“Azərbaycan tərəfi, Azərbaycan Ordusu mülki insanlara qarşı hücumlar həyata keçirmir…”-PREZİDENTİN KÖMƏKÇİSİ – YENİLƏNİB

Ermənistan tərəfi daim beynəlxalq media ilə ünsiyyətdə bir məqamı vurğulayır ki, guya Azərbaycan Xankəndidə yerləşən dinc obyektləri atəşə tutub. Mən vurğulamaq istərdim ki, Azərbaycan tərəfi, Azərbaycan Ordusu mülki insanlara qarşı hücumlar həyata keçirmir.

Etikxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib

O, bildirib ki,  Xankəndidə Azərbaycanın Tərtər və digər şəhərlərinə qarşı istifadə olunan 2-3 raket hissələri yerləşdirilmişdi:

“Həmçinin orada Ermənistan tərəfinin böyük raket və digər silah-sursat anbarları da yerləşdirilmişdi. Biz beynəlxalq kanallarla 2-3 oktyabr tarixlərində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik vasitəsilə də Ermənistan tərəfinə müraciət etmişik ki, bu cür obyektlər Xankəndidən çıxarılsın. Çünki bu, mənəviyyat məsələsidir. Lakin bu müraciətdən sonra Ermənistan tərəfi Tərtərə qarşı daha sərt hücuma keçdi. Və biz Xankəndində yerləşən bu hərbi obyektləri məhv etməyə məcbur olduq. Çox təəssüflər olsun ki, Ermənistan tərəfi bu cür hərbi obyektləri dinc əhalinin yaşadığı ərazidə yerləşdirir. Bu cür hallarda dinc əhali hərdən ziyan çəkə bilir. Lakin bunu Azərbaycan tərəfinin itkiləri ilə müqayisə etmək olmur”. 

“BMT olaraq regionda humanitar vəziyyətin gərginləşməsindən çox narahatıq”.

Bunu isə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib.

O, bildirib ki, mülki əhalinin ərazini tərk etməli olması, hücumlara məruz qalması bir neçə dəfə onların diqqətinə çatdırılıb:

“Siz bizə deyə bilərsinizmi ölkə rəhbərliyi bu cür halların baş verməməsi üçün hansı addımlar atır?”

H.Hacıyev buna cavab olaraq bildirib ki, hərbi əməliyyatların Ermənistan tərəfindən başlanıldığı nəzərə alınmalıdır:

“Bizim yeganə məqsədimiz Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etməkdir. Bunun üçün də Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlamalı oldu. Biz görürük ki, Ermənistan tərəfi indi də Azərbaycanın dinc şəhərlərini atəşə tutur. Azərbaycan şəhərlərinə qarşı “SKUD” raketləri, digər təhlükəli silahlar tətbiq olunur. Açığı, bu bizim üçün bir tərəfdən gözlənilən idi. Çünki biz artıq dəfələrlə şahidi olmuşuq ki, Ermənistan tərəfi cəbhə bölgəsində yerləşən və yaşayan dinc əhaliyə qarşı daim hücumlar həyata keçirir. Təbii ki, hökumət, yerli icra hakimiyyəti orqanları tərəfindən öz yaşayış yerlərini itirən və onları tərk etmək məcburiyyətində qalan insanlara müvəqqəti sığınacaqlar təklif olunur. Biz artıq beynəlxalq qurumlara da müraciət etmişik, BMT ilə də bu məsələyə dair müzakirələr aparırıq. Hazırda bütün lazımi addımlar atılır. Biz hazırda Azərbaycana bu istiqamətdə dəstəyin göstərilməsinə xüsusi ehtiyac duymuruq. Çünki Azərbaycan hökuməti dinc əhalinin yerləşdirilməsi istiqamətində bütün lazımi addımları atır”.

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov öz növbəsində qeyd edib ki, burada söhbət terror təhdidindən gedir:

“Bu məsələ çox ciddi qəbul edilməlidir. Çünki döyüş meydanında çətin vəziyyətə düşən düşmən tərəfi artıq ötən əsrin 70-ci, 80-ci illərdə olduğu kimi, ASALA və digər terror qurumları ilə əlaqələr qurur. Onlar xaricdə yerləşən Azərbaycanın diplomatlarına, diplomatik nümayəndəliklərinə qarşı terror aktı həyata keçirə bilər. Biz əvvəllər bunun şahidi olmuşuq. Türk diplomatlarına qarşı hücumlar həyata keçirilib. Hazırda işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfində terror qruplaşmalarının minlərlə nümayəndəsi döyüşür. Söhbət PKK, YPG terror qruplaşmalarından gedir. Biz ümidvarıq ki, Azərbaycanda yerləşən diplomatik qurumlar, nümayəndəliklər, ictimaiyyət bu məsələni ciddiyə alacaq və Azərbaycanın xaricdəki diplomatik missiyalarının təhlükəsizliyi təmin olunacaq. Biz istəməzdik ki, bundan əvvəl baş verən hadisələr təkrarlansın. Ermənistan tərəfinin çarəsizliyi və döyüş meydanında məğlub olması onların müəyyən sərt addımlarına, terrora əl atmasına səbəb ola bilər”. 

***

Sonra “Hadrut qəsəbəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Görə bilərik ki, bütün binalar, mülki obyektlər toxunulmamış haldadır. Amma işğaldan azad edilmiş Fizuli və Cəbrayıl rayonlarından gələn görüntülərə baxsaq, görə bilərik ki, tamamilə dağıdılıb”-deyən H. Hacıyev bildirib ki, həmin görüntülərə baxmaq çox çətindir:

“Baxdığımız videolorda görə bilərik ki, Fizuli şəhərində hətta Azərbaycan bayrağını sancmaq üçün normal bina da tapmaq çətin idi. Bütün bunlar Ermənistanın dağıdıcı siyasətinin nəticəsidir. Bu hal artıq özü-özlüyündə çox gözəl bir nümunədir ki, Ermənistan dinc əhaliyə və tarixə qarşı təcavüz törədir. Amma Azərbaycan Ordusu Hadrut qəsəbəsini işğaldan azad edəndən sonra heç bir binaya toxunmayıb və mülki obyektlər normal vəziyyətdə qalıb”.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi qeyd edib ki, Azərbaycan legitim hərbi hədəflərə qarşı hücum həyata keçirəndə mümkün qədər dəqiq atəş açmağa çalışır. 

Etikxeber.az

Read Previous

Tərtər və Ağdam rayonlarının yaşayış məntəqələrini artilleriya atəşinə tutur-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

“Ölkəmizin Almaniyadakı səfirliyi tərəfindən sözügedən qanunsuz səfərlə əlaqədar AFR XİN-ə nota, Bundestaq və Brandenburq Landtaqlarına etiraz məktubları göndəriləcək”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir