Lənkəranlı Şəhidimiz Əli Mehdizadə və Astaralı Qazimiz Məlik Məlikovun ocağında…VƏTƏN YOLUNDA SAĞLAMLIĞINDAN KEÇMİŞ QAZİ MƏLİK MƏLİKOV VƏ AİLƏSİNİN “GÜNAHI” NƏDİR? ONLAR İLLƏRDİR NİYƏ BELƏ “EV”DƏ YAŞAMAĞA MƏHKUM EDİLİBLƏR? ASTARA RAYON RƏHBƏRLİYİ, “YAŞAT”, ƏƏSMN HARA, NƏYƏ BAXIR? – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün yolumuz, ziyarətimiz Cənub bölgələrimizdən olan Astara və Lənkəranadır…

Bu, son bir ildə, ümumiyyətlə, Astara rayonuna ikinci səfərim, ziyarətimdir…

Lənkərana isə son bir ildə üçüncü səfərim, ziyarətimdir…

Ötən il təxminən bu vaxtlar Astaralı Şəhidimiz, ailənin tək və subay övladı Kamran Seyfullazadənin ailəsini, ocağını, məzarını ziyarət etmişdim Kürdəmirli və Mingəçevirli Şəhid ailələri, Şəhid anaları ilə…

Eyni zamanda, Lənkəranda evin-ailənin tək övladı Həsənağa Abdullazadənin adını daşıyan “Şəhid bulağı”nın açılışında və Şirinsu kəndinin İkinci Vətən Müharibəsi Şəhidi Əmrah Cəfərlinin Cənnətdəki ikinci doğum günü mərasimində iştirak etmişdim…

Bu dəfə isə çox hörmət və ehtiram bəslədiyim ziyalı-xeyriyyəçi xanım olan Arzu xanımın təşəbbüsü və təşkilatçılığı ilə Astara Lənkərana Şəhid ailəsini, Qazilərimizi, Qazi ailələrini ziyarətə gəlmişəm…

Daha doğrusu, mənimlə birgə Arzu xanım və daha iki xanım-Qazi Sevgilim xanım və jurnalist Fərqanə xanım bu səfərdə, ziyarətdə iştirak edir…

Ziyarətimiz öncə çox çətin durumda yaşayan Qazimizin, Astaranın, Səlivə kəndinin İkinci Vətən Müharibəsi iştirakçısı, Vətən sevdalısı, ailənin 3 övladından biri, 26 yaşlı Məlik Nəhmət oğlu Məlikovun evindən, ocağından başlayır…

Buna da əgər “ev” demək mümkündürsə…

22 ildir ev adına daxma, kümə…

Ondan da daha betər…

Heç də təəccüblənmədim, qardaşlarımız demişkən, şaşırmadım…

Çünki əksər Qazilər və Nur üzlü Şəhidlərimiz məhz belə “ev”lərdə böyüyüb, belə “ev”lərdən, kasıb ailələrdən Vətənin keşiyinə yollanıblar-ürəklə, gözüyumulu…

Onları ancaq və ancaq Vətən, Torpaq…düşündürüb…

Bəli, Qazimiz Məlik də belə Oğullardan, İgidlərdən, Vətən sevdalılarındandır…

Çox çətin, zor şərtlər altında böyüyüb boya-başa çatıb və Vətənin keşiyinə, Qarabağ azad olunması uğrunda mübarizəyə, savaşa qatılıb…

Sentyabrın 21-də səfərbərliyə cəlb olunan Məlik Füzuli və Xocavənd istiqamətlərində döyüşüb…

Digər Vətən sevdalıları kimi, döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb…

Xəsarətlər, ağır kəllə-beyin travması alıb, amma yenə də yoluna davam edib, “Vətən, Qarabağ!”-deyib…

Müharibədən sonra da bir ay 21 gün Xocavənddə olub və dekabrın 31-də təxris olunub, ailəsinə dönüb..

İgidliyinə, Qəhrəmanlığına görə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub…

Ancaq çox təəssüflər olsun ki, o da diqqətdən, qayğıdan kənarda qalan Qazilərimizdən, Vətən sevdalılarımızdandır…

Laqeydlik, biganəliklə, vicdansızlıqla üzləşənlərimizdəndir…

Qeyd etdiyim kimi, 22 ildir yaşadığı “ev”in halı, ailəsinin vəziyyəti, durumu da gözlər önündədir…

Sözün bitdiyi, utandığı, xəcalət çəkdiyi yerdir…

Görünən kəndə də bələdçi lazım deyil…

Üzücü, utancverici bir durum…

Aidiyyyatı qurum və şəxslərin növbəti məsuliyyətsizliyi, növbəti biganəliyi, növbəti saymazyanalığı, növbəti utancverici hərəkəti, növbəti rəzaləti…

Astara rayon rəhbərliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “YAŞAT” Fondu aylardır nəyə, hara baxıb, nəyə, hara baxır?

İşlərinin, güclərinin adı nə olub, adı nədir?

Niyə maraqlanmayıblar, maraqlanmırlar bu ailə, Qazimizin ailəsi ilə?…

Və tezliklə bu vəziyyətə, bu rəzalətə son qoyulmalı, Qazimizə və onun ailəsinə Haqq etdiyi münasibət göstərilməlidir…

Onlar təcili normal şəraitli evlə, mənzillə təmin edilməlidirlər…

Vətən torpaqlarının işğaldan azad edilməsində əməyi, zəhməti olan, torpaq alan Qazimizin əlindən alınmış həyətyanı torpaq sahəsi təcili geri, özünə qaytarılmalıdır…

Əlillik dərəcəsi müəyyənləşdirilməli, əlillik dərəcəsi verilməlidir…

Aidiyyatı qurum və şəxslərin birbaşa borcu və vəzifəsidir…

Vəzifələrini də artıq zəhmət çəkib yerinə yetirsinlər və yetirməlidirlər!

Vəzifələrini, borclarını…yerinə yetirə bilmirlərsə, kənara çəkilsinlər!

Artıq bəhanəyə, söz, vəd oyununa yer yoxdur!

***

Qazimizin ailəsini ziyarətdən sonra Lənkəran rayonuna yola düşdük, İkinci Vətən Müharibəsi Şəhidlərimizdən olan Azərbaycan Ordusunun Əsgəri, Xüsusi Təyinatlı (XTQ) Əli Məcid oğlu Mehdizadənin ailəsini ziyarət etdik…

Onlara başsağlığı verdik, Allahdan səbr və dözüm arzuladıq, “Şəhidimizin məkanı cənnətlik olsun!”-dedik…

Şəhidimizin ailəsi, anası Sara xanım ilə bir xeyli söhbətləşdik, dərdləşdik, onlara təsəlli verməyə çalışdıq…

Qeyd edim ki, 2001-ci ilin avqust ayının 15-də dünyaya gələn Şəhidimiz İkinci Vətən Müharibəsi zamanı Murovdağ, Xocavənd, Hadrut, Cəbrayıl və Şuşa istiqamətlərində döyüşüb…

Və noyabr ayının 1-Daşaltı istiqamətində ağır döyüşlərdən birində Şəhidlik məqamına ucalıb…

Nəşi 2 gün sonra-3 noyabr tarixində Lənkəran şəhər Şəhidlər Xiyabanında dəfn olunub, Əbədiyyətə uğurlanıb…

3-cü dərəcəli “Rəşadət” ordeni və 6 medal ilə təltif olunub…

Ailənin 4 övladından biri olan Əli həm də subay olub…

Qardaşlarından biri-Murad da İkinci Vətən Müharibəsinin iştirakçılarındandır, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib…

Məqamı Uca, dərgahı mübarək olsun!

Nur içində yatsın!

Şəhid ailəsini ziyarətdən sonra daha bir Qazimizin görüşünə yollanırıq…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

XİN Qoşulmama Hərəkatının Gənclər Sammiti ilə bağlı-MƏLUMAT YAYDI

Read Next

832 yeni seçki məntəqəsi yaradıldı-MSK QƏRAR VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir