“Axırıncı dəfə sentyabrın 29-da, saat 4-ə qalmış danışdıq…Dedi ki, yoldaşlarımla oturmuşuq, bir loxma çörək yeyirik, mənə görə də narahat olmayın…”-ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN 6 İL KEÇƏN BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, ADİLƏNİN DÖRD OĞLAN ÖVLADINDAN BİRİ, APREL DÖYÜŞLƏRİNİN İŞTİRAKÇISI, ÜÇ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN AZƏR HƏSƏNOVUN HƏYAT YOLDAŞI ƏSMƏR HƏSƏNOVA – FOTOLAR

Sabah-13 oktyabr 2026-cı il tarixində Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Azər Aydın oğlu Həsənovun Anım Günüdür…

Əbədiyyətə uğurlanmasından altı il keçir…

Düz 6 ildir Həsənovlar ailəsi Azərsizdir…

Düz 6 ildir Azərin xatirələri, anıları ilə yaşayır Həsənovlar ailəsi…

Xatirələri, anıları ilə təsəlli tapır, ovunurlar Vətən sevdalısı, Vətən fədaisi, İgid, Qəhrəman Azərin…

***

Bu gün-12 oktyabr 2026-cı il tarixində-axşam saatlarına yaxın isə ilk dəfə Şəhidimizin Qaradəmirçi kəndində ailəsini, ocağını ziyarət etdim…

Ziyarətdə mənimlə birlikdə Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Elməddin Hüseynzadənin anası Arzu Hüseynova da iştirak edirdi…

Öncə Şəhidimizin ailəsinə-valideynlərinə, övladlarına, etibarlı, vəfalı həyat yoldaşı Əsmər xanıma Allahdan səbr və dözüm dilədik…

“Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirik!”-dedik…

Bir ömür boyu Azər Həsənov da daxil olmaqla, cəmi Şəhidlərimizə borclu olduğumuzu dilə gətirdik…

Şəhidimizin sadə, çox sakit təbiətli valideynləri, həyat yoldaşı, övladları ilə dərdləşdik, söhbətləşdik…

Bu yerdə qeyd edim ki, Şəhidimiz 1982-ci ilin 6 may tarixində Bərdə rayonunun Qaradəmirçi kəndində dünyaya gəlib…

Ailənin dörd oğlan övladından, dörd qardaşdan biri və evin böyük oğlu olub…

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra həqiqi hərbi xidmətə, Vətənə borcunu yerinə yetirməyə gedib…

Əsgərliyini başa vurduqdan sonra isə ailəsinə, evinə dönüb, xırda ticarətlə məşğul olub…

Ailə həyatı qurub…

Atasının bibisi nəvəsi Əsmər xanımla evlənib…

Üç övladı-iki oğlu, bir qızı-Aqili, Akşini və Fatiməsi dünyaya gəlib…

Aqil hazırda Bakı şəhərində Daxili Qoşunlarda fəaliyyət göstərir, Akşin isə Azərbaycan Texniki Universitetinin (AzTU) ikinci kurs tələbəsidir…

Fatimə də orta məktəb şagirdidir, Bakının Hövsan qəsəbəsində təhsil alır…

Azər 2014-cü ildən isə həyatını yenidən Ordu, hərb ilə bağlayıb, MAXE kimi Azərbaycan Ordusunda fəaliyyətə başlayıb…

Aprel döyüşlərinin iştirakçılarından olub…

Atası Aydın kişinin dediyinə görə, hər dəfə söhbət Aprel döyüşlərindən düşəndə Azər Fəxrlə, İftixar hissi ilə danışırmış…

Həmin döyüşlərin iştirakçısı olmasından Qürur duyurmuş…

Və bir Vətən sevdalısı və 6 ilin hərbçisi kimi İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərə, Vətənin müdafiəsinə atılıb…

Şərəfli döyüş yolu 3 gün çəkib…

Axırıncı dəfə sentyabrın 29-da qardaşlarından biri, həyat yoldaşı Əsmər xanım və qızı Fatimə ilə danışıb, hər şeyin yaxşı, yolunda olduğunu, onun üçün narahatlıq keçirməyə də heç bir səbəb olmadığını deyib…

Ancaq səhəri gün-sentyabrın 30-da telefonuna zəng edilsə də, Azərlə danışmaq, əlaqə saxlamaq mümkün olmayıb…

Ailəsi günlərlə Azəri axtarıb, onun yolunu gözləyib…

Amma…

Oktyabrın 13-də nəşi ailəsinə təhvil verilib və Qaradəmirçi kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

Məkanı cənnətli, məqamı Ali və Uca, ruhu isə ailəsinə, övladlarına kömək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Anım Günündə Bərdəli “Qarabağ” ordenli İkinci Vətən Müharibəsi Şəhidi Asəf Əsgərovun-MƏZARI ZİYARƏT OLUNDU, ADINA EHSAN SÜFRƏSİ AÇILDI… – FOTOLAR – YENİLƏNİB

Read Next

Tək və nişanlı oğul, kollec təhsilli, Aprel döyüşlərinin iştirakçısı Murad Qurbanov və ailənin üç övladından, əkiz və nişanlı qardaşlardan biri Əli Tağıyev-BU GÜN HƏR İKİ SƏBAİLLİ ŞƏHİDİN ANIM GÜNLƏRİDİR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir