Azərbaycan-Xorvatiya əməkdaşlığı dünyaya nümunə sayıla bilər – MİLLƏT VƏKİLİ

Azərbaycan bu gün bütün ölkələrlə səmimi, işgüzar və qarşılıqlı etimad əsasında əməkdaşlıq, tərəfdaşlıq edir. Azərbaycanın yeganə əməkdaşlıq etmədiyi, ümumiyyətlə, heç bir münasibətlərdə olmadığı ölkə təcavüzkar və işğalçı Ermənistandır. Bu ölkənin rəhbərlərinin, siyasətçilərinin yanlış, səhv, dağıdıcı siyasəti üzündən, həmçinin, onların  işğalçılıq və təcavüzkarlıq niyyətlərindən əl çəkmədiyi üçün Azərbaycan Ermənistanla heç bir əməkdaşlıq etmir və neçə ki, işğal faktı qalır, bu, belə də olacaq və Ermənistan təcrid olmuş vəziyyətdə qalmaqda davam edəcək.  Ancaq bununla yanaşı, qeyd etdiyim kimi, Azərbaycan ona hörmət və sayğı ilə yanaşan bütün ölkələrlə əməkdaşlıq edir,  daim əməkdaşlığa açıqdır  və bu gün Azərbaycanın qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaşlıq münasibətlərinə malik olduğu ölkələrdən biri də Xorvatiyadır.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Bu baxımdan millət vəkili hesab edir ki,  Azərbaycan prezidenti İlham Əliyevin bugünlərdə  Xorvatiyaya rəsmi səfəri , iki ölkənin rəhbərinin bir araya gəlməsi, mühüm sənədlərə atması və münasibətlərin gələcək inkişafına yönəlik mesajlar səsləndirməsi Azərbaycan-Xorvatiya münasibətlərinin inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir.

“Qeyd etdiyim kimi, səfər zamanı prezident İlham Əliyevlə Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşləri olub. Prezidentlər əməkdaşlığın müxtəlif aspektlərinə dair məsələləri ətraflı müzakirə ediblər. Prezident İlham Əliyev, eyni zamanda, bu ölkə parlamentinin sədri Qordan Yandrokoviç ilə görüşüb. Dövlətimizin başçısı Zaqrebdə “Xorvatiya Qurbanlarının Səsi – Ağrı Divarı” abidəsini də ziyarət edib. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti ilə Xorvatiya prezidenti mətbuata bəyanatlarla çıxış ediblər. Bütün bunlar onu göstərir ki, Azərbaycan ilə Xorvatiya arasında çox fəal siyasi dialoq mövcuddur və ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir” – deyən, millət vəkilinin sözlərinə görə, hətta,  Azərbaycan-Xorvatiya münasibətləri bu gün ölkələr və dövlətlər arasında əməkdaşlığa bir nümunə sayıla bilər.

kolinda-ilya-2

Xorvatiya ilə Azərbaycanın iqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu deyən deputat əlavə edib ki, hər iki ölkə arasında iqtisadi əməkdaşlıqla əlaqədar qarşılıqlı komissiya fəaliyyət göstərir:

“Qarşıdakı illərdə isə ticarət dövriyyəsinin artırılması və müştərək investisiya layihələrinin reallaşdırılması ilə bağlı müvafiq işlər görüləcək. Bundan başqa, tərəflər arasında kənd təsərrüfatının inkişafı, informasiya texnologiyaları, gəmiqayırma, yeyinti məhsullarının emalı sahələrində də əlaqələrin dərinləşdirilməsi və əməkdaşlığın inkişafı diqqət mərkəzindədir. Səfər çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanması da bunu göstərir”.

eldeniz salimovvv

Xorvatiya və Azərbaycan arasında energetika sahəsində əməkdaşlığın mühüm önəmə malik olduğunu qeyd edən E. Səlimovun bildirdiyinə görə, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfələr verir:

“Hazırda respublikamızın təşəbbüsü ilə Xəzər hövzəsini uzaq Adriatik dənizi, oradan isə Avropa ölkələri ilə əlaqələndirən Cənub Qaz Dəhlizi inşa olunur. İnvestisiya dəyəri 40 milyard dollardan çox olan bu layihə 7 ölkəni birləşdirir. Xorvatiya da Cənub Qaz Dəhlizinə böyük maraq göstərir, bu layihədə iştirak etmək istəyini ifadə edir. Bu ölkə Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantılarında mütəmadi olaraq iştirak edir”.

Azərbaycanın strateji tərəfdaşı olan Xorvatiyanın daim ölkəmizin Avropa İttifaqı (Aİ)  ilə əməkdaşlığını dəstəklədiyini söyləyən deputat qeyd edib ki, Azərbaycanla sözügedən qurum arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması, yeni Sazişin imzalanması istiqamətində müvafiq işlərin aparılması qarşılıqlı faydalı münasibətlərin inkişafı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir:

“Heç təsadüfi deyil ki, dövlət başçımız da öz çıxışında Avropa İttifaqı ilə münasibətlərdə ölkəmizə davamlı dəstək göstərdiyinə görə Xorvatiyaya minnətdarlıq etdi və vurğuladı ki, “Bu gün müzakirə etdiyimiz kimi, biz Avropa İttifaqı ilə yeni Sazişin tezliklə tamamlanmasına böyük ümidlər bəsləyirik və bu da bizim əməkdaşlığımızda çox mühüm mərhələ olacaq. Bu, bütün sahələri – Azərbaycanın siyasi, demokratik və iqtisadi inkişafını, enerji siyasətini, nəqliyyat, multikulturalizmlə bağlı olan sahələri əhatə edən hərtərəfli sənəddir. Bu, gələcəkdə Azərbaycan ilə Avropa arasında fəal əməkdaşlığı təmin edəcək mühüm bir sənəd olacaq”. Yəni, bütövlükdə, səfərin nəticələri onu deməyə əsas verir ki, Azərbaycan-Xorvatiya münasibətləri uğurla, sürətlə inkişaf edir və geniş perspektivlərə malikdir”.

Etikxeber.az

Read Previous

Gürcüstanın yeni prezidenti qadın ola bilər…

Read Next

“Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda beynəlxalq konfrans keçirildi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir