“Asan deyil…”-ADİL ƏLİYEVİN YAZISI

Dünya koronavirusla mübarizəni davam etdirir.

Asan deyil.

Bəzi dövlətlərdə koronavirusun yayılması azalır, bəzilərində isə əksinə artır. Təəssüf ki, bu mübarizədə bəzi qüsurlar da ortaya çıxdı, tibbi ləvazimatlar oğurlandı, qarşılıqlı ittihamlar çoxaldı və s.

Azərbaycan dövləti hər zaman olduğu kimi müsbət nümunələrlə yadda qaldı. Bəzi ölkələrə tibbi ləvazimatlar göndərildi, qonşu İrana 5 milyon ABŞ dolları civarında yardım edildi. Türk Şurasına üzv dövlətlərin Videokonfransının keçirilməsi təşəbbüsü də Azərbaycan Prezidenti İlham Əliyevə məxsus idi. Bu da müsbət nümunə idi.

İndiki durumda ölkə liderlərinın müzakirələri davam etdirməsi və yardımlaşmaya hazır olmaları həmin dövlətlərdə yaşayan insanlar üçün psixoloji baxımdan olduqca vacibdir. Pandemiya bitəcək, hansı dövlətin özünü necə aparması isə yaddaşlara həkk olacaq. Həyat davam edir, insanlar gələcəyə ümidlə baxmalıdırlar.

Koronavirusla mübarizə ilə yanaşı, gündəlik məsələlər də həll olunmalıdır, yollar çəkilməli, təsərrüfatlarda toxum səpinləri aparılmalı, zəruri inşaat işləri davam etdirilməlidir. Bu mənada Azərbaycan dövləti həm koronavirusla mübarizəni uğurla davam etdirir, həm insanları yoluxmadan qorumaq üçün tədbirlərini gücləndirir, eyni zamanda iqtisadiyyatı ayaqda tutur, sosial problemlərinin həlliylə məşğuldur. Təsadüfi deyil ki, dövlət başçısının rayon və qəsəbələrin problemlərinin həllinə yönəlik qərarlarına ara verilmir.

Ulu öndərin şərəfli adını daşıyan Heydər Əliyev Mərkəzi də koronavirusla mübarizədə ön çərgədədir. Mərkəzin əməkdaşları həm insanlara yardım edir, həm qanvermə aksiyasına qatılır, həm də koronavurisla üzləşən dövlətlərə mənəvi dəstəklərini nümayiş etdirirlər. Aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur.

Bununla Heydər Əliyev Mərkəzi koronavirusun geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. İndiyədək koronavirusun geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya və İspaniyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.

Aprelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olundu. Türkiyə mətbuatı bu hadisəni geniş işıqlandırdı, qardaş ölkənin xarici işlər naziri Mövlüd Çavuşoğlu sosial şəbəkədə paylaşım edərək “Tək millət, tək ürək, Türkiyə, Azәrbaycan! Birlikdə öhdəsindən gələcəyik” cümləsini yazdı.

Əlbəttə¸ öhdəsindən gələcəyik! Türk birliyini gücləndirmək üçün bizi qarşıda hələ böyük işlər gözləyir. Azərbaycan və Türkiyə prezidentlərinin Türk Şurasının son Videokonfransında çıxışlarının əsas qayəsini də məhz türkdilli dövlətlər arasında inteqrasiyanın gücləndirilməsi təşkil edirdi. Azərbaycanın Türkiyə ilə birgə reallaşdırdığı regional layihələrin Mərkəzi Asiyadakı digər qardaş dövlətlərə qədər uzanması bundan xəbər verir.

Qardaşlığın daha bir nümunəsi Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur Atakule qülləsinin Azərbaycan bayrağı ilə işıqlandırılması oldu. İşıqlandırma Türkiyə televiziyaları tərəfindən canlı nümayiş edildi.

Heydər Əliyev Mərkəzinin binasında olduğu kimi Atakule qülləsindəki mənzərə də möhtəşəm idi.

İşıqlandırma prosesində qüllənin zirvəsində ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət!” ifadəsinin, onun ardınca isə “Can Azərbaycana sevgilərlə” şüarı üç rəngli bayrağımızın rəngləri fonunda hərəkətdə olması birliyimizin dönməz olduğunun və həmrəyliyimizin nümunəsi idi.

Adil ƏLİYEV,

Milli Məclis Sədrinin müavini

Etikxeber.az

Read Previous

MM-in komitə sədri seçicilərilə-DANIŞDI, BİR ÇOXUNUN PROBLEMİNİ HƏLL ETDİ…

Read Next

“Çətin bir dönəmdən keçdiyimiz bir zamanda…”-PƏRVİN KƏRİMZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir