“Axırıncı dəfə evə gələndə qəfildən dedi ki, ana, mən Şəhid olacağam…”-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU, DÖRD MEDALLI, DSX-NIN GİZİRİ-BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ƏKBƏR MUSTAFAYEVİN ANASI SAMİRƏ MUSTAFAYEVA – FOTOLAR – YENİLƏNİB

Bu gün-15 sentyabr 2023-cü il tarixində, axşam saatlarında daha bir Şəhid ailəsində olduq…

Daha bir Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidinin ailəsini, ocağını ziyarət etdik…

Bərdə rayonunun Mirzəxan kəndinin İkinci Vətən Müharibəsi Şəhidi Əkbər Natiq oğlu Mustafayevin anası və ailə üzvləri ilə bir araya gəldik…

Ziyarətdə Bərdəli-Mehdixanlı İkinci Qarabağ Savaşı Şəhidi Mirsədi Bağırlının anası Səadət Bağırova və qardaşı da iştirak edirdi…

Öncə Şəhidimizin ailəsinə-anası Samirə xanıma Allahdan səbr və dözüm arzuladıq…

“Şəhidimizin məqamı Uca olsun!”-dedik…

Şəhidimizin anası ilə söhbətləşdik, dərdləşdik…

Tək oğlunu Şəhid vermiş Dərdli, Yaralı, həm də Qəhrəman ana Samirə xanım bildirdi ki, axırıncı dəfə oğlunu 2020-ci ilin avqust ayının sonlarında evlərinə-3 günlük məzuniyyətə gələrkən görüb…

Oğlu anasına qəfildən “Ana, mən Şəhid olacağam”-deyib…

“Əkbəri axırıncı dəfə avqustun 29-da gördüm…Salamlaşdıqdan sonra qəfildən dedi ki, ana, mən Şəhid olacağam…Bunu deyən kimi boyununa sillə ilə vurdum ki, nə danışırsan…Dedi ki, ana, axı, burada nə var…Dedim ki, oğul da anasına belə söz deyər…Ana ürəyi belə şeyə dözməz…Güldü ki, ana, narahat olma, zarafat edirəm, sən də hər şeyi ciddi qəbul edirsən…Oğlum sən demə, Şəhidliyə hazırlaşırmış…Əkbər belə bir oğul idi…İgid, Qəhrəman…”-deyə, Şəhid anası sözlərinə əlavə etdi…

Bir saata yaxın davam edən ziyarət zamanı Şəhidimizin keçdiyi 20 illik şərəfli ömür, həyat və hərb yolu barədə xeyli söhbətləşdik…

Zaman-zaman kövrək, duyğulu anlar da yaşadıq…

Ziyarət zamanı həm də Şəhidimizin anası Samirə xanıma-Samirə Cavanşir qızı Mustafayevaya Qubalı Şəhid anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsini təqdim etdik…

Şəhid anası da öz növbəsində “Vətən Naminə” təşkilatına və təşkilatın rəhbəri Tünzalə xanıma minnətdarlığını ifadə etdi…

Qeyd edim ki, Əkbər Mustafayev 2000-ci ilin iyul ayının 2-də Bərdənin Mirzəxan kəndində dünyaya gəlib…

Ailənin üç övladından biri, ondan iki yaş böyük olan əkiz bacıların tək qardaşı idi…

Orta məktəbi bitirdikdən sonra, 2018-2020-ci illərdə həqiqi hərbi xidmətdə olub…

2020-ci ilin yanvarında Əsgərliyini başa vurduqdan sonra həyatını yenidən hərb ilə bağlayıb…

2020-ci ilin fevralında Dövlət Sərhəd Xidmətində (DSX) fəaliyyətə başlayıb, Gizir kimi fəaliyyət göstərib…

İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərdə olub…

Şərəfli döyüş yolu 13 gün çəkib, oktyabrın 9-da Hadrut istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ancaq nəşi cəmi bir həftə sonra-oktyabrın 16-da Mirzəxan kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 4 medalla-“Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub…

Əkbər həm də Mirzəxanın yeganə İkinci Vətən Müharibəsi Şəhididir…

O, eyni zamanda, subay olub…

Məkanı cənnətlik, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 1 yeni-YOLUXMA…

Read Next

İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə üçtərəfli-GÖRÜŞÜ – FOTOLAR – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir