“AŞPA Ermənistana buna son vermək üçün təzyiq göstərməlidir” – PAŞAYEVA

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında “Suriyada vəziyyət və onun qonşu ölkələrə təsirləri” hesabatı çərçivəsində aparılan cari müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Avropanın köçkünlərə, miqrantlara münasibətini kəskin tənqid edib.

Etikxeber.az-ın məlumatına görə, o,  bildirib ki, buna son qoyulmalı, bu insanlara daha çox dəstək göstərilməlidir.

“Bir neçə dəfə jurnalist olaraq Suriyada olan və bu yaxınlarda Türkiyə və İordaniyada Suriyadan olan köçkünlərlə görüşən bir şəxs kimi demək istəyirəm ki, bu insanlıq faciəsi davam edir və o insanlar sizdən daha çox dəstək gözləyirlər. Biz bir neçə dəfə burada Suriyada yaşanan faciələri və onun qonşu bölgələrə və Avropaya təsirlərini müzakirə etmişik. Mən də həmkarlarımın fikrini bölüşürəm. İnsanları köçkün salan səbəblərlə mübarizə aparmaq və köçkünlərə Avropa təşkilatlarının və ölkələrinin dəstəyini artırmaq lazımdır. Əks halda faciələr daha da böyüyəcək” – deyə, Q.Paşayeva diqqətə çatdırıb.

Deputat qeyd edib ki, Suriyadan köçkün düşmüş türkmənlərlə, soydaşlarımızla bağlı məsələni də AŞPA-da qaldıraraq onların səsini duymağa çağırıb və Azərbaycan dövlətinin məcburi köçkünlərlə bağlı məsələlərə hər zaman həssas yanaşdığını vurğulayıb:

“Bir müddət əvvəl Suriyadan köçkün düşmüş türkmənlər, bizim soydaşlarımız bizimlə görüş zamanı onların istəklərini buradan səsləndirməyimizi istədilər. Çox böyük əziyyətlər yaşayan türkmən köçkünlər Parlament Assambleyasını onların yaşadığı faciələrə daha çox diqqət ayırmağa çağırır və onların həllində daha çox dəstək gözlədiklərini söyləyirlər. Suriyadan köçkün düşmüş bütün insanlar da bu çağırışı səsləndirirlər. Biz onların səsini duymalı və dəstəyimizi artırmalıyıq”.

Q.Paşayeva Avropanı terrorla mübarizədə, köçkünlərlə bağlı məsələlərdə ikili standartlardan əl çəkməyə çağırıb və Türkiyəyə daha çox dəstək göstərilməsinin vacibliyini vurğulayıb:

“Biz Yaxın Şərqdə baş verən prosesləri daha geniş müzakirə etməliyik. Çünki artıq Avropa Şurası sərhədləri yaxınlığında baş verən ağır faciələr mütləq öz mənfi təsirini hamımıza, bütün Avropanın təhlükəsizliyinə daha çox göstərəcək. Biz son aylar artan terror hadisələri ilə bunun şahidi oluruq. Suriya ilə böyük sərhədləri olan və bu ölkədən köçkün düşmüş 3 milyondan artıq insana qapılarını açmış üzv ölkə Türkiyəyə də AŞPA olaraq dəstəyimizi daha da artmalıyıq. Bu dəstəyin hələ də yetərli olmadığını görürük. Terrorla mübarizədə də Türkiyəyə dəstək artmalıdır. Eyni zamanda, Avropanın müxtəlif ölkələrinə üz tutan köçkünlərə münasibətdə daha həssas münasibətin göstərilməsi vacibdir. Bəzən xoşagəlməz münasibətlərin şahidi oluruq ki, onlara da yol verilməməlidir”.

Deputat Ermənistan hökumətinin Suriyadan köçkün düşmüş erməniləri öz çirkin oyunlarına alət etdiyini söyləyib və buna son qoyulması üçün AŞPA-nı Ermənistana təzyiq göstərməyə çağırıb: “Suriyada yaşanan faciələrdən qaçmaq məcburiyyətində qalan insanlara etnik və dini mənsubiyyətindən asılı olmayaraq dəstək göstərmək bütün üzv ölkələr üçün vacibdir. Amma onlardan hər hansı çirkin siyasi oyunlar üçün istifadə etmək doğru deyil və bu, beynəlxalq sənədlərdə də öz əksini tapır. Bu da doğru yanaşma deyil”.

Deputat Suriyadan qaçmaq məcburiyyətində qalan ermənilərin rəsmi İrəvan tərəfindən Ermənistanda deyil, işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirilməsinin ATƏT-in faktaraşdırıcı missiyasının çağırışlarına zidd olduğunu diqqətə çatdırıb və buna son qoyulmasının vacibliyini vurğulayıb. Bildirib ki, Ermənistan dövləti onları Ermənistanın bölgələrinə deyil, məhz işğal etdikləri Azərbaycan torpaqlarında yerləşdirməklə onlara zərər vurmaqla yanaşı, AŞPA-nın da üzərində dayandığı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə böyük zərər vurur:

“Assambleyamızda bir neçə dəfə Avropa Şurasının baş katibi, AŞPA prezidenti tərəfindən də münaqişənin sülh yolu ilə həlli prosesinə zərbə vuran, vəziyyətin daha da gərginləşdirilməsinə səbəb olan addımların atılmaması çağırışları edilib. Biz Ermənistanı bu çağırışlara əməl etməyə çağırır və Suriya qaçqınlarının Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsinə son qoymağa və məruzəçimizi bu məsələyə də xüsusi diqqət verməyə çağırırıq. AŞPA Ermənistana buna son vermək üçün təzyiq göstərməlidir”.

Etikxeber.az

Read Previous

Azərbaycan-Mərakeş hökumətlərarası müştərək komissiyasının ilk iclası keçiriləcək

Read Next

Komitə sədri: “Sağlam tənqidlə təhqirin bir-birinə qarışdırılmamasını istəyirik…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir