Azərbaycan sabah “TANAP” adlı daha bir uğuruna imza atacaq – MİLLƏT VƏKİLİ

Azərbaycan daha bir uğuruna, daha bir iqtisadi inkişaf göstəricisinə imza atmağa hazırlaşır. Cəmi bir neçə gün öncə Cənub Qaz Dəhlizinin (CDQ) təntənəli açılış mərasimini keçirən dövlətimiz sabah TANAP layihəsinin möhtəşəm açılış törənini gerçəkləşdirəcək, daha doğrusu, dövlət başçımız qardaş Türkiyədə keçiriləcək açılışda işirak edəcək, ölkəmizin uğurları, nailiyyətləri sırasına daha biri əlavə olunacaq.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkili deyib ki,  TANAP Azərbaycan üçün, həmçinin, Avropa dövlətləri üçün də çox önəmli layihədir.

“Ona görə də bu layihəyə diqqət həddən artıq böyükdür. 1994-cü ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi” 20-ci əsrin müqaviləsi olduğu kimi, bu da 21-ci əsrin müqaviləsi, 21-ci əsrin müqavilələrindən biri sayıla bilər. Bu layihəyə qoyulan sərmayənin ümumi məbləği 40 milyard dollardır. 2020-ci ildə tam istifadəyə veriləndə bu kəmər vasitəsilə 31 milyard kubmetrə yaxın qaz ixrac olunacaq. Bu kəmərə  hətta Türkmənistanın qoşulma ehtimalı var. Bununla bağlı danışıqlar da gedir ki, Xəzər dənizinin dibi vasitəsilə kəmər çəkilsin. Özü də Avropa dövlətləri üçün böyük əhəmiyyət kəsb edən bu layihəni ABŞ dövləti də müdafiə edir. Neft-qaz sərgisinə gələn qonaqlar da bu layihənin əhəmiyyətindən danışdılar. Əvvəllər bəzi dövlətlər, xüsusilə də Rusiya bu layihəni maneə sayırdı. İndi də müəyyən qədər bu mövqelər var. Çünki bu, Avropaya alternativ qaz layihəsi hesab olunmalıdır. Çünki hazırda Avropaya qazı əsasən Rusiya ixrac edir. Onlar istəyirlər ki, biz qazımızı Rusiya vasitəsilə bazara çıxaraq. Amma ölkə başçısı bütün təzyiqlərə, təkidlərə baxmayaraq, Gürcüstan-Türkiyə vasitəsilə Azərbaycan qazının Avropaya çıxarılması ilə bağlı çox ciddi siyasi qərar verdi. Artıq kəmərin müəyyən hissəsi çəkilib, ciddi maliyyə problemləri yoxdur, yardımlar var, layihəni müdafiə edənlər həddən artıq çoxdur.

Bu, həm siyasi, həm iqtisadi cəhətdən Azərbaycan üçün önəmlidir. Birincisi, iqtisadi cəhətdən ölkəmizə əlavə dividentlər gətirəcək, Azərbaycanın iqtisadi mövqeyi daha da möhkəmlənəcək.  İkincisi də iri dövlətlər bu layihənin çəkilməsində maraqlıdır. Belə layihələr stabillik olan ölkələrdə həyata keçirilir. Azərbaycanın müstəqilliyinin qorunub-saxlanması daimi olması üçün belə layihələr böyük əhəmiyyət kəsb edir. “Əsrin müqaviləsi”ndən sonra 30-a yaxın layihələr reallaşıb və bu, davam edəcək. İndi qaz layihəsi, TANAP-TAP layihəsi reallaşdırılır. Sonra ola bilər digər layihələr də reallaşsın. Azərbaycan nəinki bölgə, hətta Avropa üçün nəqliyyat mərkəzinə çevrilir. Burada logistika mərkəzi yaradılır. Çox böyük işlər görülür. Ona görə də qısqanclıq çox böyükdür. Azərbaycanda olan inkişafı bir çox dövlətlərin, bəzi qonşuların gözü götürmür”-deyə, millət vəkili sözlərinə əlavə edib.

eldeniz

Millət vəkilinin sözlərinə görə, bir çox dövlətləri və dairələr həmişə istəyiblər ki, Azərbaycan müstəmləkə şəklində, “banan” respublikası, “üçüncü dünya dövlətləri”ndən biri olsun:

“Amma artıq Azərbaycan müstəqil dövlətdir, kifayət qədər gücü, güclü ordusu var, iqtisadi cəhətdən ciddi problemi yoxdur, 45 milyarda yaxın ehtiyatımız var. Bütün  bunlar Azərbaycanın müstəqilliyi üçün qarant olan amillərdəndir. Gözü götürməyən dövlətlər həmişə olub, indi də var. Necə ki, SSRİ-ni bərpa etməklə bağlı çağırışlar səslənir, addımlar atılır. Açığı, elə bizim ölkəmizdə də son vaxtlar bəzi çıxışlar olur. O çıxışlar mənim heç xoşuma gəlmir. Rusiya böyük dövlətdir, amma biz bu dövlətlə də strateji müttəfiqik. Biz heç vaxt onların maraqlarına toxunan addımlar atmırıq. Amma müstəqil dövlət kimi öz siyasətimiz var. Bu siyasəti də cənab prezident müəyyən edir, aparır. Kiminsə xoşuna gəlməyə bilər, amma çox uğurlu siyasət yürüdülür. Düzdür, son vaxtlar müəyyən təlatümlər yaratmaq istəyirlər. Son vaxtlar İtaliya dövləti bununla əlaqədar müəyyən addımlar atmaq istəyir. Amma məncə, məsələ yoluna qoyulacaq, Azərbaycanın, TANAP da daxil olmaqla, inkişaf qatarının qabağını kimsə ala, kəsə bilməyəcək. Belə cəhdlər hər zaman olduğu kimi, yenə də fiaskoya uğrayacaq”.

Etikxeber.az

 

Read Previous

Hərdən ləyaqətlilərdən də yazaq – DEPUTAT YAZDI

Read Next

Saatlıdakı kütləvi zəhərlənmə nədən baş verib? -AÇIQLAMA – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir