ATƏT-in Daimi Şurasında işğal edilmiş ərazilərdə qanunsuz fəaliyyətlər məsələsi qaldırıldı

Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi qurumun Daimi Şurasının iclasında Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər məsələsini qaldırıb.

Etikxeber.az-ın məlumatına görə, nümayəndəliyin səsləndirdiyi bəyanatda bildirilir ki, Azərbaycan qanunvericiliyinə əsasən hər bir xarici fiziki və hüquqi şəxs ölkə ərazisində hər hansısa bir iqtisadi fəaliyyətlə məşğul olması üçün Azərbaycanın müvafiq orqanları tərəfindən xüsusi lisenziya ilə rəsmi qeydiyyatdan keçmələri əsas şərtdir. Xüsusilə, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində üçüncü dövlətlərin fiziki və hüquqi şəxsləri tərəfindən hər hansısa iqtisadi fəaliyyətə göz yumulması, bu cür qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülməməsi ATƏT çərçivəsində qəbul edilmiş iqtisadi sahədə fəaliyyəti tənzimləyən öhdəliklərə ziddir. Belə ki, Helsinki Yekun Aktına əsasən ATƏT məkanında iqtisadi fəaliyyət Avropa və bütövlükdə dünyada sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət etməlidir. Bundan əlavə, ATƏT ölkələri qanunun aliliyi və iqtisadi sahədə şəffaf və sabit hüquq sisteminin inkişafının təmin edilməsinə sadiq olmalıdırlar.

Bəyanatda qeyd edilir ki, işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətlər gəlirli biznesə çevrilərək, Ermənistan və onun Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı separatçı rejim üçün bir gəlir mənbəyinə çevrilib. Azərbaycan ərazilərinin işğalını davam etdirmək üçün maliyyə və digər vasitələri əldə etmək məqsədilə Ermənistan birbaşa olaraq bu fəaliyyətləri təşkil və təşviq edir. Üçüncü ölkələrdən fiziki və hüquqi şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərində biznes tipli fəaliyyətlərə cəlb edilməsi çirkli pulların yuyulması, vergidən yayınma və digər ağır iqtisadi cinayətlərin yaranması üçün əlverişli zəmin yaradır.

Buna görə də, işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətin aradan qaldırılması regionda status-kvonun dəyişdirilməsi üçün mühüm şərtlərdən biridir. Ermənistan işğal olunmuş Azərbaycan ərazilərinin sərvətini və digər resursları qeyri-qanuni istismar edərək münaqişə zonasında sülh və stabilliyin bərqərar olmasına maneçilik törədir. Fiziki və hüquqi şəxslərin bu tip tədbirlərin keçirilməsinə göz yumması münaqişənin tezliklə sülh yolu ilə həlli perspektivlərinə mane olur.

Bəyanatın yekununda qeyd edilir ki, Azərbaycanın narahatlığına adekvat reaksiyanın verilməməsi müvafiq ATƏT öhdəliklərinə ziddir və münaqişənin sülh yolu ilə nizamlanmasına zərbə vurur. ATƏT-ə üzv dövlətin beynəlxalq hüquqla tanınmış ərazilərinin işğal edilərək orada qeyri-qanuni fəaliyyətlərin həyata keçirilməsinə etinasız münasibət ABŞ, Avropa İttifaqı və onun üzv dövlətlərinin ən yüksək siyasi səviyyədə münaqişə zonasında status-kvonun qəbuledilməzliyinə dair bəyan etdikləri mövqe ilə ziddiyyət təşkil edir. Bununla bağlı xüsusilə ATƏT-in Minsk qrupuna həmsədrlik edən ABŞ və Fransanın üzərinə düşən məsuliyyət iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Daimi Nümayəndəlik bir daha aidiyyəti dövlətlərdən fiziki və hüquqi şəxslərinin işğal edilmiş ərazilərimizdə qanunsuz fəaliyyətinə son qoyulması və bu kimi fəaliyyətin qarşısını almaq üçün təsirli tədbirlər görməyi tələb edib.

Etikxeber.az

Read Previous

Həyatın alt-üst oldu deyə üzülmə… Qənirə Paşayevadan yazı

Read Next

Daha bir idmançımız finalda- Ramil Qasımov qızıl medala sahibləndi- YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir