“Ayı ətini satan “ovçu” saxlanılıb və o, cəmiyyətə, dövlətə cavab verməli olacaq” – NAZİR – YENİLƏNİB – (1)

 

“Azərbaycanda o qədər nərə balığı yoxdur ki, bütün restoranlarda satılsın”

Muxtar BABAYEV: “Biz yediyimiz məhsula ehtiyatla yanaşmalıyıq, vətəndaşlar bu məsələdə ehtiyatlı olmalıdır”

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev  Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında mətbuat konfransı keçirib.

Etikxeber.az-ın xəbərinə görə, mətbuat konfransında M. Babayev deyib ki,  “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı” icra olunur.

Onun sözlərinə görə, geniş istifadə olunan plastik torbalardan istifadənin mərhələli şəkildə məhdudlaşdırılması və alternativ materiallardan istifadənin genişləndirilməsi üçün tədbirlər görülür: “Azərbaycanda yüngül çəkili polietilen torbaların dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər aidiyyəti qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib. Qalınlığı 15-50 mikron olan polietilen torbaların ödənişli olması ilə bağlı sənəd layihəsi isə razılaşdırma mərhələsindədir”. Nazir havaya pis qoxu-iy yayan müəssisələrlə bağlı məsələyə də münasibət bildirib. O qeyd edib ki, nazirlik sərt cəza tədbirlərindən daha çox belə müəssislərin doğru işləməsini istəyir: “Sumqayıtda havaya pis qoxu yayan əsasən 2 metaləritmə müəssisəsidir. Sumqayıt poliqonu bizi narahat edən hava çirklənmə mənbəyidir. Burada yerli icra orqanlarının böyük məsuliyyəti var. Pərakəndəlik belə hallara gətirib çıxarır. Kiçik müəssisələrdə fəaliyyət göstərənlər cərimə ödəməkdənsə, işini düzgün qursun. Ona görə də cərimə, sanksiya, məcburi göstərişlər, maarifləndirmə və təmizləyici qurğuların qurulması işi düzgün qurulmalıdır. Bununla daha böyük cərimələrin qarşısını ala, əhalinin narazılıqlarını da aradan qaldıra bilərik”.

M. Babayev sonra qeyd edib ki, azmeşəli ölkə kimi meşələrin artırılması və mühafizəsi prioritet istiqamətlərimizdən biridir: “Ölkə ərazisinin 95 %-nin qazla təmin olunması hesabına meşələrə neqativ təsirlərin miqyası əhəmiyyətli dərəcədə azalıb”. Nazirin qeyd etdiyinə görə, meşəyə qulluq məqsədilə tədarük olunan oduncaq qazlaşmayan yaşayış məntəqələrinin sakinlərinə, təhsil, səhiyyə müəssisələrinə, Müdafiə Nazirliyinin, Daxili və Sərhəd Qoşunlarının hərbi hissələrinə qış yanacağı kimi verilir: “Tədarük olunan oduncaq 2019-cu il üzrə 62 min kub metrdir. Meşə fondunun açıq sahələri ərzaq təhlükəsizliyini təmin etmək və ərzaq bolluğu yaratmaq məqsədilə hüquqi və fiziki şəxslərə aqrobağların salınması üçün uzunmüddətli icarəyə verilir. Meşələrin mühafizəsini və yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Zaqatala, Şəki, Qax, Oğuz və Qəbələ rayonlarında müşahidə kameraları quraşdırılıb və bu istiqamətdə işlər davam edir. Meşələrin dayanıqlı inkişafını təmin etmək məqsədilə kənar təsirlərə daha çox məruz qalan yerlərdə yüngül konstruksiyalı çəpərləmə işləri aparılır”. M. Babayev bununla yanaşı bildirib ki, Milli Parklara bu ilin 9 ayı ərzində 82680 nəfər səfər edib: “Sevindirici haldır ki, əvvəlki illərdə yalnız Göygöl Milli Parkına turist marağı qeydə alınırdısa, 2019-cu ildə digər milli parklara səfər edən turist sayı orta hesabla 3 dəfəyədək artıb. Milli Parklarda 111 turizm marşrutu yaradılıb”. Nazir bildirib ki, kadr potensialını artırmaq məqsədilə meşə mühəndislərinin hazırlanması üçün gənclər Rusiya Federasiyasının və Türkiyə Respublikasının ali məktəblərinə göndərilir. O əlavə edib ki, son 1 il ərzində nazirliyin işçilərinin 10 faizi treninqlərə cəlb olunub.

***

Mətbuat konfransı zamanı “Ölkənin su ehtiyatları Cənubi Qafqazın su ehtiyatlarının 15%-ni təşkil edir. Su ehtiyatlarımız son onilliklərdə azalıb. Beynəlxalq iqlim modellərinə əsasən, su ehtiyatlarının gələcəkdə də azalma ehtimalı var” – deyən M. Babayev qeyd edib ki, Kür çayının aşağı axınında suyun səviyyəsi müxtəlif məntəqələrdə 2018-ci il ilə müqayisədə 20 sm-dən 100 sm-dək aşağıdır: “Mingəçevir su anbarının səviyyəsi təkcə oktyabr ayı ərzində 33 sm azalıb və hazırda 68,54 m təşkil edir. 2018-ci ilin oktyabrında səviyyə 70,78 m təşkil edirdi. Ölkədə il ərzində su mənbələrindən götürülən 12.8 milyard kub metr suyun 3.6 milyard kub metri (28%) itkiyə gedir”. Nazirin bildirdiyinə görə, əsas su itkiləri torpaq məcrada tikilmiş suvarma kanalları və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verir: “Suların dəqiq uçotunun aparılması, eləcə də tullantı sularının təkrar dövriyyəyə qaytarılaraq texniki məqsədlər üçün istifadə olunmasına qədər bütün sistemin təkmilləşdirilməsini təklif olunur. Kənd təsərrüfatının inkişafı suya tələbatı da artırır ki, bu da çaylarda sululuğun azalmasına səbəb olur”. Nazir qeyd edib ki, kənd təsərrüfatında suyun qənaətlə istifadəsinə yönəlik böyük hədəflər var: “İnanıram ki, növbəti il ərzində bununla bağlı ciddi proqramlar icra olunacaq. Su ehtiyatlarının qənaətlə istifadə olunmasına nail olmalıyıq. Biz onun səmərəsiz istifadəsinin qarşısını almalıyıq”.

***

Nazir sonra bildirib ki, restoranlarda nərə balığı adı ilə insanlara başqa ətin satılması halları mövcuddur. M. Babayevin dediyinə görə, Azərbaycanda o qədər nərə balığı yoxdur ki, bütün restoranlarda satılsın: “Biz yediyimiz məhsula ehtiyatla yanaşmalıyıq. Digər ətin nərə balığı adı ilə verilməsi var. Vətəndaşlar bu məsələdə ehtiyatlı olmalıdır”. Nazir əlavə edib ki, Azərbaycanda nərə balığının yetişdirilməsi istiqamətində işlər davam etdirilir və ildən-ilə bu proses artır: “Müəyyən zamandan sonra biz bunun müsbət nəticələrini görəcəyik”.

M. Babayev sosial şəbəkələrdə ayı ətinin satılması ilə bağlı məsələyə də münasibət bildirib. O,  deyib ki, ayı ətini satan “ovçu” artıq saxlanılıb və o, cəmiyyətə, dövlətə cavab verməli olacaq: “Burada ictimaiyyətin rolu da böyükdür. Sosial şəbəkədə vəhşi heyvanların saxlanılması ilə məlumatlar yayılır. Cəmiyyət və dövlət birgə yaxşı fəaliyyət göstərdi. Biz bu cür məsələlərə hamılıqla həssas yanaşmalıyıq”. Nazir həmçinin qeyd edib ki, müxtəlif heyvanların şəxsi evlərdə və ya iaşə obyektlərində saxlanılması faktları azalıb: “Artıq ictimaiyyət bu istiqamətdə məlumatlıdır. Kimsə bu cür hala rast gəlirsə, onu ictimailəşdirir və dərhal tədbirlər görülür”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Avropa İttifaqının Bakı nümayəndəliyindən – BƏYANAT

Read Next

Şəmsəddin Xanbabayev – İSTEFA VERDİ VƏ YERİNƏ ELNUR RZAYEV GƏLDİ – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir