Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ölkəmizdə səfərdə olan Litvanın Sağlamlıq Elmləri Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli ilə görüşüb.
Universitetin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, görüş zamanı Litvanın Sağlamlıq Elmləri Universitetinin nəzdindəki Kardiologiya İnstitutunun direktoru, professor Rimantas Benet təmsil etdiyi tibb müəssisəsi haqqında məlumat verib. O, Kaunasda yerləşən bu universitetdə tibbin bütün növləri üzrə kadrlar hazırlandığını deyib: “Biz veterinar da hazırlayırıq. Bu, bizim üçün böyük potensial deməkdir və dövlətə ən böyük xidmətdir. Çünki yetirmələrimiz həm gömrük, həm də kənd təsərrüfatı sistemində işləyirlər, insanlar üçün ən önəmli olan qida keyfiyyətinə nəzarət edirlər. Biz indi həkimlərdən daha çox tibb bacılarının səviyyəsinin artırılması üzrə işləyirik. Çünki ictimai səhiyyə üzrə hazırlanan işçilər hər cür müəssisələrdə – məktəblərdə, uşaq bağçalarında işləyirlər və onların bilik səviyyəsinə arxayın olmalıyıq”. Qonaq bildirib ki, özündə bütün ixtisasları birləşdirən Litva Sağlamlıq Elmləri Universitetinin nəzdində klinikalar, hətta apteklər də vardır.
Daha sonra qonaqlar Litva Sağlamlıq Elmləri Universitetinin idarəetmə və tədris sistemindən danışaraq bildiriblər ki, Azərbaycan Tibb Universiteti ilə əməkdaşlıq etmək arzusundadırlar.
G. Gəraybəyli bir müddət əvvəl Litva Sağlamlıq Elmləri Universitetində olduğunu, burada təhsil və praktika üçün gözəl şərait yaradıldığını vurğulayıb. Rektor hazırda ATU-da tələbələrin praktiki bacarıqlarının artırılmasına daha çox diqqət ayrılmasına ehtiyac olduğunu bildirib: “Universitetimizdə nəzəri biliklər kifayət qədər yüksək səviyyədə tədris olunur. Lakin tələbələrin praktiki bacarıqları ilə bağlı müəyyən problemlər var. Biz bu sahədə Türkiyə universitetləri ilə sıx əməkdaşlıq edirik. Hətta ATU-nun stomatologiya fakültəsini bitirən məzunların diplomları Türkiyədə tanınır və təsdiqlənir, gənclərin orada rezidenturada oxumaq şansı yaranır”.
Azərbaycanda tibb təhsilinin tədrisinin təşkili haqqında məlumat verən Gəray Gəraybəyli ölkəmizdə bu istiqamətdə bir neçə müəssisənin fəaliyyət göstərdiyini qeyd edib: “ATU-da yalnız diplomlu həkimlər hazırlanır. Bundan əlavə, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və tibb bacıları hazırlayan kollec də mövcuddur. Gələcəkdə bu müəssisələrin birləşdirilməsi haqqında planlar hazırlanır və islahatlar yolu ilə bu planların həyata keçirilməsi reallaşdırılır”.
Professor G.Gəraybəyli tədris metodikasında ciddi dəyişikliklərə ehtiyac olduğunu, bir sıra fənlər üzrə proqramların köhnəldiyini bildirib: “ATU-da kafedra işçilərinin akkreditasiyadan keçirilməsi meyarlarının hazırlanması üçün komissiya yaradılıb. Digər tərəfdən biz universitetin nizamnaməsini də hazırlayırıq. Birinci kursun proqramında dəyişikliklər edilməsi, bəzi fakültələrin adlarının və hazırlanan kadrların ixtisasının dəyişdirilməsi, daha da dəqiqləşdirilməsi ilə bağlı planlar hazırlanıb”.
Rektor səsləndirdiyi məsələlər üzrə Litva Sağlamlıq Elmləri Universitetinin təcrübəsindən yararlanmaqda və bu tibb ocağı ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib. Müzakirələr zamanı tezliklə bu istiqamətdə konkret addımlar atılmasına, qarşılıqlı müqavilənin hazırlanıb imzalanmasına qərar verilib.
Etikxeber.az