“Azərsu” yolu qazdı, təmir etmədi və getdi”…” – QORXMAZ HÜSEYNOV – YENİLƏNİB

 

Qorxmaz HÜSEYNOV: “Badamdardakı sürüşmə zonasında kanalizasiya sistemi yenidən qurulur”

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov  noyabrın 7-də  Yeni Azərbaycan Partiyasının (YAP) mənzil- qərargahında mətbuat konfransı keçirib.

Etikxeber.az-ın xəbərinə görə, mətbuat konfransı zamanı Q.Hüseynov bildirib ki, koperativ binaların öz balansında olan su anbarları var və bu su anbarları mütəmadi yuyulmalıdır”.

Onun sözlərinə görə, “Azərsu” ASC-də normativə uyğun reqlament var: “Bu reqlamentə uyğun olaraq, hər bir anbar ən az ildə bir dəfə yuyulmalıdır. Bu reqlamentə həm bölgələrdə, həm də Abşeron yarımadasında 100 faiz əməl edirik. Ancaq təəssüflər olsun ki, kooperativ binaların böyük əksəriyyətində bu anbarların təmizlənməsinin diqqətə alınmadığını müşahidə edirik. Hələ də fasiləli rejimlə su alan ərazilər var. Bu ərazilərdəki vətəndaşlar öz su çənlərindən istifadə edirlər. Bu çənlərin də xidməti baxışı, təmizlənməsi həyata keçirilmir”.

ASC sədri sonra bildirib ki, gələn il Abşeronun əksər qəsəbələrində həm su, həm də kanalizasiya layihələri icra olunacaq. Q.Hüseynovun dediyinə görə, xüsusilə magistral su xətlərinin, su anbarlarının tikintisi nəzərdə tutulub: “Eyni zamanda daşıyıcı kanalizasiya kollektorlarının tikintisi nəzərdə tutulub ki, bu çox vacib məsələdir. Çünki kollektor olmadan şəbəkə qura bilmərik, qurulan şəbəkə harasa bağlanmalıdır”. ASC sədri həmçinin bildirib ki, Pirşağıda hazırda 40 min kub gücü olan tullantı sutəmizləyici qurğu tikilir. Həmin istiqamətdə gələn il tullantı sularının idarə olunması üçün kollektorların tikintisinə başlanılacaq və şəbəkələr qurulacaq.

***

Bununla yanaşı, Q.Hüseynov qeyd edib ki, Badamdar qəsəbəsinin 3-cü massivi sürüşmə zonasıdır, oraya Prezident İlham Əliyevin sərəncamı ilə vəsait ayrılıb və işlərə başlanılıb. ASC sədrinin bildirdiyinə görə, həmin ərazinin kanalizasiya sisteminin yenidən qurulması gələn il tamamilə başa çatdırılacaq. Q. Hüseynov həmçinin,  rəhbərlik etdiyi qurum tərəfindən qəza vaxtı boruları təmir etmək üçün yolların qazılması ilə bağlı yararan narazılıqlara münasibət bildirib. O, bildirib ki, bir qəza olursa, mütləq həmin yer qazılmalı və təmir işləri aparılmalıdır: “Amma “Azərsu” yolu qazdı, təmir etmədi və getdi” fikri düzgün yanaşma deyil. Bir qəza olursa, mütləq oranı qazmalıyıq. Bizim qurumun asfalt təsərrüfatı yoxdur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə müqaviləmiz var. Biz 2-3 kvadratmetr yol qazırıq, sonra onun bərpası üçün bir neçə gün vaxt lazım olur. AAYDA-nın o imkanı yoxdur ki, biz deyən kimi gəlib ərazini düzəltsin. Amma biz ərazinin bərpası üçün vaxtın minimuma endirilməsi ilə bağlı işlər görürük. Artıq AAYDA da bu işlərin həyata keçirməsi üçün lokal qurğular alıb”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Komitələrdə büdcə müzakirələri başa çatdı.. – FOTO – YENİLƏNİB – (3)

Read Next

Ölkə ərazisində hava əsasən yağmursuz olacaq – SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir