Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dünya bu gün siyasi-iqtisadi, sosial-mənəvi böhran məngənəsindədir.
2008-ci ildən başlayan maliyyə-iqtisadi böhran hələ də davam etməkdədir.
Yaxın və Orta Şərqdə, Afrikada yaşanan vətəndaş müharibələri, qanlı qarşıdurmalar, qırğınlar, aclıq, ölüm, səfalət, insanlıq faciəsi və dramı günümüzün, dövrümüzün acı yaşantıları, reallıqlarıdır.
Bunlar azmış kimi, son 3 ayda yaşanan, dünyanı lərzəyə salan, iqtisadiyyatları çökdürən, insanların həyatını məhv edən koronavirus pandemiyası da bir tərəfdən…
Təəssüflər olsun ki, bu bəla bizlərdən, ölkəmizdən də yan keçməmiş, “çağırılmamış qonaq” kimi, qapımızı döymüşdür.
Bizdə də infeksiyaya yoluxanlar, dünyasını dəyişənlər var.
Amma və lakin…
Bütün dünya bu böhranla, bu bəla ilə üz-üzə və aciz durumda qalarkən, Azərbaycan Prezidenti cənab İlham Əliyevin son dərəcə müdrik, düşünülmüş, uzaqgörən siyasəti nəticəsində ölkəmiz uğurlara imza atmaqda, tarix yazmağa davam etməkdədir. Koronavirus pandemiyası iqtisadi inkişafımıza son bir ay yarım ərzində əngəl törətsə də, digər bütün sahələrdə-sosial, siyasi sahədə, hüquq sistemində islahatlar davam etdirilməkdədir.
Koronavirus pandemiyasının ölkəmizdən birdəfəlik dəf olub getməsi istiqamətində atılan ardıcıl addımlar öz uğurlu, müsbət nəticələrini verdiyi kimi adlarını çəkdiyim sahələrdə davam etdirilən islahatlar prosesi də gözləntiləri doğrultmaqdadır. Buna elə son misal olaraq, Ali Məhkəmənin Plenumu tərəfindən İlqar Məmmədov və Rəsul Cəfərovla bağlı atılan addımları, onlara bəraətlərin verilməsi, təzminat ödənilməsi ilə bağlı qərarların çıxarılmasını qeyd etmək olar. Bunlar məhz ölkə Prezidentinin istər siyasi sahədə, istərsə də məhkəmə-hüquq sistemində apardığı dəyişikliklərin, islahatlar prosesinin məntiqi nəticəsidir.
Bildiyiniz kimi, hələ ötən ilin martında- Azərbaycan xalqına Novruz təbrikində ölkə Prezidenti digər sahələrdə olduğu kimi, siyasi sahədə, məhkəmə-hüquq sistemində də islahatların aparılacağı anonsunu vermişdi. 2003-cü ilin oktyabrından verilən vədlər bir-bir yerinə yetirildiyi kimi, çox keçmədən həm siyasi sahədə, həm də məhkəmə-hüquq sistemində də islahatların yeni və geridönməz mərhələsinə start verildi.
Milli Məclis rəhbərliyinə ilk dəfə olaraq, müxalifət partiyası üzvünün seçilməsi, komitə və komissiya sədrləri və müavinləri arasında parlamentdə yer almış bütün partiyaların nümayəndələrinin təmsilçiliyi, Prezident Administrasiyasının müvafiq şöbəsinin rəhbərinin partiya liderləri ilə görüşlər keçirməsi, bugünlərdə yeni yaradılmış daha iki partiyanın Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınması və nəhayət, Ali Məhkəmənin yuxarıda qeyd etdiyimiz son qərarı ölkə Prezidentinin formalaşdırdığı siyasətin, onun şəxsi iradəsinin və qətiyyətinin göstəricisidir. Bunlar həm də kimsənin müdaxiləsi və diktəsi olmadan həyata keçirilir, seçim özümüzün, iqtidarındır, Azərbaycan dövlətinə və onun rəhbərinə məxsusdur.
Suveren Azərbaycan Respublikası 1993-cü ilin yayından bu yana müstəqil, heç kimdən asılı olmayan siyasət xətti yürütməkdədir və bu yolda da heç bir əngəl, maneə tanımayıb, tanımır, bundan sonra da tanımayacaqdır.
Ancaq çox təəssüflər olsun ki, hələ də aramızda tarixdən, yaşananlardan ibrət dərsi götürməyənlər də var. Onlar ölkədə baş verən bu qədər müsbət işləri, əldə edilən uğurları, nailiyyətləri gözügötürməyən, qısqanclıqla yanaşan qruplar, sapı özümüzdən olan baltalardır. Bunlar o qruplardır ki, 1992-93-cü illərdə Azərbaycanı fəlakət, məhv olmaq, dağılmaq, parçalanmaq, müstəqilliyini itirmək həddinə çatdırmışdılar.
Səriştəsizlikləri, bacarıqsızlıqları və qətiyyətsizlikləri ucbatından ölkəni xaos, anarxiya bürümüşdü. Azərbaycan xalqının uzun təkidlərindən sonra Bakıya-ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin dühası sayəsində həm Azərbaycan fəlakətlərdən qurtulmuş, həm də bu qrupun üzvləri qiyamçı polkovnikin dar ağaçından xilas edilmişlər. 1993-cü ilin iyun hadisələrindən sonra qaçıb orda-burda gizlənənlər yenə də Heydər Əliyevin humanistliyi, insanpərvərliyi sayəsində siyasətə dönmüş, öz fəaliyyətlərini davam etdirmələri üçün onlara növbəti şans-meydan verilmişdi.
Amma onlar bu yaxşılıqların müqabilində yenə də əvvəlki xislətlərindən əl çəkməyərək, açıq və gizli şəkildə Azərbaycan dövləti və dövlətçiliyinə qarşı xəyanət yolu tutmuş, iqtidara qarşı bütün çirkin addımlara baş vurmuşlar və təəssüflər olsun ki, bu gün də öz məkrli əməllərindən, murdar hərəkətlərindən əl çəkmirlər. Əksinə, son bir neçə ildə daha da radikallaşmış, daha da azğınlaşmışlar.
Onların gözlərini hakimiyyət, pul, kreslo hərisliyi o qədər örtmüşdür ki, müqəddəs heç nə tanımırlar, bütün siyasi və əxlaqi dəyərləri ayaqlar altına atıblar. Azərbaycana qarşı ən amansız mövqedə dayanmış ermənipərəst anti Azərbaycan dairələrlə, mərkəzlərlə sinxron fəaliyyət göstərməkdədirlər. İşləri-gücləri ancaq və ancaq həmin dairələrə, Avropa Şurasının Parlament Assambleyasına, Azərbaycanın inkişafını istəməyən beynəlxalq təşkilatlara şər-böhtan dolu donoslar yazmaqdan ibarətdir.
Bu qrupun başında da Əli Kərimli, onun rəhbərlik etdiyi AXCP və millilikdən çox-çox uzaqda olan “Milli Şura” adlanan dərnək dayanır. 2013-cü ildə Azərbaycanda hakimiyyət çevrilişi etmək üçün xarici-antiAzərbaycan ermənipərəst qüvvələrin təsiri ilə yaradılmış “Milli Şura”nın tərkibinə məhz Əli Kərimlinin yeritdiyi mənəviyyatdan uzaq adamların sayəsində öz varlığını bu gün də “sürdürməkdədir”.
Hansı ki, zamanında dövlətçilikdən az-çox anlayışı olan adamlar bu qurumdan uzaqlaşdılar, gördülər ki, bu qurumun məqsədi Azərbaycanı onu sevməyən dairələrin təsiri altına salmaqdan ibarətdir. Amma məhz Əli Kərimli xaricdən, çirkli mənbələrdən aldığı təlimatlar və maddi yardımlar əsasında bu qurumu yaşatmağa, onu Azərbaycanı istəməyən qüvvələrin əlində dövlətə, iqtidara qarşı təzyiq vasitəsinə çevirməyə cəhd etməkdədir və bu gün də məkrli planlarından əl çəkmir.
Ancaq o və onun kimilər bir məqamı unudurlar ki, indiki Azərbaycan 1991-93-cü illərin zəif, gücsüz, kənardan idarə olunan, məhz onların bərbad günə saldığı Azərbaycan deyil. Bu gün Azərbaycan dünyanın ən güclü, ən qüdrətli, ən nüfuzlu dövlətlərindəndir. Bunu da təkcə biz demirik, bütün dünya, beynəlxalq birlik deməkdə və etiraf etməkdədir. Azərbaycanı qüdrətli, güclü edən isə onun Lideridir-ölkə Prezidenti cənab İlham Əliyev!
Odur ki, istər Əli Kərimli, istərsə də yan-yörəsində özü ağılda olan adamlar bilsinlər və unutmasınlar ki, Azərbaycan xalqı, Azərbaycan dövləti və dövlət başçısı onların xain əməllərinin gercəkləşməsinə imkan verməyəcək. Bu günə kimi imkan verməyib, bu gün də imkan vermir, sabah da imkan verməyəcək.
Hər dəfə iqtidar üçün “sonun başlanğıcıdır”deyənlərin özlərinin sonunun başlanğıcı olacaq. Hər dəfə olduğu kimi, yenə də məğlub, rəzil-rüsvay durumuna düşəcək, məkanları tarixin zibilliyi olacaqdır.
Azərbaycan iqtidarının və müstəqil Azərbaycan dövlətinin ömrü isə Azərbaycan xalqının ömrü kimi uzun olacaq.
Dağ dağa söykənib nəhəngləşdiyi kimi, Azərbaycan dövləti və Azərbaycan iqtidarı da Azərbaycan xalqına söykənib hələ çox xarüqələr yaradacaq, hələ çox tarixlər yazacaq, hələ çox zəfərlərə imza atacaqdır!!!
Eldar İBRAHİMOV,
Milli Məclisin İntizam Komissiyasının sədri
Etikxeber.az





