Ataları Birinci Qarabağ Savaşının iştirakçısı olan, eyni bölgələrdə, eyni istiqamətlərdə döyüşən, vuruşan qardaşlar-Elməddin və Məhəbbət Yusifovlar-BİRİ ŞƏHİD, BİRİ QAZİ… – FOTOLAR

Bu gün, 6 mart 2022-ci il tarixində Qəhrəman Bərdəmizdə-daha bir Şəhid ailəsində oldum…

Daha bir Şəhid ailəsinə baş çəkdim, daha bir Şəhid ailəsini ziyarət etdim…

Qəhrəman Bərdəmizin Mirzalıbəyli kəndinin İkinci Vətən Müharibəsi Şəhidi Elməddin Mahir oğlu Yusifovgili…

Elməddin Mirzalıbəylinin İkinci Vətən Müharibəsindəki 4 Şəhidindən biridir…

Elməddin 1995-ci ilin aprel ayının 28-də Mirzalıbəylidə-sadə, zəhmətkeş bir ailədə, Yusifovlar ailəsində dünyaya gəlib…

Uşaqlıqdan çox sakit, çalışqan, mehriban, ailəcanlı, qayğıkeş, zəhmətkeş olub…

15-16 yaşlarından işləyib, ailəsinə köməklik göstərib, heç zaman onlara çətinlik vermək, ağırlıq salmaq, yük olmaq istəməyib…

Son qəpiyini belə ailəsi ilə bölüşüb, hər zaman aza qane-gözü, nəfsi tox olub…

Təkcə ailəsinin deyil, hər kəsin sevimlisinə çevrilib…

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb və Əsgərliyini başa vuraraq, yenidən ailəsinə, evinə dönüb…

Yenə əllərinin qabarı, alnının təri ilə işləyib, çalışıb, həm özünü dolandırıb, həm ailəsinə dəstək olub, hər zaman haramdan uzaq dayanıb…

25 yaşında, İkinci Vətən Müharibəsindən 6 gün öncə, 21 sentyabr 2020-ci il tarixində səfərbərliyə cəlb olunub…

Sentyabrın 27-dən Şəhidliyinə kimi isə ağır, qanlı döyüşlərdə olub, Suqovuşanda, Talışda, Murovdağda qəhrəmanlıqlara imza atıb…

Axırıncı dəfə ailəsi, atası ilə oktyabrın 28-də, Bərdə şəhəri erməni faşistləri, qaniçənləri, barbarları tərəfindən bombardman edilən gün əlaqə saxlayıb…

Və oktyabrın 30-da Murovdağda qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Ancaq nəşi iki gün sonra, noyabrın 2-də, günorta saatlarında ailəsinə təhvil verilib və elə həmin gün Mirzalıbəyli kənd qəbiristanlığında, Şəhidlər məzarlığında dəfn olunub, Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

***

Elməddingil həm də ailədə 3 övlad, iki qardaş, bir bacı olublar…

O, evin, ailənin böyük övladı olub…

Özü də, qardaşı da subay olub, tək bacıları isə ailəli, bir övlad, qız anasıdır…

Qardaşı, 1999-cu il təvəllüdlü Məhəbbət Yusibov da İkinci Vətən Müharibəsinin iştirakçılarından, Qəhrəmanlarındandır…

Ataları Mahir Yusifov isə Birinci Qarabağ Savaşının iştirakçılarındandır…

Məhəbbət Elməddindən 8 gün sonra, 29 sentyabr tarixində səfərbərliyə cəlib olunub və oktyabrın 7-dən qardaşının Şəhidliyinə, dəfninə, 2 noyabr tarixinə kimi döyüşlərdə iştirak edib…

O da qardaşı ilə təxminən eyni mövqelərdə, eyni nöqtələrdə, eyni bölgələrdə döyüşüb, vuruşub…

Noyabrın 12-dən isə Ordudan təxris olunub…

Ancaq çox təəssüflər olsun ki, bu günə kimi heç bir medalla təltif olunmayıb, daha doğrusu, adı medal(lar)a təqdim edilməyib…

Hansı ki, azı 2 və ya 3 medalı Haqq edir və Haqqı da artıq verilməli, tanınmalıdır Məhəbbətin, Şəhid qardaşının!

Və ümid etmək, inanmaq istərdik ki, çox tezliklə Məhəbbətin də Haqqı tanınacaq, Haqq etdiyi medallarla təltif olunacaq!

***

Bəli, qeyd etdiyim kimi, bu gün axşam saatlarında Şəhidimiz Elməddingildə, Qəhrəman, İgid Yusibovlar ailəsində oldum və ziyarətim təxminən iki saat çəkdi…

Bir daha Şəhidimizin ailəsi ilə söhbətləşdim, dərdləşdim, bir daha onlara başsağlığı verdim, bir daha onlara Allahdan səbr, dözüm dilədim…

Bir daha “Şəhidimizin məkanı cənnətlik olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim…

Bir daha Elməddin Yusibov da daxil olmaqla, cəmi Şəhidlərimizə, onların özləri kimi Qəhrəman ailələrinə borclu olduğumu, olduğumuzu dilə gətirdim…

Və sonda Şəhidin ailəsi, yaxınları, eləcə də Şəhid Fəxrin Qəribzadənin dayısının həyat yoldaşı Sona xanım ilə Mirzalıbəyli qəbiristanlığını, Şəhidlər məzarlığını, Şəhidimizin məzarını ziyarət etdim, məzarı, müqəddəs ruhu qarşısında baş əydim.

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Şəhidlərimizin ruhu əziz olduğu kimi, onların anası-atası da bizim üçün əzizdir…”-QƏNİRƏ PAŞAYEVA ŞƏHİD FUAD XANKİŞİYEVİN ANASI İLƏ GÖRÜŞDÜ – FOTOLAR

Read Next

“Tik Tok” da fəaliyyətini dayandırdı-RUSİYADA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir