Azərbaycan üç və daha çox islahat aparan 29 ölkədən biri olub…

Dünya Bankı 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatını açıqlayıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, builki hesabatda Azərbaycan 65-ci pillədə qərarlaşıb. Hesabata əsasən, Azərbaycan dünyada üç və daha çox islahat aparan 29 ölkədən biridir. Belə ki, “Xarici ticarətin aparılması” göstəricisi üzrə beynəlxalq ticarət zamanı idxal və ixrac bəyannamələrinin elektron qaydada verilməsi sisteminin tətbiq edilməsi, “Vergilərin ödənilməsi” göstəricisi üzrə nəqliyyat vasitələrinə tutulan vergi üzrə sadələşdirilmənin aparılması və “Elektrik təchizatı şəbəkələrinə qoşulma” meyarı üzrə yeni qoşulmalar prosesi zamanı yeni istifadəçilərin qoşulma nöqtələrinin müəyyən edilməsi üçün sərf olunan vaxta qənaət edən məlumat bazasının yaradılması hesabatda mühüm islahatlar kimi vurğulanıb.

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ötən il ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan hesabatda bir sıra göstəricilər üzrə mövqeyini daha da yaxşılaşdırıb. Belə ki, ölkəmiz “Biznesə başlama” göstəricisi üzrə 5-ci (əvvəlki hesabatda 7-ci), “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 32-ci (əvvəlki hesabatda 36-cı), “Xarici ticarətin aparılması” göstəricisi üzrə 83-cü (əvvəlki hesabatda 94-cü) və “Elektrik təchizatı şəbəkələrinə qoşulma” göstəricisi üzrə 105-ci (əvvəlki hesabatda 110-cu) pilləyə yüksəlib. Bundan başqa, “Doing Business 2017” hesabatının “Biznesə başlama” göstəricisi üzrə Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyada ilk beşliyə daxil olub və ən yaxşı təcrübəyə malik ölkələrdən biri kimi qeyd edilib.

Bundan başqa, “Əmlakın qeydiyyatı” (22), “Kiçik investorların maraqlarının qorunması” (32), “Vergilərin ödənilməsi” (40), “Müqavilələrin icrasının təmin edilməsi” (44) göstəriciləri üzrə Azərbaycan öz mövqelərini yaxşılaşdıraraq 190 ölkə arasında ilk əllilikdə qərarlaşıb.

Qeyd edək ki, “Doing Business 2016” hesabatı 189 ölkədə biznes mühitinin qiymətləndirilməsi əsasında hazırlanıb.

Etikxeber.az

Read Previous

“İçəri şəhər” filmi Hindistan Beynəlxalq Film Festivalında

Read Next

70 yaşayış məntəqəsinə qar yağdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir