“Azərbaycan Vətən müharibəsində qazandığı şanlı Qələbənin ruhu və ovqatı ilə daha da qüdrətlənəcək, parlaq sabahlara inamla addımlayacaq”-DEPUTAT

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı zəfərlə bu il xalqımız Novruz bayramını xüsusi təntənə ilə qeyd edir. Uzun illərdir arzu edirdik ki, Bahar bayramını doğma torpaqlarımızda, Qarabağımızda qeyd edək. Şükürlər olsun ki, artıq bayram tonqalları işğaldan azad edilən torpaqlarımızda, Qarabağın döyünən qəlbi Şuşada qalanır.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov bildirib ki, Ali Baş Komandan İlham Əliyevin Şuşada Cıdır düzündə xalqımızı Novruz bayramı münasibətilə təbrik etməsi hər kəsi qürurlandırdığı qədər, həm də hər birimizə xüsusi hisslər yaşatdı:

“Çünki 30 ildən sonra Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz dastan yazdı və biz bu gün qalib xalq kimi ilk milli bayramımızı bütün ölkə ərazisində qeyd edərək Zəfər tonqalları yandırırıq. Prezidentimiz bir daha bütün dünyaya göstərdi ki, bu torpaqlar vahid Azərbaycan dövlətinin ərazisidir. “Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev Şuşada bayram tonqalını alovlandırması ilə həmin nidanı qoymuş oldu”.

Deputat diqqətə çatdırıb ki, Prezidentin Şuşa səfərində ən əsas məqamlardan biri də dövlətimizin başçısının Azərbaycan gəncliyinə verdiyi dəyər və onun rolunu yüksək qiymətləndirməsidir:

“Dövlətimizin başçısı xatırlatdı ki, “əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi”. Həqiqətən də tarixi ədalətin bərpa olunmasında və böyük qələbəmizin əldə edilməsində məhz Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 17 il müddətində yetişən gənc nəslin xüsusi payı var. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Çünki Azərbaycanda gənc nəsil vətənpərvərlik ruhunda yetişir. 30 il əvvəl işğal olunan ərazilərimizin azad olunması gənc nəslin də müəyyən etdiyi əsas vəzifələrdən biri idi.

Şuşa xalqımızın milli ruhunu qoruyan və Azərbaycan mədəniyyəti üçün böyük önəm daşıyan bir şəhərdir. Otuz il Azərbaycan ərazilərini işğal altında saxlamış erməni qəsbkarları bütün dünyaya Qarabağın, o cümlədən Şuşanın erməni torpaqları olduğuna dair saxta məlumatlar yaymaqla məşğul idilər. Bu torpaqların əsl sahibləri isə bu gün həmin ərazilərdə bu gün yollar çəkir, binalar tikir, qurur, yaradır, layihələr həyata keçirir, insanların firavan gələcəyini təmin etmək üçün işlər görür. Artıq torpaqlarımıza Böyük Qayıdış başlayıb və möhtəşəm quruculuq işlərinə, o cümlədən Azərbaycan Prezidenti tərəfindən ölkəmizin mədəniyyət paytaxtı elan edilən Şuşanın bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə də start verilib”.

Deputat vurğulayıb ki, bu gün hər birimiz Azərbaycanın şanlı tarixinə öz adını qızıl hərflərlə yazan Prezident İlham Əliyevin 17 il ərzində qətiyyətli və düşünülmüş şəkildə yürütdüyü siyasətin öz bəhrəsini verdiyinin canlı şahidiyik. Bu günlər biz hamımız mübarək Zəfərin təntənəsini yaşayırıq, bütövlüyümüzün və birliyimizin sevincini bölüşürük.

“Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev bütün dünyaya örnək olacaq səviyyədə xalq-iqtidar birliyinə, Azərbaycanın ərazi bütövlüyünə nail olaraq adını tarixə yazdırıb. Əminik ki, günbəgün qüdrətlənən, qüvvətlənən Azərbaycan dövləti Vətən müharibəsində qazandığı şanlı Qələbənin ruhu və ovqatı ilə daha da qüdrətlənəcək, parlaq sabahlara, zəfərlərə daha əzmlə, inamla addımlayacaq”.

Etikxeber.az

Read Previous

“Biz Qalibik, biz Qalib xalq, biz Qalib dövlət, biz Qalib hökümət, biz Qalib parlamentik!”-MİLLƏT VƏKİLİNİN YAZISI

Read Next

İngiltərə Kubokunda yarımfinalçılar-MÜƏYYƏNLƏŞDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir