“Atam əlinin qabarını göstərib dedi ki…” – YAQUB MƏMMƏDOV

Yaqub Məmmədov: Kamran Bağırovun yaşadığı mənzili görəndə, dəhşətə gəldim

Etikxeber.az Oxu.Az-a istinadən professor, keçmiş Ali Sovetin sədri, 1992-ci ilin mart-may aylarında ölkə prezidentinin səlahiyyətlərini icra etmiş Yaqub Məmmədovun müsahibəsini təqdim edir:

– Sizinlə ilk müsahibəmizdən düz 20 il ötür. 20 il sonra yenə eyni məkanda, eyni ayda görüşürük. İstərdik ki, söhbətimizə daha öncələrdən, sizin gənclik, tələbəlik, orta məktəb illərinizdən başlayaq.

Necə oldu ki, Bakıdan çox-çox uzaqlarda, ucqar dağ kəndində anadan olan bir uşaq tezliklə şöhrət tapdı, çoxlarının qibtə edəcəyi, bəlkə də, xəyalına gətirə bilməyəcəyi bir zirvəyə, yüksək vəzifələrə ucaldı? 

 – Hər zaman demişəm, atam, anam savadsız adamlar olublar. Nə oxumağı, nə yazmağı bacarıblar. Zəhmətkeş adamlar olublar. Atam sənətkar, dülgərlik sənəti ilə məşğul olub, kolxoz işlərində işləyib. Anam da kolxozçu olub. Ancaq buna baxmayaraq, valideynlərim çox mütərəqqi fikirli adamlar olub. Oxumağa çox böyük əhəmiyyət veriblər və bizi də həmişə istiqamətləndiriblər ki, oxumaq, bilik almaq, təhsili davam etdirmək lazımdır. Ailədə beş qardaş olmuşuq, böyük qardaşımız əsgərliyə, İkinci Dünya Müharibəsində gedib, gəlməyib.

Üç bacımız olub. Bacılarım təhsil alandan sonra ailə qurublar. Ancaq beş qardaş də ali təhsil almışıq. Böyük qardaşım kənd təsərrüfatı üzrə ali təhsilli mütəxəssis olub. Biri keçmiş APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti – red.) tarix fakültəsini bitirib. O biri qardaşım Xalq Təsərrüfatı İnstitutununda (indiki Azərbaycan İqtisad Universiteti – red.) təhsil alıb.

Bir qardaşım həkim olub, sonra da bu ənənə davam eləyib. Mən də həkim qardaşımın tövsiyəsi, bir də atamın məsləhəti ilə həkim olmağa qərar vermişəm, gəlib Azərbaycan Tibb İnstitutuna qəbul olmuşam. Ali məktəbdə də yaxşı oxumuşuq.

– Neçənci ildə Tibb İnstitutuna (indiki ATU-ya) qəbul olmusunuz? 

– Mən 1960-cı ildə qəbul olmuşam. Onda məndən böyük qardaşım Tibb İnstitutunda dördüncü kursda oxuyurdu. O məsləhət gördü ki, Tibb İnstitutuna sənədlərimi verim və gəldik, sənədlərimi verdim, indiki Tibb Universitetinə qəbul olundum, institutu əla qiymətlərlə başa vurdum. Orta məktəbi əlaçı olaraq bitirmişik. Attestatımızda – qardaşlarımda da, məndə də bir “4” qiyməti də olmayıb. Çünki atamız bizə nəzarət edirdi.

Biz elə bilirdik ki, atamız bütün fənləri əla bilir. Deyirdi, dərslərini hazırla, mənə danış, sonra get, yat. Hətta şəxsən mən fizikadan, ya riyaziyyatdan məsələ-misallarımı həll edib cavabını düz tapmayanda, gecə də olsa, məni götürüb həmin müəllimin evinə aparırdı. Gedirdik, deyirdi, bunu başa sal. Bax, atam mənim də, qardaşlarımın da təhsil almağıma bu cür əhəmiyyət verirdi.

– Dediniz ki, həkimliyə atanızın və həkim qardaşınızın məsləhəti, tövsiyəsi ilə gəlmisiniz. Bəs özünüz nə olmaq, hansı ixtisasa yiyələnmək istəyirdiniz?

– Atamın sənətinə, dülgərliyə çox böyük marağım vardı, tikinti işi ilə çox maraqlanırdım. Fikrim o idi ki, sənədlərimi “Politexnik”in (indiki Texniki Universitet – red.) tikinti sahəsinə aid fakültəsinə verim. Ancaq atam məsləhət görmədi. Atam öz əlinin qabarını mənə göstərib dedi ki, bax, bu sənətin axırı budur. Əlləri elə gündə idi ki, çapılmış, qabarlı. Dedi, ay oğul, mənim sənətimi görürsən? Bu sənətin axırı budur, mən sənə məsləhət görmürəm.

Dediyim kimi, məndən qabaq qardaşım Tibb İnstitutuna qəbul olmuşdu, tələbə idi və kəndə gələndə hamı ona müraciət edirdi. Çünki onda kənddə həkim yox idi, bir feldşer var idi o boyda kənddə, elə hamı ona həkim deyirdi, böyük hörmət edirdi. Ona görə artıq qardaşım da kəndə gələndə, üç-dördüncü kursdan həkimlik edirdi.

Camaat arasında böyük hörmət qazanmışdı. Atam da deyirdi, bax görürsən, ona olan hörmətə, bu da mən. Get həkim ol. Beləliklə, öz arzumdan daşındım və onların məsləhəti ilə həkim olmaq qərarına gəldim.

– Yeri gəlmişkən, dülgərlik işlərini bacarırsınızmı, evdə sınıq-salxaq şeylər olanda onları özünüz düzəldirsiniz, yoxsa usta çağırırsınız?

– Bəlkə də inanmazsınız, amma hər şeyi özüm edirəm. Çünki o sənəti tam mənimsəmişəm və əlimdən hər şey gəlir. Hətta kənddə mənim düzəltdiyim şifonerlər, stollar, stullar, çarpayılar var, hamısı bu gün də atam evimdə durur. Başqaları üçün də atamla bir yerdə düzəltdiyimiz o əşyalar həmin insanların evlərindədir bu gün. Hamı baxanda təəccüb edir ki, bunları mən düzəltmişəm? (gülür).

Belə demək mümkünsə, atamın sənətini tam mənimsəmişəm. Kəndə gedəndə uşaqlarıma, nəvələrimə göstərirəm ki, bax, bu otağı mən düzəltmişəm, bu  çarpayını mən düzəltmişəm, onlar da təəccüblənirlər.

Bu gün də evdə lazım olan hallarda ordan-burdan usta, fəhlə çağırmıram, özüm çox şeyi bacarıram, edirəm. Ona görə ki, onlar mənim canımda, ruhumda olub, qalıb. Hətta rektor olanda da nə qədər tikinti ilə məşğul olmuşam. Nə qədər yataqxana, tədris korpusu, kooperativlər tikdirdim. Mənim canımda o həvəs həmişə olub, o sənəti yaşadıram, yəni əlimizdən gələni edirik.

– Doğuldunuz, boya-başa çatdığınız kənddə öz şəxsi eviniz varmı, yoxsa ata evinizə gedib-gəlirsiniz? 

– Var, öz şəxsi evim var. Ata evi öz yerində, mənim özümün orada evim var və yayda uşaqlarımla, nəvələrimlə kəndə gedəndə üç-beş gün öz evimizdə qalırıq. Ata evində də qalmaq olar, orda da gedib qalıram.

– Atanızın və özünüzün əl işlərinizi, düzəltdiyiniz əşyaları nümayiş etdirmək, ata evini balaca bir muzeyə çevirmək fikriniz olubmu? 

– Bilirsiniz, hazırda orda – atam evimizdə böyük qardaşımgil yaşayır, onun hazırda 90 yaşı var. Qardaşımın uşaqları Bakıdadır,  amma tez-tez gəlirlər, baş çəkirlər. O əşyaların əksəriyyəti orda qalır və əslində, oranı elə bil muzey kimi saxlayırıq. Biz bu evdə böyümüşük, bu evdə dünyaya gəlmişik, burda məktəbə getmişik. Məktəb də evimizə yaxındır. Yəni o xatirələr hamısı qalır.

– Yenidən insitutut illərinizə, gənclik dövrünüzə qayıtmaq istərdik. O illəri necə xatırlayırsınız, nələr sizin üçün daha əzizdir? Vəzifələrə gedən yolunuz nə vaxtdan başladı?

