Azərbaycan-Avropa İttifaqı əlaqələri: UDAN DA, QAZANAN DA ELƏ HƏR İKİ TƏRƏFDİR!-ZİYAD SƏMƏDZADƏ YAZIR – (İKİNCİ HİSSƏ)

(İkinci hissə)

1991-ci ildə, yəni 20-ci əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra ölkəmiz dünyanın, demək olar ki, bütün beynəlxalq və regional qurumları ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinə üstünlük verməyə başladı, bu istiqamətdə açıq siyasət yeritdi.

Elə bunun nəticəsidir ki, son 30 ildə əksər beynəlxalq və regional təşkilatların bərabərhüquqlu və ya assosiativ, müşahidəçi qismində, statusunda üzvü olduq.

Əməkdaşlıq, tərəfdaşlıq etdiyimiz qurumlarla da daim səmimi və konstruktiv əməkdaşlıq ruhunda davrandıq, sözlərlə, bəyanatlarla deyil, əməli addımlarımızla öz niyyətlərimizin səmimiliyini bir daha ortaya qoyduq və nümayiş etdirdik.

Xüsusilə də, ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə tarixi hakimiyyətə qayıdışından sonra və onun yolunun, kursunun layiqli davamçısı – Qalib Azərbaycanın Müzəffər Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham Əliyevin 18 illik iqtidarlığı dönəmində beynəlxalq və regional qurumlarla əməkdaşlıq, tərəfdaşlıq özünün ən yüksək həddinə, səviyyəsinə çatdırıldı.

Bu gün Azərbaycan dünyanın əksər beynəlxalq və regional təşkilatları tərəfindən ən etibarlı, ən güvənli tərəfdaş, üzv ölkə kimi tanınır, qəbul edilir.

Demək olar ki, hər bir nüfuzlu beynəlxalq və regional təşkilat ölkəmizlə əməkdaşlıqda maraqlı və israrlıdır.

Müstəqillik illərimizdə, xüsusilə, son 10-15 ildə əməkdaşlıq etdiyimiz nüfuzlu beynəlxalq təşkilatlardan biri də Qərbdə, xüsusilə, Avropada ən aparıcı qurum, əsas söz və qərar sahibi olan Avropa İttifaqı (Aİ) və onun təsisatları, strukturlarıdır.

Heç təsadüfi deyil ki, Azərbaycan Aİ-nin uğurlu layihələrindən olan “Şərq Tərəfdaşlığı”nın üzv ölkələrindəndir.

Bəli, bəzi məqamlarda müəyyən fikir, baxış ayrılıqları olsa da, bu, təbiidir. Azərbaycanla Aİ strukturları və təsisatları arasında səmimi, səmərəli, hər iki tərəfin faydasına olacaq əməkdaşlıq münasibətlər mövcuddur və bu əlaqələr, bu münasibətlər yeni, növbəti sağlam təməllər üzərində daha da inkişaf etməkdə, genişlənməkdədir.

Bu baxımdan, Aİ Şurasının Prezidenti Şarl Mişelin bir neçə gün öncə ölkəmizə yüksək səviyyəli səfəri, Azərbaycan Prezidenti ilə görüşü, onunla birgə mətbuat konfransı çox mühüm addımlardan sayıla bilər və  həm də çox vacib mətləblərdən xəbər verir.

Bu səfər, verilən birgə bəyanatlar, səsləndirilən mesajlar bir daha iki tərəf arasında gələcəyə yönəlmiş uğurlu əməkdaşlıq niyyətlərini və hədəfləri özündə təcəssüm etdirir.

Azərbaycan Prezidenti və Aİ Şurası Prezidentinin birgə mətbuat konfransında səsləndirildiyi kimi, Avropa İttifaqı Azərbaycan üçün yaxın tərəfdaşdır.

Çünki uzun illərdir müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız, əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır.

Ən əsas məqamlardan biri kimi, Aİ-nin bizim əsas ticarət tərəfdaşımız olması mütləq şəkildə qeyd edilməli və vurğulanmalıdır.

 Heç təsadüfi deyil ki, ticarətimizin, ticari əlaqələrimizin, demək olar,  40 faizi Aİ ilə aparılır.

Ötən ilki ticarət dövriyyəsi, demək olar ki, 9,5 milyard ABŞ dolları olub. Həmçinin,  Azərbaycanın Aİ-yə üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir.

Bununla yanaşı, üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir.

Ölkə prezidentinin qeyd etdiyi kimi, bu, bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir.

Ümumiyyətlə, biz  Aİ-yə üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəalıq və elə bunun nəticəsidir ki, Azərbaycan Aİ-nin 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib.

Beləliklə, Aİ-yə üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir.

Bu baxımdan hesab edirik ki, bu, bizim hökumətimizin, Azərbaycan dövlətinin çox böyük nailiyyətidir. Bu, eyni zamanda, əməkdaşlıq üçün əlavə imkanlar yaradır, əlavə şans, fürsət deməkdir.

Azərbaycan Respublikası Prezidenti Şarl Mişellə görüşündə  “Gündəliyimizin mühüm hissəsi, sözsüz ki,enerji təhlükəsizliyi ilə bağlıdır və burada biz yalnız böyük nailiyyətləri, mən deyərdim ki, tarixi nailiyyətləri, xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasını qeyd edə bilərik”, deyərək diqqəti ötən ilin sonuncu günündə baş verən tarixi hadisəyə yönəltdi və bildirdi ki, həmin vaxt  Cənub Qaz Dəhlizinin sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verildi.

Artıq 7 ayını geridə qoyduğumuz 2021-ci ilin yanvar ayının 1-dən bu günədək Azərbaycandan Aİ-yə üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub və heç şübhəsiz ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq. Bu, gözləniləndir və reallaşması da zaman məsələsidir. Bunun özü də əməkdaşlığımıza öz mühüm və müsbət töhfələrini mütləq şəkildə verəcək.

Bu yerdə əlavə etmək istərdk ki, Cənub Qaz Dəhlizi  həm də  əsas enerji təhlükəsizliyi layihəsidir. Yenə də təsadüfi deyil ki, Azərbaycan Aİ ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir. Aİ və Azərbaycanın rəhbərliyi altında Məşvərət Şurası, həmçinin bu layihənin uğurla həyata keçirilməsinin mühüm amili olub. Belə ki, 3500 kilometr uzunluğunda inteqrə olunmuş kəmər sistemi və nəhəng “Şahdəniz-2” qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsidir.

Cənub Qaz Dəhlizi layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur. Eyni zamanda, uzun illərdir – artıq 15 ildir ki, Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Belə olanda heç şübhəsiz ki, qaz təchizatçısı kimi bizim potensialımız artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr və istehlakçılar üçün daha çox imkanlar yaradacaq.

Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni, həqiqətən də, enerji təhlükəsizliyi layihəsinə çevirir.

 Daha sonra “Bu gün biz cənab prezidentlə bağlılıqla əlaqədar məsələləri müzakirə etdik. Ümumiyyətlə, bu məsələ hər zaman, xüsusilə nəhəng nəqliyyat infrastrukturu layihələrinin tamamlanmasından sonra Avropa İttifaqı ilə Azərbaycan arasında gündəlikdə olub. İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar var. Beləliklə, bu məsələ, eləcə də regionda münaqişədən sonrakı inkişafla bağlı başqa məsələlər bu gün geniş şəkildə müzakirə olundu. Çünki bu, yeni vəziyyət yaratdı, yeni reallıqlar yaratdı”, -deyən Azərbaycan prezidenti bir daha birmənalı şəkildə bəyan etdi ki, Azərbaycan ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğalına son qoydu. Azərbaycan Ermənistan qoşunlarının bizim ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi və müharibəyə son qoydu. İndi isə sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır.

Biz də buna hazırıq, hər zaman da ən yüksək, ən ali səviyyədə bunu demişik, bəyan etmişik və hər zaman olduğu kimi, indi də sözümüzün üstündə durmuşuq və duracağıq.

“Biz cənab prezidentlə planlarımızı, təşəbbüslərimizi və yeni yaranmış vəziyyətə yanaşmalarımızı geniş şəkildə müzakirə etdik. Düşünürəm ki, nisbətən qısa zamanda xoş məram və çox praqmatik yanaşma nümayiş etdirməklə, biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə və bölgədə geniş regional əməkdaşlığın təməlini qoya bilərik”, – deyərək Azərbaycan Prezidenti bir daha xoş məramını ortaya qoydu və bildirdi ki, Aİ bu baxımdan çox mühüm rol oynayır və oynayacaq.

Bəli, biz yenə sözümüzü dedik, məramımızı, niyyətimizi açıq şəkildə ifadə etdik, indi seçim, qərar, əməli addım qarşı tərəfin – Aİ-nindir. Hesab edirik ki, qarşı tərəf də bunu lazımınca qiymətləndirəcək, dəyərləndirəcək və prosesə öz müsbət töhfələrini əsirgəməyəcək.

 Aİ Şurasının prezidenti də öz növbəsində “Biz arzu edirik ki, əlaqələrimizə əlavə, növbəti təkan verək. Hətta, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa strateji xarakter vermək istəyirik”, – deyərək, bildirdi ki, Azərbaycanda innovasiya, peyk, həmçinin infrastruktur sahələrində gələcəyə yönələn layihələrlə tanış olub.

Həmçinin, Bakı limanında, o cümlədən  regional miqyasda yeni imkanlar yaratmaq işləri ilə tanışlıq imkanına malik olub.

“Biz anlayırıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Əksinə, bu, birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır”, – deyən cənab Mişelin sözlərinə görə, məhz bu ruhda iqtisadi inkişaf baxımından Avropa İttifaqının hesab etdiyi iki prioritet – iqlim dəyişməsi və rəqəmsal inqilab birgə başladığımız layihələrin əsasında olmalıdır.

İkinci mövzu isə bu ilin dekabr ayında keçiriləcək  Aİ-nin “Şərq Tərəfdaşlığı”na həsr olunacaq Zirvə görüşünə hazırlıqla bağlıdır ki, Aİ Şurası rəsmisinin dediyi kimi,  gözləntiləri müəyyən etmək məqsədilə fikir mübadiləsi aparmaq vacibdir. Çox mühüm məqamdır ki, hər iki tərəfdə həmin Zirvə görüşünə hazırlıq gedir.

Azərbaycan və Ermənistanla bağlı vəziyyətə toxunan Aİ Şurasının prezidenti “Sizə, əslində, təşəkkürümü bildirmək istəyirəm ki, hətta bu səfərdən öncə, bir neçə həftə əvvəl, bizim regional vəziyyətin təhlili ilə bağlı fikir mübadiləsi aparmaq üçün dəfələrlə telefon söhbətimiz oldu. Mən götürülmüş öhdəliklərə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Onlar atılan ilk addımlar oldu. Bu halda, bir tərəfdən mina xəritələrinin olması və digər tərəfdən, mühüm məsələ hesab edilən məhbuslar məsələsidir. Birinci mərhələdə, bu, öz həllini tapdı”, – deyərək, ümid etdiyini bildirdi ki, yaxın vaxtlarda qeyd edilən məsələ ilə bağlı digər mərhələlər də baş tutacaq.

Ümumiyyətlə, Aİ Şurasının prezidentinin son səfərinin və birgə mətbuat konfransı zamanı verdiyi bəyanatının, suallara cavabının ən müsbət, ən mühüm məqamlarından biri də heç şübhəsiz ki, “Dağlıq Qarabağ münaqişəsi” və ya “status” məsələsinin dilə gətirilməməsi, səsləndirilməməsidir. Bəlkə də yeganə beynəlxalq qurum rəsmisidir ki, bu məsələləri dilə gətirmədi və bununla da həm özünün, həm də təşkilatının mövqeyini ifadə etmiş oldu ki, artıq nə Dağlıq Qarabağ münaqişəsi var, nə də statusdan söhbət gedə bilər.

Bu, əslində qarşı tərəfə – Ermənistana və onu himayə edən dairələrə verilən bir mesaj idi.

 Bəli, bütün bunlar onu göstərir ki, Azərbaycan düz yoldadır, öz hədəflərinə doğru inamla, qətiyyətlə addımlayır və onunla bu yolda birgə addımlayanlara, birgə yürüyənlərə də hər zaman açıq, səmimi və etibarlıdır.

Bütün bunlar həmçinin Azərbaycan-Avropa İttifaqının əlaqələrinin uğurlu perspektivlərindən xəbər verir ki, bunun da hər iki tərəfə yalnız və yalnız xeyiri var.

Çünki udan da, qazanan da hər iki tərəfdir!

(Davamı olacaq)

Ziyad SƏMƏDZADƏ,

Millət vəkili, Akademik

Etikxeber.az

Read Previous

Əfqanıstan hökumətindən ölkədəki vəziyyətlə əlaqədar BMT TŞ-nin toplanmasına-ÇAĞIRIŞ

Read Next

“İstərdik ki, Cənub qonşumuz özünü əsl qonşu kimi aparsın…”-JALƏ ƏLİYEVADAN İKİ MƏSƏLƏYƏ ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir