən sağlam olmaları işinə Azərbaycan dövləti xüsusi diqqət göstərir. Dövlət səviyyəsində bu istiqamətdə icra olunan layihələrə Heydər Əliyev Fondunun töhfələri də böyük əhəmiyyətə malikdir. Fondun təşəbbüsü və dəstəyi ilə indiyədək paytaxtla yanaşı, bölgələrimizdə də çoxsaylı körpələr evi-uşaq bağçası inşa edilib, təmirə ehtiyacı olanlar isə müasir səviyyədə yenidən qurulub.
260 saylı körpələr evi-uşaq bağçasının ərazisində geniş abadlıq-quruculuq işləri aparılıb, uşaqların asudə vaxtının səmərəli təşkili üçün müvafiq şərait yaradılıb.
***
Sonra Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva paytaxtın Binəqədi rayonundakı 141 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.
Körpələr evi-uşaq bağçası üçün bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilib. Bina bağça kimi 1980-ci ildə ilk dəfə fəaliyyətə başlayıb və indiyədək təmir edilməmişdi. Beş min kvadratmetrdən çox ərazisi olan 3 korpusdan ibarət körpələr evi-uşaq bağçası təmirdən əvvəl 8 qrupda 150 uşağa xidmət göstərirdi. Yeni binada isə 210 yerlik körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Burada komplektləşdirilmiş qrup otaqları, mətbəx və yeməkxana, idman və musiqi zalları və digər otaqlar var. İkimərtəbəli məktəbəqədər təhsil müəssisəsinin otaqları və dəhlizləri uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib, qrup otaqları zəruri inventarlarla, mebel dəstləri ilə təchiz edilib. Məktəbəqədər təhsil müəssisəsində yeddisı Azərbaycan, dördü isə rusdilli bölmə olmaqla, ümumilikdə, 11 qrup fəaliyyət göstərəcək. Körpələr evi-uşaq bağçasında 2 yaşdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə 42 nəfərdən ibarət peşəkar heyət məşğul olacaq. Bağçanın ərazisində abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb. Burada balacaların istirahəti üçün oyun və idman avadanlıqları da var. Bir sözlə, bu müəssisədə uşaqların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək, həmçinin onların bacarıq və istedadlarını aşkara çıxarmaq üçün hərtərəfli lazımi şərait yaradılıb.
***
“Dalğa Beach” istirahət mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan tədbirə xüsusi avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları qarşılayıblar.
Nizami, Suraxanı, Xətai rayonlarının uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və 11 saylı inteqrasiya təlimli internat məktəbinin sakinləri bu məkanda unudulmaz anlar yaşayıblar.
Şənliyə Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva da qoşulublar.
Balacalara xas olan hədsiz səmimiyyət və sevinclə əylənən uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif oyunlarda, attraksionlarda iştirak etdilər, isti yay günündə hovuzda üzdülər, onlar üçün hazırlanmış müxtəlif əyləncəli proqramlarla maraqlı vaxt keçirdilər, ətrafdakılarla sevinclərini bölüşüblər.
Xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu növbəti dəfə balacalara unudulmaz anlar yaşatdı. Hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.
Şənlikdə, ümumilikdə, 200-dən çox uşaq iştirak edib.
***
Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində olublar.
Birinci vitse-prezident Mehriban Əliyeva əvvəlcə burada sağlamlığı məhdud insanların yaşayışı ilə maraqlanıb, onlarla söhbət edib.
Müəssisə sakinləri ilə görüşdə ahıl insanlar dövlətin onlara diqqət və qayğısından razılıqlarını bildiriblər, rahat yaşamaları üçün hər cür şəraitin yaradıldığını vurğulayıblar.
Qeyd olunub ki, müəssisənin sakinləri arasında yaradıcı insanlar, müxtəlif sənət sahibləri var. Burada yaşayan ahıllar müxtəlif səhiyyə ocaqlarında müayinə edilir, onlar üçün mütəmadi olaraq konsertlər, bayram şənlikləri təşkil olunur.
Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 235 nəfər yaşayır.
Azərbaycan dövləti tərəfindən yaşlı nəslə xüsusi diqqət və qayğı göstərilir. Dövlətimiz onların ən böyük himayəçisidir. Ahılların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması məqsədilə ölkəmizdə davamlı tədbirlər həyata keçirilir.
***
Həmçinin, Heydər Əliyev Mərkəzində bir qrup məcburi köçkünün iştirakı ilə tədbir keçirilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib və ad gününü onlarla birlikdə qeyd edib.
“Burada toplaşanların bir arzusu var – ərazi bütövlüyümüzün tezliklə bərpası”. Bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.
Komitə sədri ölkəmizdə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb.
Sonra konsert proqramı təqdim edilib.
Tədbirə Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva da gəlibər.
Əvvəlcə tədbir çərçivəsində təşkil edilən sərgi ilə tanışlıq olub.
Tədbirdə Xocavənd, Şuşa, Ağdam, Füzuli rayonlarının təmsilçilərinin, “Şuşanın dağları” ansamblının ifaları səslənib
Məcburi köçkünlər qarşısında çıxış edən Birinci vitse-prezident Mehriban ƏLİYEVA deyib.
-Məni bugünkü məclisə dəvət etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.
Bu gün ad günümdə sizinlə bərabər olmaq, doğma insanların əhatəsində olmaq mənim üçün çox xoşdur.
Əminəm ki, sizin hər birinizin qəlbində yaşayan arzu hər bir azərbaycanlının ən müqəddəs arzusudur – torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Qarabağ torpağında Azərbaycanın üçrəngli bayrağının dalğalanması.
Mən sizin hər birinizə dərin hörmətimi, minnətdarlığımı və məhəbbətimi çatdırıram. Bu gün sizə cənab Prezidentin böyük hörmətini və məhəbbətini çatdırıram. Bildiyiniz kimi, uzun illərdir ki, məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılması dövlətimizin ən prioritet məsələlərindən biridir. Bu illər ərzində bu sahədə çox işlər görülüb. Məcburi köçkünlərin, bizim əziz soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması, onların işlə təmin olunması, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi Azərbaycan dövlətinin borcudur. Azərbaycan dövləti bu yolda çox böyük nailiyyətlər əldə edib.
Altmış minə yaxın soydaşımız yeni mənzillərlə təmin olunub. Ötən il 5900 qaçqın və məcburi köçkün ailəsi yeni evlərlə təmin edilib. Bu il 6 minə yaxın yeni mənzil istifadəyə veriləcək. “Qobu Park-2” yaşayış qəsəbəsində işlər bu yaxınlarda tamamlanacaq və yenə də 1300 məcburi köçkün ailəsinin yaşayış şəraiti yaxşılaşacaq. Amma bu, müvəqqətidir. Çünki bir daha deyirəm, bizim arzumuz başqadır. Bizim vahid arzumuz Qarabağ şikəstəsini Qarabağ torpağında birlikdə eşitməkdir.
Mən əminəm ki, Prezidentimizin, dövlətimizin qəti siyasəti və mövqeyi, Allahın köməyi ilə biz buna nail olacağıq. Çox sağ olun.
Sonra xatirə şəkli çəkdirilib.
Məcburi köçkünlər Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edərək ən xoş arzularını çatdırıblar. Onlar dövlətin, o cümlədən Birinci vitse-prezidentin qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərə görə minnətdarlıqlarını bildiriblər, Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıblar.
Birinci vitse-prezidentə “Şuşanın qalası” rəsm əsəri hədiyyə edilib.
Mehriban Əliyeva hər zaman qaçqınların və məcburi köçkünlərin diqqətini hiss etdiyini deyərək, bundan sonra da dövlətin onların yanında olacağını vurğulayıb.
Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin salınmış 1 milyondan çox soydaşımızın bütün qayğıları, sosial problemləri, münaqişənin siyasi cəhətdən həlli Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir, bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir.
Onlar üçün müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınır, qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraiti yaxşılaşdırılır, məşğulluqlarının təmin olunması üçün xüsusi dövlət proqramları qəbul edilib və uğurla həyata keçirilir.
Mehriban Əliyevanın Birinci vitse-prezident kimi keçirdiyi ilk müşavirə də Bakı və Sumqayıt şəhərlərində qəzalı və yararsız binalarda yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi məsələsinə həsr edilmişdi və bununla bağlı ciddi tədbirlər görülüb.





Etikxeber.az