– İnstituta qəbul olunana qədər mən nə komsomolun, nə partiyanın üzvü olmuşam, nə də həmkarlar təşkilatının. Yəni heç bir ictimai təşkilatın üzvü olmamışam. 60-cı ildə qəbul imtahanlarını verib instituta qəbul olunandan sonra sentyabr ayında məni komsomola qəbul ediblər, həmkarlar təşkilatına da burda qəbul olunmuşam.

Sentyabr ayının axırında həmkarlar təşkilatının ümumi fakültə yığıncağı, hesabat iclası keçirilirdi. Orda namizədlər verirdilər. Tələbə yoldaşlarım mənim namizədliyimi verdilər, keçdim, büroya seçildim.

Sonra sədr məsələsi həll olundu dekanımızın kabinetində. Həm fakültə partiya təşkilatının katibi, həm də institut həmkarlar təşkilatının sədri, həm də dekan oturmuşdular, bizi yığmışdılar sədr təyin etməyə. Heç ağlıma da gəlməzdi ki, məni sədr seçərlər. Çünki cəmi bir aya yaxın idi ki, institut tələbəsi idim, ictimai təşkilatların nə olduğunu heç vaxt dərk edib, bilmirdim ki, həmkarlar təşkilatı nədir və ya komsomol nə ilə məşğul olmalıdır. Nə isə, bunların hərəsi bir namizəd verdilər, amma biri-birini qəbul eləmədilər.

Verilən namizədlərin birini dekan qəbul etmədi, birini o birisi, razılaşmadılar. Ancaq gördüm dekanımız mənə çox diqqətlə baxır. Professor Seyidəli Məmmədzadə var idi, çox yaxşı, çox ədalətli adam idi. Dedi ki, yoldaşlar, nə mən deyən seçilməyəcək, nə siz deyənlər olmayacaq, bu oğlan yaxşı oğlana oxşayır, gəlin, bunu sədr seçək.

Doğrusu, bir az qorxuya düşdüm. Hələ təzə gəlmişəm, institut həyatını bilmirəm, dərslər ağır. Dedim ki, professor, mən birinci kurs tələbəsiyəm, o işin öhdəsindən gələ bilmərəm. Mənim işim çoxdur, dərs prosesinə təzə başlamışam. Dedi, oğlum, narahat olma, kömək edərik, işləyərsən, heç nə olmaz, sən yaxşı oğlana oxşayırsan. Beləliklə, məni seçdilər sədr.

Birinci semestrdə həm dərslərimi yüksək səviyyədə hazırlaşıb oxuyurdum, həm də bu ictimai işlərdə dekanlıq və ya institut tərəfindən nə deyilirdisə, onları çox yüksək səviyyədə yerinə yetirirdim. Mənim ictimai fəaliyyətim, siyasi fəaliyyətim buradan başladı. Sonra fakültəyə komsomol katibi, daha sonra institutun komsomol komitəsinə katib seçdilər.

Rayon komsomolunun pleniumunun üzvü seçildim, Bakı şəhər komsomoluna seçdilər və ilaxır. Paralel olaraq həm əlaçı oxuyurdum, həm də bu ictimai təşkilatlarda fəal iştirak edirdim. Pis işləsəydim, pis oxusaydım, məni o rəhbər komsomol işinə də seçməzdilər. O vaxtlar mənim kimi tələbələrə, doğrudan da, böyük diqqət, hörmət, qayğı var idi.

Daha bu filankəsin oğludur, bunu filan vəzifəyə seçək, filankəs belə getdi, belə gəldi, bunlar o zamanlar, demək olar ki, yox dərəcəsində idi. Heç kəsim yox idi. Qardaşım institutu bitirib getmişdi, həkim işləyirdi. Rayonumuzdan heç burada işləyən müəllim yox idi.

Yəni o obyektiv, o ədalətli adamların qayğısı, diqqəti ilə saydığım vəzifələrə seçildim, ondan sonra 65-ci ildə, beşinci kursda oxuyanda məni partiya sıralarına qəbul elədilər. O vaxt tələbələri partiyaya qəbul etmirdilər. Müstəsna hallarda ən layiqli tələbələri qəbul edirdilər. Mən həm tam əlaçı idim, həm də ictimai işlərdə fəal iştirak edirdim. Ona görə seçdilər. Ondan sonra institutu bitirdim.

Çox mürəkkəb həyatım olub. Tələbəliyim də, ondan sonrakı illərim də asan keçməyib. Müxtəlif maneələr olub, paxıllıqlar eləyiblər. Ancaq bunlar məni yolumdan, amalımdan döndərə bilməyib. Axırda da gəlmişəm öz oxuduğum fakültədə dekan müavini olmuşam, dekan seçiblər. Sonra bu böyüklükdə institutun partiya-təşkilat katibi seçilmişəm. Ondan sonra institutun tədris prorektoru oldum, sonra da  rektor təyin elədilər.

Mənim bütün fəaliyyətim nəzərə alınıb. Bu institutda gördüyüm işləri nəzərə alıb, 1983-cü ildə iyul ayının 13-də rektor vəzifəsinə təyin elədilər.

– Rektor vəzifəsi sovetlər dövründə çox böyük vəzifə idi və rektor olmaq heç də hər kəsə nəsib olmurdu. O vaxtlar Azərbaycana birinci katib, rəhmətlik Kamran Bağırov rəhbərlik edirdi. Onunla şəxsi tanışlığınız, münasibətləriniz vardımı və bu məsələdə öz rolunu oynamışdımı? 

– Burada hansısa şəxsi münasibətlərdən söhbət gedə bilməzdi. Səhiyyə Nazirliyi təqdimat verib, Mərkəzi Komitənin bütün şöbələrindən söhbətdən keçəndən sonra Kamran Bağırov birinci katib kimi məni qəbul elədi. O vaxtlar həm də keçmiş SSRİ-də təhsil sahəsində islahatlarla əlaqədar təzə qərar çıxarmışdılar. Ali məktəb rektorlarının hamısını götürmüşdülər SSRİ Təhsil Nazirliyinin nomenklaturasına.

Yeganə rektor idim ki, həmin o yeni qayda ilə həm SSRİ Səhiyyə Nazirliyinin kollegiyasında təsdiq olunmuşam, həm də SSRİ Ali Təhsil Nazirliyinin kollegiyasında. Yəni o instansiyalardan, söhbətlərdən keçəndən sonra kollegiyalar məni təsdiq edib və məsləhət görüblər bizim Mərkəzi Komitəyə ki, Tibb İnstitutunun rektoru təyin olunum.

– Sizdən başqa namizəd və ya namizədlər vardımı? 

– O vaxtlar alternativlər yox idi. Kimi məsləhət görürdülər, o adam söhbətdən keçə-keçə gedirdi. Qəbul olursa, təsdiq edirdilər, olunmasa, başqa namizəd verirdilər. Məni də bu instansiyaların hamısını keçəndən sonra təsdiq elədilər. Mənim namizədliyim qəbul olundu. Çünki təcrübəmə baxanda gördülər ki,  institutun tələbəliyindən tutmuş bütün ictimai təşkilatlarında, sonra rəhbərliyində təmsil olunmuşam, işləmişəm. Hər yerdən müsbət xarakteristika almışam.

– O illərdə sizə başqa vəzifələr də təklif olunmuşdumu, yəni sırf partiya-sovet işi ilə bağlı… 

– Dediyim kimi, institutun partiya-təşkilat komitəsinin səkkiz il katibi işləmişəm. Rayon partiya komitəsinin büro üzvü seçilmişəm. Rayon plenumuna, Bakı şəhər Komitəsinin plenumuna, axırıncı dəfə isə partiya qurultayında Mərkəzi Komitəyə üzv seçilmişəm. Bakı Şəhər Nəsimi Rayon Partiya Komitəsinin birinci katibliyinə namizədliyim olub və seçilməli idim. Ancaq müəyyən məsələlərdə müəyyən adamlar mane oldular.

Özümün də bir o qədər həvəsim yox idi. Çünki doktorluq dissertasiyası müdafiə etməli idim. Partiya işində işləyənlərə də icazə vermirdilər. Ovaxtkı rəhbərliyin dövründə qərar verilmişdi ki, dövlət, partiya işində işləyənlər elmlə, dissertasiya ilə məşğul olmasınlar. Ona görə  həmin vəzifəyə getməyə o qədər də həvəsim yox idi. Ancaq namizədliyim hər yerdən keçmişdi və 1978-ci ildə Nəsimi rayon Partiya Komitəsinə birinci katib seçilməli idim.

Ancaq müəyyən səbəblər, maneələrə görə sonda bu məsələ alınmadı. Ondan hardasa 2-3 il sonra prorektor seçildim. Mərkəzi Komitədə Elm və təhsil şöbəsinin müdirliyinə namizədliyim verilmişdi. Oradan da keçmişdim hər şeydən, yenə müəyyən maneələr oldu. Bunlar artıq hamısı keçmiş məsələlərdir.

– Kamran Bağırovu necə xatırlayırsınız, onu necə xarakterizə edərdiniz? Onun da haqqında birmənalı mövqe yoxdur.

– Kamran Bağırov çox müsbət, çox təmiz, təmənnasız bir adam idi. Düzdür, bəzən onun da haqqında müəyyən qədər yazırlar, amma çox haqsız yazırlar, qərəzli yazırlar. Azərbaycan Kommunist Partiyasının rəhbərlik edən şəxslərin, Vəli Axundovdan bu yana hamısının, əksəriyyətinin dövründə müəyyən vəzifələrdə işləmişəm və təmaslarımız olub. O, çox təmənnasız və təmiz əqidəli bir adam idi. Ömrünün son illərində ağır xəstə idi, “Neftçilər” xəstəxanasında yatırdı.

Orda başqa xəstəyə baş çəkməyə getmişdim. Eşitdim ki, bəs Kamran müəllim də orda yatır. Getdim ona da baş çəkməyə. Çox giley-güzar elədi, maddi, dolanışıq cəhətindən şikayət elədi ki, dərmanlar çox bahadır, yaşayış çətindir və sair. Dedim, bəs xaricə getmək, orada müalicə almaq mümkündürmü? Dedi ki, imkanım yoxdur.

Təsəvvür edin, respublikaya 6-7 il rəhbərlik etmiş bir adam nə durumda idi?! Ondan qabaq Sumqayıt Şəhər Partiya Komitəsinin birinci, Mərkəzi Komitənin katibi işləmişdi, ancaq maddi cəhətdən çox ağır durumda idi.

Onun haqqında işlədiyi dövrdə eşitmədim ki, nəsə vəzifədən sui-istifadə eləsin, başqa işlərlə məşğul olsun. Rəhmətə gedəndə də onun dəfninə, evinə getdim. Mən evi görəndə dəhşətə gəldim. Respublikaya rəhbərlik etmiş bir adamın evində köhnə televizor, köhnə soyuducu.

Hər şey, parketlər, “oboy”lar uçub-dağılıb, tökülmüşdü. Yəni o dərəcədə təmiz adam idi. Onun işlədiyi dövr də mürəkkəb idi. İndi bəzən deyirlər ki, qətiyyətsiz idi və sair, belə deyildi. Bu, ədalətsiz münasibətdir. Ən vacibi, o, çox təmiz, obyektiv, ədalətli adam idi və öz xalqına bacardığı qədər xidmət göstərirdi.

Sonra ölkədə ermənilər və onların havadarları tərəfindən Dağlıq Qarabağ məsələsi qalxdı, aləm qarışdı bir-birinə. Ermənilər tərəfindən Sumqayıt hadisələri törədildi və o da məcbur olub istefa verdi, çıxdı getdi.

– O zamanlar, 70-80-ci illərdə mərhum Heydər Əliyevlə təmaslarınız olmuşdumu, sizi tanıyırdımı? 

– Heydər Əliyevlə təmasım olmuşdu. Həm də rəhmətlik Heydər Əliyevin bəzi qohumları, yaxınları, o cümlədən, qardaşı Aqil müəllim bizim institutda işləyirdi. Onlarla da yaxşı münasibətim olub. Elə fakültədə partiya-təşkilat katibi onun qardaşı Aqil müəllim idi. Onunla bir yerdə çox işlədik ictimai təşkilatlarda. Tədbirlərin keçirilməsində bir yerdə çox işləmişdik, yaxın münasibətimiz var idi. Və mənim Heydər Əliyevin dövründə müəyyən vəzifələrə seçilməyimdə onun da xidməti olub.

Mən onu inkar eləmirəm. Yəni tanışlıq, münasibət olub. Bunu inkar eləmək olmaz. Heydər Əliyevi hələ keçmiş Dövlət Təhlükəsizlik Komitəsində (KQB-də) işləyən vaxt bir-iki dəfə müəyyən tədbirlərdə görmüşdüm. Bizim fəlsəfə kafedrasının müdiri var idi – Adil Nəcəfov, onun doktorluq dissertasiyasının müdafiəsinə getmişdim, bax, onda görmüşdüm general formasında Heydər Əliyevi, “KQB”nin sədri olanda.

Ondan sonra Mərkəzi Komitənin birinci katibi oldu. İnstitutda “partkom” seçiləndə məni qəbul eləmişdi, ümumiyyətlə, məni bir neçə dəfə qəbul eləyib, bir neçə dəfə görüşümüz, çox açıq, səmimi, prinsipial söhbətlərimiz olub. O, məni yaxşı tanıyırdı, işimə, fəaliyyətimə qiymət verirdi və çox böyük işlər görmüşdü. Onun  Azərbaycan üçün çox böyük xidmətləri olub. Böyük sənaye, kənd təsərrüfatı kompleksləri yaratdı.

Azərbaycanı tanıyan yox idi, Azərbaycanı dünyada tanıtdı. Azərbaycanın böyük nüfuzu var idi. Dalbadal “Keçici qırmızı bayraq”lar gəlirdi, təntənəli şəkildə ona təqdim edilirdi. Bunu bütün telekanallar dünyanın hər yerinə yayımlayırdılar. Azərbaycan o dövrdə, doğrudan da, böyük inkişaf yolu keçib.

Elə təhsil, elm, mədəniyyət sahəsində böyük inkişaf yaşanıb. Onları saymaqla qurtaran deyil, saymağa ehtiyac yoxdur, hamısı göz qabağındadır.

– İkinci hakimiyyəti dönəmində görüşləriniz olmuşdumu?

– İkinci hakimiyyəti dövründə bizim onunla daha yaxın təmaslarımız oldu. Mən Ali Sovetə sədr seçilən vaxt mütəmadi əlaqələrimiz, telefon danışıqlarımız olurdu. Bakıya gələn kimi görüşmüşük onunla.

1993-cü il iyun ayının 9-da gəlmişdi, elə həmin gün də onun təşəbbüsü ilə görüşmüşdük. Yaxşı söhbətlərimiz olmuşdu, təkliflərimiz olmuşdu. Mənim xətrimi, özünün dediyinə görə, çox istəyirdi, mən də onu çox istəyirdim. Münasibətlərimiz yaxşı olub.

– Özünüzə siyasi təşkilat yaratmaq barədə düşünürdünüzmü? Səhv etmiriksə, yaddaşımız aldatmırsa, Sosial Ədalət adlı partiya yaratmaq ideyanız olub.

– Kommunist Partiyasından sonra heç bir partiyanın üzvü olmamışam. Mən elə o partiyanın üzvü olaraq qaldım, “partbilet”im də durur. Düzdür, 1992-ci ildə partiya yaratdım, ancaq onu Xalq Cəbhəsinin vaxtında qeydiyyatdan keçirmədilər. O vaxt Respublika Prokurorluğunun rəhbərliyinə məni dəvət edib dedilər ki, sənədlərini geri götür, partiya yaratma, sən ölkədə partiya yaratmaqla, siyasətlə məşğul olmaqla, ölkənin ictimai-siyasi prosesini pozursan. Məcbur olub geri götürdüm. Ondan sonra daha partiya yaratmaq fikrindən əl çəkdim.

– 1992-ci ildə Ayaz Mütəllibovun ikinci dəfə hakimiyyətə qayıdışının qarşısı alınandan və Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra sizə vəzifə təklif olmuşdu? 

– Həmin hadisələrdən, Ali Sovetin sədrliyindən gedəndən sonra mən o zaman ölkə prezidentinin səlahiyyətlərini icra edən İsa Qəmbərin qəbuluna getdim. Mənim tərəfimdən təşəbbüs oldu, onlar məni dəvət eləməmişdilər.

Getdim, Elçibəy də onun yanında idi. Elçibəy mənə  dedi ki, siz işləmək istəyirsiniz? Dedim ki, siz təklif edin, mən deyim harda işləyə bilərəm.

Mənə bir neçə vəzifə təklif elədilər. Dedilər ki, qayıdın öz yerinizə, instituta gedin, rektor vəzifəsində işləyin. Dedim, o instituta təzədən qayıtmağım nə qədər məqsədəuyğundur? Yaxşı deyil. Onda Elçibəy təklif elədi ki, səni səhiyyə naziri təyin edək. Dedim, nə olar. Həmin vaxt səhiyyə naziri Rahim Hüseynov.

Mən özüm təyin eləmişdim. Dedi ki, ya təhsil naziri, ya səhiyyə naziri. İsa Qəmbər tərəddüd elədi. Onda Elçibəy mənə dedi ki, gəl elə səni humanitar işlər üzrə dövlət müşaviri təyin edək, burda bir yerdə işləyək, sən təcrübəli adamsan və bizə lazımsan. Dedim, yox, bu aparatda (Prezident Administrasiyası nəzərdə tutulur – red.) artıq işləməyim, mən yaramaz. Mən burda prezident səlahiyyətini icra eləmişəm, indi durum şöbədə işləyim, kimsə “knopka”nı bassın, gündə mənə göstəriş versin, mənə yaraşmaz bu.

Mənə müstəqil bir vəzifə, nə istəyirsiniz verin, mən də gedim, işləyim, bir az da kömək edim. Onda qərara aldılar ki, səhiyyə naziri olum. İsa Qəmbər dedi ki, səhiyyə nazirini Yaqub bəy özü təyin eləyib, o da cəmi üç aydır işləyir. Elçibəy dedi, nə olar, Rahimi də rektor təyin edərsən, gedib rektor işləyər, bir yerdə işləyərlər. Nəsə qərara aldılar ki, məni səhiyyə naziri göndərsinlər.

Elçibəy dedi ki, İsa bəy, sərəncamı verin, gedin, təqdim edin, bu məsələni uzatmayın, bu gün həll edin. Dedi, yox, bəy, tələsik nəyə lazım. Sabah saat 11:00-da Yaqub bəylə görüşərik. O sabah saat 11 söhbəti o gedən getdi quyunun dibinə.

Səhəri gün saat 11:00-da zəng elədim, telefonu götürmədilər, məni qəbul eləmədilər. Məndən sonra, görünür, öz aralarında nəsə söhbət oldu, kimsə nəsə müdaxilə elədi, neynədi, olmadı.

Bircə dəfə İsa Qəmbərin imzası ilə kağız gəldi ki, qayıdım öz vəzifəmə – rektorluğa. Onun köməkçisi mənim də köməkçim olmuşdu – Gürşad Zərbəliyev.

O gəldi, məni təbrik elədi ki, nəhayət,  İsa Qəmbər qol çəkdi, siz rektor işləyə bilərsiniz. Sonra da kimlərsə onu-bunu öyrətdi, yazdılar, pozdular, qatıb-qarışdırdılar aləmi, qoymadılar işləməyə. Onda Elçibəyə nə qədər zəng elədim, əlaqə yarada bilmədim.

İsa Qəmbərin yanına getdim,  Ali Sovetdə hamı məni tanıyırdı, buraxdılar, getdim İsa Qəmbərin qəbuluna. O da dedi, baxaram, neyləyərəm, başından elədi, bir sözlə. Sonra mənim müdafiə komitəmi yaratmışdılar, onlar İsa Qəmbərin qəbulunda olmuşdular. Mən Zəhra xanımdan sonra rektor olmuşdum.

Zəhra xanım da məni müdafiə edənlərin tərkibində gedəndə İsa Qəmbər demişdi, siz nə əcəb onu müdafiə edirsiniz? Demişdi, o məndən çox güclü adamdır, çox iş görüb və çox iş görə bilər, elə adamını işdən niyə çıxarırsınız?

Demişdi ki, güclüləri çıxarıram, zəifləri çıxarmaq asan olur, bizə lazım deyil elə adam. Ondan sonra əlaqələr tamam qırıldı, iş vermədilər, aralaşdıq o işlərdən.

– Bir qədər də təhsildən söhbət etmək istərdik. Bu gün təhsil məsələsində iki mövqe var, bir qisim hələ də sovet təhsilinin üstünlüklərini, onlara qayıdılmasının vacibliyini qeyd edir, bir qisim isə müasir, qabaqcıl Avropa dövlətlərinin təhsil sisteminin üstünlüklərini, onlardan faydalanmanın gərəkliliyini vurğulayır.

– Mən bu günün özündə belə sovet təhsil sisteminin tərəfdarıyam. O təhsil universal təhsil idi. Hər zaman  gənclərin universal bilik sahibi olmalarının, hərtərəfli dünyagörüşünə malik mütəxəssis kimi yetişmələrinin tərəfdarı olmuşam, indi də o fikirdəyəm. Əlli ildən çoxdur bu işlərlə məşğul olmuşam, bu gün də oluram. Mənim həyatım təhsillə bağlı olub.

Düz 1966-cı ildən bu günə qədər tələbələrlə işləmişəm.Təhsilin müsbət-mənfi cəhətlərinin hamısını mən gözəl bilirəm. Odur ki, sovet təhsil sisteminin çox böyük müsbət cəhətləri vardı. Neqativ halları qoyaq bir tərəfə, neqativ hallar hər zaman və hər sahədə var. Bizim oxuduğumuz vaxtlarda təhsildə rüşvətxorluq geniş yayılmamışdı, yox dərəcəsində idi, hiss olunmurdu ki, belə bir şey var.

Təhsilə həvəsi olan uşaqlar gəlib sərbəst oxuyurdular, qiymətlər alırdılar. Diplomlarını alıb, gedib işləyirdilər. O təhsil sistemi bilik, təhsil verməkdən başqa, insanı şəxsiyyət kimi formalaşdırırdı. O təhsili alan, doğrudan da, universal dünyagörüşə malik olur, hərtərəfli bir mütəxəssis kimi yetişirdi.

İndiki kimi yox, yəni hər kəs yalnız öz sahəsinə uyğun bir mütəxəssis kimi formalaşsın, nə siyasətdən, nə ictimai, nə dünyada gedən proseslərdən xəbərin olmasın, belə deyildi. O təhsil insanı əsl şəxsiyyət kimi formalaşdırırdı. Çox təəssüflər olsun ki, sonradan bu sistemdə bəzi nöqsanlar, xoşagəlməz hallar yaşandı.

Elə indinin özündə də müəyyən nöqsanlar var. İndi hamı ali məktəblərə, dövlət işlərinə test üsulu ilə qəbul olunur. Bu, müsbət haldır ki, rüşvətxorluq yığışdırılıb. Düzdür, deyə bilmərəm ki,  rüşvətxorluq bu sistemdən tam yığışdırılıb, amma əksəriyyət etbarilə aradan qaldırılıb.

Götürüb testlə qəbul olan tələbələrin və sovet dövründən qəbul olunan tələbələrin sosial tərkibini yoxlamaq, müqayisə etmək lazımdır. Həmin kateqoriya adamlar bu gün ali məktəblərə qəbul olunur. Ancaq test sisteminin mənfi cəhəti odur ki, orta məktəblər əhəmiyyətini itirib, repetitorluq məktəbi yaranıb. Heç müəllimin də marağı yoxdur artıq tələbəyə yaxşı bilik verməyə. Çünki maddi cəhətdən ehtiyacı var.

Çalışır ki, elə kənardan uşaqlar gəlsin, onlarla məşğul olsun. Tələbələr də gəlirlər, lap testlə yüksək bal toplayırlar, yüksək imtahan verirlər. Ancaq o konkret sualdan kənara çıxanda iki kəlmə danışa, cavab verə bilmirlər. Şəxsən mənim öz tələbələrim, testlə gedib mənim fənnimdən beş alıblar, ancaq onları sual ətrafında danışdıranda heç nə danışa bilmir. Bax, testin də belə zəif yerləri var.

Ona görə yaxşı olar ki, bu qəbul imtahanları iki mərhələdə keçirilsin. Bir mərhələdə testlə, ikinci mərhələdə yazılı formada. Yəni o testə cavab verib, lap yaxşı, ancaq yenə onun ümumi bilik səviyyəsi yoxlanılsın ki, doğrudan, aldığı qiymətə uyğundurmu biliyi, yoxsa elə əzbərləyib o testin cavabını?! Yəni müqayisə edin, onun da, bunun da müsbət cəhətləri var.

Bir də müəllimləri hər şeydən kənarlaşdırmaq, yəni imtahanı da, qəbulu da, “zaçotu” da, kadr hazırlığını da müəyyən adamların ixtiyarına vermək, bu, düzgün deyil.

Etikxeber.az

Read Previous

Parisi partladan İsgəndərlinin cəsədini Sena çayına atsalar… – DEPUTAT YAZIR

Read Next

Tehran-Bakı-Tehran aviareysi ləğv edilidi – SƏBƏBİ MƏLUM DEYİL

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir