“Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır” – ELDAR İBRAHİMOV

Mirzə ƏLİYEV: “Fermerlər artıq elektron qaydada müraciət edə biləcək və qeydiyyatdan sonra alınacaq subsidiya məbləği onların kartına köçürüləcək…”

Sentyabrın 20-də Milli Məclisin (MM)  Aqrar siyasət komitəsinin iclası keçirildi.

Etikxeber.az-ın xəbərinə görə,  iclası açan adıçəkilən komitənin sədri, professor Eldar İbrahimov deputatlara payız sessiyanda müvəffəqiyyətlər arzuladı və iclasın əlamətdar bir günə – “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümünə təsadüf etdiyini söylədi.

Bildirildi ki, mərhum dövlət başçısı Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi neft strategiyası böyük əhəmiyyət kəsb edir:

“Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynayır”.

eldar-10

Sonra komitə sədri gündəlikdəki  məsələləri  təqdim  etdi.

Əvvəlcə, cari ilin yaz və növbədənkənar sessiyaları barədə hesabat verildi.

Bildirildi  ki, komitə bu dövrdə  öz  fəaliyyətini  nəzərdə  tutulmuş  iş  planına uyğun həyata keçirib. Sessiya  ərzində  komitənin  12  iclası  keçirilib,  36  məsələ,  o  cümlədən  14  qanun  layihəsi  geniş  müzakirə  edilib.

Parlamentin  digər  komitələrindən  daxil  olmuş  qanun  layihələrinə  ətraflı  rəylər  hazırlanıb:

Komitə üzvləri xarici ölkələrin parlamentləri ilə sıx əməkdaşlıq edib,  beynəlxalq təşkilatların toplantılarına qatılıblar.

Komitə sədri Türkiyədə, Avstriyada keçirilən bir sıra tədbirlərdə yaxından iştirak edib.

Diqqətə çatdırıldı ki, hesabat  dövründə komitəyə seçicilərdən 49  müraciət  daxil  olub.

Müraciətlərin  bir  hissəsi  kənd  təsərrüfatı  və  torpaq  islahatları  ilə  bağlı  məsələləri,  digər  hissəsi  əhalinin  sosial  müdafiəsi,  əmək  mübahisələri  və  digər  mövzuları  əhatə  edib.  Həmin  müddətə  komitənin  sədri  tərəfindən  24  şikayətçi  qəbul  edilib,  onları  narahat  edən  məsələlərin  həlli  istiqamətində  zəruri  addımlar  atılıb.

İclasda komitənin 2019-cu ilin payız sessiyasının işlər planı barədə məlumat verildi.

Bildirildi ki, sessiya zamanı dövlət başçısı, deputatlar, Ali Məhkəmə, Baş Prokurorluq, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən qanunvericilik təşəbbüsü qaydasında aqrar sahəyə aid təqdim edilmiş qanun layihələri, “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi, bir sıra qanunlara əlavə və dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr aparılacaq.

Komitənin 2019-cu ilin yaz və növbədənkənar sessiyaları dövründə  fəaliyyəti qənaətbəxş hesab edildi, payız sessiyasının iş planı təsdiqləndi.

Sonra iclasda kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması ilə əlaqədar məsələyə baxıldı.

E. İbrahimov ölkədə aqrar sahənin inkişafı istiqamətində  əhəmiyyətli işlər görüldüyünü dedi. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı bir sıra statistik göstəriciləri təqdim etdi. Qeyd etdi ki, əvvəlki illərlə müqayisədə bu sahədə nəzərəçarpacaq artım müşahidə olunur:

“Bu və digər  nailiyyətlərin əldə edilməsində aqrar bölmədə  idarəetmənin təkmilləşdirilməsi çox önəmlidir”.

Dövlət başçısı tərəfindən cari ilin 27 iyun tarixində “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərman imzalandığını diqqətə çatdıran komitə sədri bununla bağlı öz fikirlərini açıqladı.

Bildirildi ki, fərmana əsasən, subsidiyaların fermerlərə vahid mexanizm vasitəsilə çatdırılması nəzərdə tutulur.

Tədbirdə iştirak edən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev mövzu barədə ətraflı məlumat verdi.

Bildirdi ki, aqrar sahədə çalışanlara dəstək məqsədilə subsidiyaların ayrılması vacib məsələlərdəndir. Bunu təmin etmək üçün  Subsidiya İnformasiya Sistemi formalaşıb. Fermerlər artıq elektron qaydada müraciət edə biləcəklər. Qeydiyyatdan sonra alınacaq subsidiya məbləği onların kartına köçürüləcək.

Diqqətə çatdırıldı ki, kənd təsərrüfatının daha da inkişaf etdirilməsi istiqamətində digər önəmli layihələr də həyata keçirilir.

Belə ki, ölkədə Aqrar Sığorta Fondu yaradılıb, torpaq sənədlərinin alınması ilə bağlı səyyar briqadalar fəaliyyət göstərir, fermerlərin texnika ilə təmin edilməsi sahəsində əhəmiyyətli işlər görülür.

Komitə üzvləri Eldar Quliyev, Cavanşir Paşazadə, Novruzəli Aslanov, Tahir Süleymanov məsələ ilə bağlı fikirlərini açıqladılar.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Əgər qarşıdakı görüşdə girovlarla bağlı hansısa bir razılığa gəlinsə…” – DEPUTAT

Read Next

60 yaşlı deputat “Şöhrət” ordenilə təltif olundu – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir