Aybəniz Haşımovanın rəhbərliyi ilə “Sənət Akademiyası” fəaliyyətə başlayır

Azərbaycanın Əməkdar artisti, tanınmış müğənni Aybəniz Haşımovanın rəhbərliyi altında “Sənət Akademiyası” fəaliyyətə başlayır.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında dilə gətirən müğənni qeyd edib ki, “Sənət Akademiyası”nın yaradılmasında məqsəd ölkəmizdə musiqi sahəsində formalaşmaq, peşəkar bir ifaçı kimi fərqlənmək istəyən şəxslərə dəstək olmaqdır:

“Bildiyiniz kimi, mən uzun illərdir “Bülbüllər” qrupuna rəhbərlik edirəm. Bu qrupda mənim tələbəm olan dəyərli gənclərimizin qazandığı böyük uğurlardan bütün Azərbaycan xalqı xəbərdardır. Lakin bu qrup daha çox azyaşlı istedadlara xitab edirdi. Düşünüb belə qərar verdik ki, yalnız yeniyetmələr üçün deyil, eyni zamanda ifaçılıq sahəsində peşəkarlaşmaq istəyən bütün yaş qruplarından olan insanlar üçün belə bir imkan yaradaq. Bu məqsədlə “Sənət Akademiyası”nı təsis etdik”.

Əməkdaş artist qeyd edib ki, “Sənət Akademiyası”na qəbul müsabiqə yolu ilə olacaq.

“Akademiyada tələbələrə xalq və bəstəkar mahnıları, klassik muğam və estrada ifaçılığı, vokal janrı, səhnə mədəniyyəti və danışığı və bir sıra digər istiqamətlər üzrə nəzəri və praktik dərslər tədris olunacaq. Ayda bir dəfə tələbələrə Azərbaycanın korifey sənət adamlarından, xalq və əməkdar artistlərindən ustad dərsləri almaq şansı veriləcək. Bununla yanaşı zaman-zaman tanınmış xarici sənətçilər də akademiyanın qonağı olacaq. Akademiyada dərslər həm fərdi, həm də qrup şəklində keçiriləcək. Akademiyanın fərqlənən tələbələrinin yüksək səviyyəli konsert və televiziya proqramlarında iştirakına dəstək olmağa çalışacağıq”-deyə, Əməkdar artist mətbuata açıqlamasında daha sonra bildirib.

Etikxeber.az

 

Read Previous

Ən qədim su mənbəyi tapıldı

Read Next

Paşayeva Mustafanı dəstəklədi, telekanalları “yıxıb-sürüdü”: “Eyni vəziyyətdədirlər”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir