Azərbaycan Macarıstana uduzdu-0:1 – HOLLAND HAKİM MİLLİMİZİN XALINI “OĞURLADI” – YENİLƏNİB – (2)

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Etikxeber.az xəbər verir ki, AVRO-2020-nin seçmə mərhələsinin E qrupunda çıxış edən Nikola Yurçeviçin yetirmələri Macarıstanla görüşəcək.

Evdə rəqibinə 1:3 hesabı ilə uduzan yığma iddialı rəqibi büdrətməyə çalışacaq. Üç gün öncə Xorvatiyada 0:3 hesablı darmadağına məruz qalan meydan sahibləri bunun acığını çıxmağa köklənib.

 Keçirdiyi 5 matçda cəmi bir xal qazanan Azərbaycan yığması uğursuz çıxış etdiyi tsikli qrup sonuncusu kimi başa vurmamaq üçün qalib gəlməlidir. Məğlubiyyət millini indidən sonuncu edə bilər. Bunun üçün Uelsin evdə Xorvatiyadan xal alması yetərli olacaq. Böyük britaniyalılar qalib gəlsələr, milli heç-heçə ilə də 5-ci yeri rəsmiləşdirəcək.

Budapeştdəki “Qrupama Arena” stadionu cəzalı olduğundan matç azarkeşlər üçün qapalı olacaq. Qaydalara görə belə görüşləri yalnız uşaqlar izləyə bilərlər. Meydan sahibləri də tribunalara 15 min azyaşlı fanat toplayacaqlarını bəyan ediblər.

Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər oyununda Xorvatiya Uelsin qonağı olacaq. Qələbə balkanlılara final mərhələsinə vəsiqə verəcək.

AVRO-2020-nin seçmə mərhələsi
VIII tur
13 oktyabr
E qrupu
20:00. Macarıstan – Azərbaycan

Baş hakim: Dennis Yohan Hiqler (Hollandiya)
Budapeşt. “Qrupama Arena” stadionu

1 Xorvatiya 6 4 1 1 13-5 13
2 Slovakiya 6 3 1 2 10-8 10
3 Macarıstan 6 3 0 3 7-9 9
4 Uels 5 2 1 2 5-5 7
5 Azərbaycan 5 0 1 4 5-13 1

***

Macarıstan-Azərbaycan oyunu başlayıb.

Budapeştin “Groupama Arena” stadionunda keçirilən oyunda millimizin start heyətində Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Şəhriyar Rəhimov, Riçard Almeyda, Eddi İsrafilov, Qara Qarayev, Ramil Şeydayev, Ağabala Ramazanov və Təmkin Xəlilzadə yer alıblar.

Macarıstan yığmasının ilk on birliyində meydana Qulasi, Orban, Barath, Lovrençiç, Korxut, A.Naqi, Laszlo, Djujdak, D.Naqi, Soboslai və Salayi çıxıb.

Oyunun baş hakimi Dennis Higlerdir. Ona Yohan Balder və Yoost van Zuylen kömək edir. Bas Niyhuys isə dördüncü hakim funksiyasını yerinə yetirir. Miroslav Liba (Çexiya) hakim-inspektoru, Ariel Kennet Şayman (İsrail) isə UEFA nümayəndəsi qismindədir.

Hazırda “E” qrupunda Macarıstan 9 xalla 3-cü, Azərbaycan 1 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, əvvəlki matçlarda Macarıstan millisinin azarkeşlərinin irqçi davranışlarına görə, bu qarşılaşmada stadiona girməsinə qadağa qoyulub. Bu səbəbdən də matçı tribunalardan yalnız 14 yaşadək təxminən 15 min uşaq izləyəcək.

***

Macarıstan – Azərbaycan matçında ilk hissə yekunlaşıb. 

Xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığma Budapeştdəki matçda fasiləyə 0:1 hesabı ilə məğlub durumda yollanıb.

***

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində 6-cı matçına çıxıb.

Keçirdiyi 5 oyunda cəmi 1 xal toplayan komanda Budapeştdə Macarıstanın qonağı olub. Milli bu dəfə də azarkeşlərini məyus edib.

 10-cu dəqiqədə erkən qol buraxan Azərbaycan yığması səfərdən xalsız ayrılıb. Tsikldə 5-ci dəfə məğlub olan milli sonuncu pillədəki yerini rəsmiləşdirməyə daha da yaxınlaşıb. Uels millisi bir xal qazansa, komandamız sonuncu yeri rəsmiləşdirəcək.

Düzdür, uzatma dəqiqələrində Bəhlul Mustafazadə rəqib qapısına yol tapıb.

Lakin hakimin kobud səhvi üzündən təmiz qol qeydə alınmayıb.

Hollandiyalı referi topun futbolçunun əlinə dəydiyini “kəşf” edib…

Etikxeber.az

 

Read Previous

“Yola davam!” – YAQUBLU HACILINI TƏBRİK ETDİ

Read Next

Əsəd ordusu-TÜRKİYƏ ORDUSUNA QARŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir