Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bahar Muradova: Azərbaycan Qarabağ məsələsində mövqeyindən geri dönməyəcək
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində öz qətiyyətli mövqeyini və fəal diplomatik səylərini davam etdirir. Bunun nəticəsidir ki, ayrı-ayrı beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif qərar və qətnamələr qəbul ediblər. Prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda bu məqamlara da toxundu və diqqətə çatdırdı ki, münaqişənin həllinin bir yolu var. Ermənistan silahlı qüvvələri bizim torpaqlarımızdan çıxarılmalıdır, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və ondan sonra bölgədə sülh yarana bilər.
Etikxeber.az xəbər verir ki, bunu vitse-spiker, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
“Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünün bütün dünya tərəfindən tanındığını, bütün ölkələrin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğuladı. Əlbəttə, Prezident İlham Əliyevin həmin tədbirdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqları və Azərbaycanın mövqeyini qətiyyətlə diqqətə çatdırıması çox mühüm əhəmiyyətə malikdir”-deyən, B. Muradovanın sözlərinə görə, indiki şəraitdə parlament diplomatiyası da Dağlıq Qarabağ münaqişəsinin həllinə dair beynəlxalq miqyasda mühüm qərar və qətnamələrin qəbul edilməsinə çox ciddi təsir göstərir.
“Azərbaycan deputatlarının beynəlxalq miqyasda fəaliyyətinin prioritet istiqamətini Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar reallıqların dünya ictimaiyyətinə çatdırılması təşkil edir. Bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyət uğurla davam etdirilir. Son illərdə Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli və beynəlxalq hüquq normalarına əsaslanan, ölkəmizin ərazi bütövlüyünün dəstəkləndiyi qətnamələr qəbul ediblər. Bu, olduqca mühüm əhəmiyyətə malikdir.
Bütövlükdə, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətli – prinsipial mövqeyi beynəlxalq hüquq normalarına və ölkəmizin milli maraqlarına əsaslanır. Ermənistanın yeni rəhbərliyi isə bir-birini təkzib edən ziddiyyətli və məntiqsiz bəyanatlar verməklə bu ölkənin qeyri-konstruktiv mövqeyini nümayiş etdirir. Prezident İlham Əliyev haqlı olaraq qeyd etdi ki, bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir. Dövlətimizin başçısı Azərbaycanın öz prinsipial mövqeyindən geri dönməyəcəyini bildirərək vurğuladı ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından da Azərbaycan torpağıdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir”–deyə, vitse-spiker sözlərinə əlavə edib.
Etikxeber.az