Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Qarabağın, Azərbaycan torpaqlarının erməni işğalından, murdar düşmən tapdağından azad olunmasında, Azərbaycanın bütün hüdudlarında suverenliyinin bərqərar edilməsində qədim yurd yerlərimizdən olan Naxçıvan torpağının yetişdirmələrinin, Naxçıvanlı İgid və Qəhrəman Oğullarımızın da böyük və müstəsna xidmətləri var.
1988-ci ildən özü də düşmən blokadasında olmasına, düşmən qarşısında mətanətlə sinə, duruş gətirməsinə rəğmən Naxçıvan elinin, Naxçıvan torpağının Qorxmaz, Cəsur övladları Qarabağımızın və ona bitişik yerd yerlərimizin işğal qurtulmasında da yüzlərlə Şəhid verib, Qazilərinin, müharibə iştirakçılarının isə sayı-hesabı yoxdur.
12 iyun 2026-cı il tarixində belə Mərd, Qərhəman Oğullardan daha bir neçəsinin-Naxçıvanlı Nur üzlü Şəhidlərinizin evlərini, ocaqlarını, məzarlarını, Qəhrəman ailələrini ziyarət etdik.
Ziyarətdə mənimlə birlikdə Naxçıvanlı-Şərurlu İtkin Şəhidimiz İbrahim Vəlizadənın atası Səməd Vəliyev, eləcə də Şəhidsevərlər-Qədir müəllim və Namiq bəy də iştirak edirdi.
Səhər saatlarından axşam düşənə, hava qaralana qədər yeddi Şəhidimizin-Culfalı İkinci Vətən Müharibəsi Şəhidləri Ramazan Əbülfət oğlu Göydağlının, Amin Mayis oğlu Gülməmmədovun, 2022-ci ilin avqust Şəhidi Babək Əsgər oğlu Əliyevin, Gəngərlili Ülvi Habil oğlu Cəfərov və Elməddin Niyaməddin oğlu Qəhrəmovun, Naxçıvan şəhərindən-Əcəmi məhəlləsindən olan Bağır Əsəd oğlu Ələkbərov və əslən Şahbuzlu, həm də Şıxmahmudlulu Emin Rəşadət oğlu Sadiqovun ocaqlarını, valideynlərini və məzarlarını ziyarət etdik…
Hər birinin məzarı önündə ehtiramla baş əydik, ruhlarına dualar etdik…
Eyni zamanda, Şəhidlərimizin ailələrinə, valideynlərinə, doğmalarına Allahdan səbr və dözüm dilədik…
“Şəhidlərimizin ruhları şad, məkanları cənnətlik olsun!”-dedik…
Şəhidlərimizi unutmadığımızı, unutmayacağımızı və unutmağa heç bir haqqımız olmadığını dilə gətirdik…
“Bir ömür boyu Şəhidlərimizə, onları böyüdən, bu Vətən üçün yetişdirən Qəhrəman valideynlərə borcluyuq və onlara olan borcumuz heç zaman ödənməz, tükənməz, bitməz…”-deyə, bildirdik…
Şəhidlərimizin valideynləri, doğmaları ilə söhbətləşdik, dərdləşdik…
Onlarla birlikdə bir daha Şəhidlərimizin qısa, lakin əsrlərə, Dastanlara sığmayacaq şərəf ömür, hərb, döyüş yollarına nəzər saldıq…
Onlarla birlikdə duyğulandıq, təsirləndik, kövrəldik…
Hər biri Baş tacımız, müqəddəs And yerimizdir!
***
Culfalı, Kirnalı-ziyalı, illərdir müəllim işləyən, Vətənpərvət şagidlər, məktəblilər yetişdirən Əbülfət müəllimin ailəsində dünyaya gələn Ramaz evin üç övladından biri, iki bacının tək qardaş olub…
Ramazan Göydağlı əslən Ordubadın Nürgüt kəndindən olsa, 1997-ci ilin 4 fevral tarixində Culfanın Kirna kəndində dünyaya göz açıb…
Nürgütdəki Göydağın şərəfinə soyadı Göydağlı yazdırılıb…
Ramazan peşəkar hərbçi-MAXE idi…
İkinci Vətən Müharibəsi zamanı Xocavənd rayonu istiqamətində qanlı döyüşlərdən birində-oktyabrın 28-də qəhrəmancasına Şəhid olub…
Ancaq Şəhidlik xəbəri ailəsinə 3 gün sonra-noyabrın 1-də verilib…
Nəşi isə 3 gün sonra-noyabrın 4-də Kirna kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra 3 medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
O, Kirnanın yeganə İkinci Vətən Müharibəsi Şəhididir…
***
Culfa rayonun Saltaq kəndindən olan Amin Gülməmmədov 1995-ci ilin 31 iyul tarixində dünyaya gəlib…
Əkiz qardaşlardan biri olub…
Heydər Əliyev adına Hərbi Liseyi bitirdikdən sonra təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirib…
Leytenant hərbi rütbəsinə layiq görülüb…
Füzulidən Xocavəndəcən şərəfli döyüş yolu keçib…
Noyabrın ayının 2-də isə Şəhidlik məqamına ucalıb…
Ancaq nəşi uzun müddət tapılmayıb…
Nəşi yalnız 56 gündən sonra əldə edilib və dekabr ayının 28-də Saltaq kənd qəbiristanlığnda dəfn edilib…
O da Saltaqın yeganə İkinci Vətən Müharibəsi Şəhididir…
Şəhidliyindən sonra üç medalla təltif olunub…
Ancaq ailəsi övladlarının həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir…
25 yaşlı Amın də subay olub…
***
Culfalı, Ləkətaglı Babək Əliyev 1997-ci ilin oktyabrın ayının 1-də anadan olub…
Ailənin dörd övladından biri, üç bacının tək qardaşı və subay idi…
Bacıları hazırda ailəlidir…
O da ali-hərbi təhsilli, peşəkar hərbçiydi…
Azərbaycan Ordusunun zabiti, Leytanat kimi İkinci Vətən Müharibəsində iştirak edib, Vətən müdafiəsinə atılıb…
Müharibədən sonra “Vətən müharibəsi iştirakçısı” medalına layiq görülüb…
Müharibədən sağ-salamat çıxsa da, ömür yolu 2022-ci ilin avqustunda yarımıq qalıb…
25 yaşlı Babək avqust ayının 5-də Kəlbəcər istiqamətində mina patlayışı nəticəsində Şəhid olub…
Nəşi 1 gün sonra Ləkətağ kənd qəbiristanlığında Əbədiyyə uğurlanıb…
Şəhidliyindən sonra isə “Vətən uğrunda” medalı ilə təltif olunub…
Axırıncı dəfə də Şəhidliyindən cəmi dəqiqələr, saatlar öncə atası ilə danışıb…
Deyib ki, yaxın zamanlarda ya idman rəisi, ya da MTO rəsi vəzifəsinə qoyulacaq…
Amma…
***
Ailənin iki oğlan övladından, iki qardaşdan biri olan-əslən Kirnalı Bağır Ələkbərov 1995-ci ilin fevral ayının 10-da Naxçıvan şəhərində-Əcəmi məhəlləsində keçmiş hərbçi, müharibəsi iştirakçısı Əsəd kişinin ailəsində dünyaya gəlib…
Uşaqlıqdan hərb sənətini sevib, hərbçi olmaq istəyib…
Ali məktəbə daxil olsa da, təhsilini davam etdirməyib, 2013-cü ildə həqiqi hərbi xidmətə yollanıb…
O vaxtdan da həyatını, taleyni hərblə bağlayıb…
Gizirlik kursunu oxuyub, Gizir kimi Naxçıvan Xüsusi Təyinatlılarında fəaliyyət göstərib…
2017-ci ildə isə ailə həyatı qurub…
Nərmin adlı xanımla evlənib…
2018-ci ildə ilk övladı-oğlu dünyaya gəlib və ona atasının adını-Əsəd adını qoyub…
Eyni zamanda, 2018-ci ildə tarixi Günnüt əməliyyatında qəhrəmanlıqlara imza atıb…
2020-ci ilin oktyabrın 11-dən isə Naxçıvan Xüsusi Təyinatlıları ilə Qarabağ azad edilməsində iştirak edib…
Döyüş yolu cəmi bir neçə gün çəkən Bağır Hadrut istiqamətində qəhrəmancasına Şəhid olub…
Nəşi Əliabad qəsəbə qəbiristanlığında torpağa tapşırılıb…
İstər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
Şəhidliyindən 4 ay sonra-2021-ci ilin fevral ayının 9-da isə ikinci, üzünü görmədiyi oğlan övladı dünyaya gəlib…
Onun vəsiyyətilə övladına Tunar adı verilib…
Tunarın dünyaya gəlişindən bir gün sonra isə atasının-Bağırın 26 yaşı tamam, Cənnətdəki ilk doğum günü olub…
Balaca Tunarın hazırda beş yaşı var, babasının adını daşıyan Əsəd isə ikinci sinfi bitirib…
***
Əslən Şahbuzlu Emin Sadiqov 21 iyul 1997-ci il tarixində Şahbuzkənd kəndində dünyaya gəlib…
Evin-ailənin tək və subay övladı olub…
10 yaşında atasını itirib…
Həmin vaxtdan anası-hazrda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvü olan Gülşad xanım ona həm analıq, həm də atalıq edib…
Sonra Naxçıvan şəhərinə köçüblər…
10 ildən çox anası ilə kirayədə yaşayıblar…
2012-2015-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə oxuyub, 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə ali-hərbi təhsilə yiyələnib..
Leytanant kimi Qazax rayonu istiqamətində “N” saylı hərbi hissədə fəaliyyətə başlayıb…
İkinci Vətən Müharibəsi zamanı-okyabrın 1-də isə özü könüllü şəkildə Vətənin müdafiəsinə atılıb…
Yaralanmasına baxmayaraq, yenə də döyüş yoluna davam edib…
2020-ci ilin 26 oktyabr tarixində isə Vətən yolunda qəhrəmancasına Şəhid olub…
Nəşi dörd gün sonra-oktyabrın 30-da Şahbuzkənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub…
Anası Gülşad xanımın dediyinə görə, Emin 2015-2019-cu illər buraxılışından olan 35 Şəhiddən biridir…
***


Kəngərlili-Xok və Qıvraq kəndlərindən olan Ülvi Cəfərov və Elməddin Qəhrəmanov da ali-hərbi təhsilli, peşəkar hərbçi idilər…
Hər ikisi də nişanlı olublar…
Toyları olacaqdı…
Amma bütün arzuları kimi ömürləri də yarımçıq qalıb…
Bəylikləri Şəhadətləri, bəylik paltarları ağ kəfənləri olub…
Ülvi Xokun yeddi İkinci Vətən Müharibəsi Şəhidindən biri, Elməddin isə Qıvraqın on İkinci Qarabağ Savaşı Şəhidindən birdir…
Qıvraq kəndi həm də Naxçıvanın İkinci Vətən Müharibəsində ən çox Şəhidi olan kəndidir…
Ülvi Xok kənd qəbiristanlığnda, Elməddin isə Qıvraq kənd qəbiristanlığndakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb…
Məqamları Ali və Uca, dırgahları mübarək olsun!
Nurlar içində yatsınlar!
***
FOTOLAR:




***




***




***




***





***




***





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





