Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü ilə əlaqədar “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi bəyanat yayıb.
İctimai Birlikdən Etikxeber.az-a daxil olan bəyanatda bildirilir ki, son iki yüz ildə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına uydurma “böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə 1905-1906, 1918-1920, 1948-1853, 1988-1993-cü illərdə xalqımıza qarşı soyqırımı, terror, deportasiya və etnik təmizləmə kimi cinayətlər törədiblər. XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun inzibati-ərazisinə aidiyyatı olmayan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilib. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb.
Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi Ermənistanın bu hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhali öz doğma torpağından məcburən köçkün düşmüş və hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub. 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olub, 100 min nəfərdən çoxu yaralanıb, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olub, 5 min nəfərdən çox insan isə əsir və itkin düşüb. Eyni zamanda, bu dövrdə dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan tərəfindən, ümumilikdə, müxtəlif səpkili 373 terror aktı törədilib ki, nəticədə 1200 nəfər dinc insan həlak olub və 1705 nəfər yaralanıb.
XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsidir. Dinc insanlara qarşı törədilən vəhşiliklər bütün beynəlxalq normalara zidd olmaqla yanaşı, bəşəriyyətə qarşı törədilən amansız cinayətlərdir. Çox təəssüf ki, Ermənistanın yürütdüyü etnik təmizləmə və soyqırımı siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki soyqırımı ən ağır cinayət olmaqla yanaşı, beynəlxalq hüquqa görə sülh və təhlükəsizliyə qarşı yönələn cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” konvensiya ilə müəyyən olunub.
Bu cinayətlərin içərisində 25 il bundan əvvəl – 1992-ci il mayın 8-də Azərbaycanın tarixi mədəniyyət məkanı olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ölkəmizin mədəni irsinə vurulan ağır zərbədir. Bu işğal zamanı Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali öz doğma torpağından didərgin salınıb.
Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan tarixində mühüm yer tutan, canlı təbiət muzeyi və abidələr şəhəri olan Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya və turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilib, yandırılıb və dağıdılıb.
Bütün bunlarla yanaşı, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidələr də erməni vandalları tərəfindən dağıdılıb, məbədgah və məscidlər təhqirlərə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, Molla Pənah Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, ikimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir Hacıbəylinin, Bülbülün ev muzeyləri, Xan Şuşinskinin, tarzən Sadıqcanın evləri, Realni məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunələri erməni işğalçıları tərəfindən talan edilib və dağıdılıb.
Ümumilikdə, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusilə, 600-dən çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbəd və 67 məscid erməni hərbi birləşmələri tərəfindən tamamilə yerlə-yeksan olunub. Bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilib, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılıb.
Ermənistan Respublikası tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulması, dünya mədəniyyətinin nümunələri sayılan memarlıq abidələrinin dağıdılması və mənimsənilməsi, insan hüquqlarının, o cümlədən mədəni hüquqların kütləvi şəkildə, kobudcasına pozulması beynəlxalq hüquq normalarına və prinsiplərinə tamamilə ziddir. Azərbaycanın tarixi və mədəniyyət, eyni zamanda, dini abidələrinin vəhşicəsinə dağıdılması və qəsdən məhv edilməsi “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasına, eləcə də “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına zidd olsa da, beynəlxalq birlik bu cinayətlərin qarşısının alınmasında qəti mövqe göstərmir, bu vandalizmə ikili standartlarla yanaşır.
Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümündə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən artıq, o cümlədən Şuşa şəhərinin sayı 33 mindən çox olan azərbaycanlı əhalisi beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini dəstəkləməyə çağırır.
Biz dünya ictimaiyyətini və beynəlxalq təşkilatları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunana qədər “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcə də mədəniyyət mərkəzi və Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisinin yüzilliklər boyu yaşadığı Şuşa şəhərində Azərbaycanın tarixi, memarlıq və dini abidələrin məqsədyönlü şəkildə dağıdılması, talan edilməsi və mənimsənilməsinə, eləcə də bu işğala son qoyulmasına çağırırıq.
Biz humanizm ideyalarının daşıyıcısı olan bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Bununla yanaşı, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin.
Bununla yanaşı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal çıxması qeyd olunsa da, Minsk qrupunun göstərdiyi səylər indiyə kimi Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəticələr verməyib. ATƏT-in regionda sülhpərvər fəaliyyətinin uğursuzluğunun başlıca səbəbi məhz Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının birbaşa təcavüzü faktının etiraf olunmaması ilə bağlıdır. Hesab edirik ki, münaqişənin ədalətli həlli Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə təcavüzə məruz qalaraq oradan qovulmuş 80 mindən çox azərbaycanlının doğma torpaqlarına qayıtmasından sonra mümkündür.
Bu səbəbdən, münaqişənin nizama salınması prosesində Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, işğal etdiyi ərazilərdən çıxmasını tələb etmədən və qəbul edilən sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Ona görə də böyük dövlətlər qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.
Etikxeber.az