“Axırıncı dəfə danışanda xasiyyətimi bildiyi üçün gülə-gülə dedi ki, ana, haray-həşir salma, ağlama, mən yaxşıyam…Hər şey yaxşılıqdır, narahat olma…Bir də onu dedi ki, mənə çoxlu dua elə…”-BAKILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, TƏK VƏ SUBAY OĞUL MƏMMƏDAĞA SƏFƏROVUN ANASI RƏNA SƏFƏROVA – FOTOLAR

“Məmmədağa Türkiyədə-Balıkəsir Universitetində oxuyurdu…2019-cu ilin yayında təhsilini yarımçıq dayandırdı, dondurdu…Elə həmin ilin oktyabrında da həqiqi hərbi xidmətə yollandı…Qusarda yerləşən hərbi hissələrdən birində qulluq edirdi…İkinci Vətən Müharibəsi başlayan gündən də döyüşlərə, ön cəbhəyə aparılmışdı…Amma mənim bundan xəbərim olmamışdı, onun müharibədə olduğunu evdəkilər məndən gizlətmişdilər…Məmmədağanın müharibədə olmasından mən yalnız oktyabrın 18-də-əlindən yaralandığı gün, axşam saatlarında xəbər tutdum…”

Bu sözləri Bakıİkinci Vətən Müharibəsi Şəhidi Məmmədağa Balakişi oğlu Səfərovun anası Rəna xanım, Rəna Səfərova dilə gətirib.

Qeyd edim ki, bu gün-1 aprel 2026-cı il tarixində, axşam saatlarında Şəhidimizin Badamdar qəsəbəsindəki ocağını, tək yaşayan anası Rəna xanımı ziyarət etdim.

Ziyarətdə həmçinin Badamdarlı Şəhid anası Nahidə xanım, Nahidə Teymurova da iştirak edirdi.

Və ilk dəfəydi ki, Şəhidimizin ocağında olurdum…

Öncə Şəhidimizin anasına Allahdan səbr və dözüm arzuladım.

“Şəhidimizin, balanızın məkanı cənnətlik, ruhu şad olsun!”-dedim.

Ruhu qarşısında ehtiramla baş əydiyimi bildirdim.

Sonra təxminən 2 saat çəkən ziyarətim zaman Şəhidimizin Dərdli, Yaralı, həm də Qəhrəman anası ilə söhbətləşdim, dərdləşdim, ona az da olsa, təsəlli verməyə çalışdım.

Rəna xanımın dediklərindən:

“Məmmədağa ilə bir-birimizə çox bağlıydıq…Mənim nəfəsim, suyum, havam, arxa-dayağım idi…Ona görə hər zaman narahatçılıq keçirirdim…Axırıncı dəfə danışanda xasiyyətimi bildiyi üçün gülə-gülə dedi ki, ana, haray-həşir salma, ağlama, mən yaxşıyam…Hər şey yaxşılıqdır, narahat olma…Bir də onu dedi ki, mənə çoxlu dua elə…Dedim ki, atam, sənə də, yanındakılara da hər gün dua edəcəyəm (səsi titrəyir)…Mən nə biləydim ki, bu, balamla axırıncı danışığımız olacaq…Ayın 18-dən cəmi üç gün sonra-oktyabrın 21-də balam Şəhid oldu…Məni bu fani dünyada, bu amansız həyatda tək, gözü yaşlı qoyub getdi…”

Onu da qeyd edim ki, Məmmədağa Səfərov 1997-ci ilin may ayının 10-da Bakı şəhərində-ziyalı ailəsində dünyaya gəlib.

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.

Ondan iki yaş böyük olan bacısı hazırda ailəli və iki qız anasıdır.

2003-2014-cü illərdə Bakıda yerləşən məşhur 20 saylı tam orta məktəbdə oxuyub.

Sonra Türkiyənin Balıkəsir Universitetində ali təhsil almağa başlayıb və 2019-cu ildə təhsilini dondurub, həqiqi hərbi xidmətə yollanıb.

11 ayın Əsgəri kimi İkinci Vətən Müharibəsinə qatılıb.

25 günlük şərəfli döyüş yolu keçib.

Oktyabrın 21-də Xocavənd, Düdükçü istiqamətində qəhrəmancasına Şəhid olub.

22-si günü nəşi Bakıya, yaşadığı evə gətirilib və oktyabrın 23-də Hərbi Memorial Məzarlıqda Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra dörd medalla təltif olunub.

Ancaq anası Rəna xanım övladının həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

İstəyində də, tələbində də tam haqlıdır!

Allah Şəhidimizin məqamını Ali və Uca, dərgahını mübarək etsin!

Nur içində uyusun!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Noyabrın 8-i, Şuşa azad olunan gün idi…Daha bilmirdim ki, məni ağır xəbər gözləyir, oğlum Şəhid olub, cənazəsi gətirilir…”-SABAH CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜ, 39 YAŞI TAMAM OLAN MİNGƏÇEVİRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ETİBAR MAHMUDOVUN ANASI ƏSMAYƏ MAHMUDOVA – FOTOLAR

Read Next

Aprel döyüşlərindən 10 il ötür-BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir