“Azərbaycan əmin-amanlığın, yüksəlişin məkanı kimi tanınır” – NAZİR

Müstəqil Azərbaycanın hərtərəfli inkişafı, hüquqi dövlət, milli iqtisadiyyat və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazanılan böyük nailiyyətlər Heydər Əliyevin yaratdığı möhkəm təmələ söykənir. Məhz bu təməl əsasında ölkəmiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda bütün sahələr üzrə davamlı inkişaf edir, dünya birliyində mövqeyini gündən-günə gücləndirir. Prezident İlham Əliyev bu il mayın 10-da Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Ulu Öndərin adını daşıyan və işıqlı ideyalarını yaşadan Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə bildirmişdir:

“2003-cü ildə prezident seçkiləri ərəfəsində mən bəyan etmişdim ki, əgər xalq etimad göstərərsə, Heydər Əliyev siyasətini davam etdirəcəyəm və xalq Heydər Əliyev siyasətinə səs verdi. O vaxtdan bu günə qədər Azərbaycan böyük və uğurlu yol keçdi, müstəqillik daha da möhkəmləndi. Azərbaycanda sabitlik təmin olunub, sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Bizim beynəlxalq mövqelərimiz böyük dərəcədə möhkəmləndi. Bu gün Azərbaycan dünya miqyasında çox müsbət nüfuza malik olan bir ölkədir”. Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi bu siyasi kurs bütün sahələrdə müasir Azərbaycana uğurlar gətirir, dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da güclənir, ölkəmiz davamlı və dayanıqlı inkişaf edir, sürətlə modernləşir.

Etikxeber.az xəbər verir ki, bu fikirlər İqtisadiyyat naziri Şahin Mustafayevə məxsusdur.

Onun dediyinə görə, 2011-ci ilin sonlarında 155 ölkənin dəstəyini qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın dünya miqyasında artan siyasi nüfuzunun bariz nümunəsidir.

Nazir qeyd edib ki, bu gün ölkəmiz qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, dünya miqyasında mühüm enerji təminatçılarından biri, beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, yüksəlişin məkanı kimi tanınır.

shahin-nazir

“Azərbaycanın sosial-iqtisadi inkişafı konkret göstəricilərdə də əksini tapır. Belə ki, 2004-2018-ci illərdə ümumi daxili məhsul istehsalı real ifadədə 3,3 dəfə, o cümlədən qeyri-neft ÜDM 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,4 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, nəqliyyat və anbar təsərrüfatı 3 dəfə, informasiya və rabitə xidmətləri 12,4 dəfə, pərakəndə ticarət dövriyyəsi 4 dəfə artıb. Bu dövrdə dövlət büdcəsinin gəlirləri 18,4 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlər 4,6 dəfə artıb, 2 milyondan çox yeni iş yeri açılıb.

Bu dövrdə Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayı 1,4 dəfə, ixrac 7,5 dəfə, o cümlədən qeyri-neft ixracı 4,5 dəfə, ixrac məhsullarının çeşidi 2,5 dəfə artıb. 2018-ci ilin sonuna ölkənin strateji valyuta ehtiyatları 2004-cü illə müqayisədə 28 dəfə artaraq 45 milyard ABŞ dolları təşkil edib. Bu ilin may ayının sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 47,5 milyard ABŞ dollarına çatıb

İqtisadi artım tendensiyası hazırda da davam edir. Bu ilin birinci rübünün yekunlarına görə, ümumi daxili məhsul 3 faiz, sənaye istehsalı 4,4%, qeyri-neft sektor sənayesi istehsalı 15,6%, kənd təsərrüfatı 3,6%, əhalinin gəlirləri 5,5% artıb.

Qazanılan uğurlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Davos İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı dünyada 35-ci rəqabətli iqtisadiyyatdır. Dünya Bankının “Doing Business 2019” hesabatında isə ölkəmiz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilmiş və ən çox islahat aparan ölkə elan olunub.

Əldə edilən iqtisadi nailiyyətlər, ölkəmizin artan maliyyə imkanları sosial siyasətin uğurlu tətbiqini şərtləndirməklə, ölkə vətəndaşlarının yüksək rifahında hərtərəfli əksini tapır.

Dövlət başçısının sistemli və ardıcıl sosial siyasətinin davamı olaraq, 2019-cu ildə həyata keçirilən sosial islahatlar paketi əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi baxımından atılmış inqilabi addımlar kimi xarakterizə edilir, Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin, insan amilinin prioritetliyini bir daha bariz şəkildə göstərir.

Ulu Öndərin inkişaf strategiyasının həyata keçirilməsində, quruculuq tədbirlərinin və sosial islahatların reallaşdırılmasında, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsində, milli-mənəvi dəyərlərin qorunmasında, elmin, təhsilin, səhiyyənin, idmanın, mədəniyyətin və incəsənətin inkişafında, ölkəmizin dünyada nüfuzunun daha da yüksəlməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mühüm xidmətləri var.

Beləliklə, müasir Azərbaycanın keçdiyi inkişaf yolu bir daha göstərir ki, 50 il əvvəl Ümummilli Lider tərəfindən əsası qoyulmuş və tarixin sınağından zəfərlə çıxmış, Azərbaycanın hərtərəfli tərəqqisinə və qüdrətlənməsinə, güclü sosial rifaha istiqamətlənmiş milli inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla həyata keçirilir, qarşıdakı illərdə də davamlı inkişaf üçün möhkəm təməl və əlverişli zəmin yaradılır…”-deyə, nazir sonra qeyd edib.

Etikxeber.az

Read Previous

“Azərbaycanda peşəkar parlament fəaliyyət göstərir” – OQTAY ƏSƏDOV

Read Next

“Onun silinməz izlərini görürük…” – MEHRİBAN ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir