“Azərbaycan Özbəkistan əlaqələri yeni mərhələyə daxil olub”-CEYHUN MƏMMƏDOV

Azərbaycan Özbəkistan əlaqələri yeni mərhələyə daxil olub.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov dilə gətirib.

Qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır. Səfər zamanı Daşkənddə Heydər Əliyev meydanının açılması, 20-dək sənədin imzalanması, Prezident İlham Əliyevin ən yüksək səviyyədə qarşılanması, Özbəkistan Prezidentinin Azərbaycan və Ulu Öndər haqqında söylədiyi fikirlər bu səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından tarixi əhəmiyyət daşıdığını göstərir.

Onun sözlərinə görə, qeyd etmək lazımdır ki, səfər zamanı imzalanmış 20-dək sənəd Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldir. Bu baxımdan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” xüsusi əhəmiyyətə malikdir. Bu sənəd iki ölkə arasında əməkdaşlığı daha da gücləndirəcək, əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

“Səfərin əhəmiyyətini artıran digər bir məsələ isə Prezident İlham Əliyevi Özbəkistana dövlət səfərinin ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin 25 illiyinə təsadüf etməsidir. Hələ 1997-ci ildə Ulu Öndər Heydər Əliyev Özbəkistana səfər etmiş, bir sıra mühüm sənədlərin imzalanmasına nail olmuşdu. Heç şübhəsiz ki, Daşkənddə Heydər Əliyev meydanının açılışı, Özbəkistan Prezidentinin ulu öndər Heydər Əliyev barədə fikirləri qardaş ölkədə Azərbaycan xalqının ümummilli liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdirir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanla Özbəkistan bir sıra beynəlxalq platformalarda da sıx əməkdaşlıq edirlər. BMT, İƏT, TDT çərçivəsində Özbəkistan hər zaman Azərbaycanın Qarabağla bağlı haqq işini dəstəkləyib. Azərbaycan xalqı bunu hər zaman yüksək qiymətləndirib.  

Bu gündən Azərbaycanla Özbəkistan Hərbi və hərbi-texniki sahədə də  əməkdaşlığı inkişaf etdirəcəklər. Bu baxımdan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” xüsusi əhəmiyyət daşıyır. Bu qeyd olunan sahədə iki ölkə arasında əlaqələrin gücləndirilməsinə ciddi töhfə verəcək.

Tərəflər Nəqliyyat-logistika sahəsində əməkdaşlığın daha da gücləndirilməsini də planlaşdırırlar. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in imzalanması bu məqsədə xidmət edir. Əslində bu sahədə də iki ölkənin imkanları kifayət qədər genişdir. Bu gün qarşıda duran əsas hədəflərdən biri bu əməkdaşlığı daha da gücləndirməkdir.

İki ölkə Liderləri sənaye və investisiya sahəsində də əlaqələri inkişaf etdirməyi planlaşdırırlar. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye sahəsində əməkdaşlıq haqqında Saziş” bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

Məlum olduğu kimi, Özbəkistan Qarabağda həyata keçirilən abadlıq və quruculuq işlərində də iştirak etmək niyyətindədir. 2021-ci ilin noyabrında İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Özbəkistan Prezidenti Ş.Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirmişdi. 3 hektar ərazidə 960 yerlik məktəb tikintisi üçün ərazi artıq müəyyənləşdirilmiş, artıq ilkin işlərə başlanılmışdır. Bu, Azərbaycanla Özbəkistan arasında dostluğun, əsl qardaşlığın rəmzidir. Azərbaycan xalqı bu doğma münasibəti yüksək qiymətləndirir”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Əsgər Əziz Məlikov barəsində həbs qətimkan tədbiri seçilib-HƏRBİ PROKURORLUQ

Read Next

Küləkli hava sabah səhərədək-DAVAM EDƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir