“Axırıncı dəfə oktyabrın 3-də danışdıq…Dedi ki, anama de narahat olmasın…Burada dalğa yaxşı tutmur…Özüm zəng edəcəyəm və qayıdıb-gəlib anamı yaşadacağam…”-AĞCABƏDİLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, AİLƏNİN TƏK VƏ SUBAY OĞLU, ÜÇ MEDALLI MURAD ƏSƏDOVUN ATASI RÜSTƏM ƏSƏDOV – FOTOLAR – YENİLƏNİB

Bu gün-5 iyul 2023-cü il tarixində, axşam saatlarına yaxın daha bir Ağcabədili İkinci Vətən Müharibəsi Şəhidinin ailəsini ziyarət etdik…

Daha bir Ağcabədili Nur üzlü İkinci Qarabağ Savaşı Şəhidinin ocağında olduq…

Ağcabədi rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Murad Rüstəm oğlu Əsədovun ailəsi-valideynləri ilə bir araya gəldik…

Ziyarətdə Ağcabədili İkinci Qarabağ Savaşı Şəhidi-Qaraxanlı kəndinin üç Şəhidindən biri olan Nurlan Şükür oğlu Quliyevin anası Zülfiyyə Quliyeva və nəvəsi Elmar Əhmədov da iştirak edirdi…

Hər zaman olduğu kimi, öncə tək və subay oğullarını itirmiş-Şəhid vermiş Şəhid valideynlərinə-Ceyran xanıma və Rüstəm Əsədova Allahdan səbr və dözüm dilədik…

“Şəhidimizin məkanı cənnətlik olsun!”-dedik…

Şəhidimizin, cəmi Şəhidlərimizin ruhu qarşısında baş əydiyimizi dilə gətirdik…

Sonra Şəhidimizin valideynləri ilə söhbətləşdik, dərdləşdik, Muradın qısa, 21 illik, lakin şərəfli ömür və döyüş yoluna nəzər saldıq…

Qeyd edim ki, Murad Əsədov 1999-cu ilin dekabr ayının 15-də Şərəfxanlı kəndində dünyaya gəlib…

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub…

Bacısı hazırda ailəli, iki övlad anasıdır, Şəmkir rayonunda yaşayır…

Murad 2006-2017-ci illərdə Ağcabədi rayon Şəhid Ceyhun Cəfərov adına Şərəfxanlı kənd tam orta məktəbində orta təhsil alıb…

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2018-ci ildə həqiqi hərbi xidmətə yollanıb…

Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissələrdən birində xidmət edib…

Xidmətini başa vurduqdan sonra evinə, ailəsinə dönüb, atası ilə birlikdə el məclislərində çayçı kimi fəaliyyət göstərib…

İkinci Vətən Müharibəsi başladıqdan iki gün sonra, sentyabrın 29-da isə səfərbərliyə cəlb olunub, döyüşlərdə iştirak edib…

Füzuli Cəbrayıl istiqamətlərində döyüşən Muradın şərəfli döyüş yolu 10 gün çəkib və oktyabnrın 8-də Cəbrayıl rayonunda qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra, oktyabrın 9-da Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra üç medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub…

O, Şərəfxanlının yeganə İkinci Vətən Müharibəsi Şəhididir…

Ailəsinin yaşadığı küçə hazırda Onun adını daşıyır…

21 yaşında Şəhidlik məqamına ucalan Şəhidimiz həm də subay olub…

Eyni zamanda, Şəhidin qohumu, atasının İsmayıllı rayonunda yaşayan dayısı nəvəsi Kənan Səlimli (Səlimzadə) də İkinci Vətən Müharibəsi Şəhididir…

Onu da qeyd edim ki, Murad axırıncı dəfə ailəsi ilə oktyabrın 3-də danışıb…

Ondan sonra Onunla əlaqə saxlamaq mümkün olmayıb…

Atasına deyib ki, “anama de ki, narahat olmasın…Burada dalğa yaxşı tutmur…Özüm zəng edəcəyəm və qayıdıb-gəlib anamı yaşadacağam…”

Şəhid anası Ceyran xanımın dediklərindən:

“Hələ də Muradın yoxluğuna inana bilmirəm…Hər yerdə gözüm onu axtarır…Həyətə çıxıram, deyirəm ki, görəsən, nə vaxt gələcək…Sadəcə, məzarına gedəndə bilirəm ki, balam yoxdur (gözləri dolur)…Amma balam mənim üçün hər zaman yaşayır və yaşayacaq…Çox deyib-gülən, zarafatcıl uşaq idi…Mənə, atasına çox bağlı idi…”

Məqamı Uca, ruhu şad, dərgahı mübarək olsun, Şəhidimizin-Murad Əsədovun!

Allah valideynlərinin bir daha və bir daha səbr və dözümünü versin!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyev Dritan Abazoviçi-QƏBUL ETDİ

Read Next

Direktor olmaq istəyənlər-BU GÜN ÖZLƏRİNİ SINAYACAQLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir