Azərbaycan cüdoçusu Hidayət Heydərov dünya birinciliyinin qalibi oldu – FOTO

Xorvatiyanın paytaxtı Zaqrebdə gənc cüdoçular arasında keçirilən dünya birinciliyi davam edir. Mötəbər yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub.

Azərbaycan Cüdo Federasiyasından Etikxeber.az-a bildiriblər ki, 73 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Hidayət Heydərov Yaponiya, İtaliya, Qazaxıstan, Gürcüstan və Türkiyədən olan rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə çıxıb. Azərbaycan cüdoçusuna dünya birinciliyinin qızıl medalı təqdim olunub və Zaqrebdə onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

Qızların yarışında, 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Nəzakət Əzizova isə dünya birinciliyinin bürünc medalını qazanıb. Mərakeş, İspaniya, Rumıniya, Monqolustan cüdoçularına qalib gələn Nəzakət yalnız yapon rəqibinə uduzaraq üçüncü yeri tutub.

Xatırladaq ki, yarışın ilk günü Natiq Qurbanlı (55 kq) və Kəramət Hüseynov (60 kq) gümüş medal əldə ediblər.

Qeyd edək ki, 83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunur.

Etikxeber.az

Read Previous

“O zaman Sarkisyanlar üçün çox gec olacaq…” – DEPUTAT

Read Next

Milli Məclisdə AŞPA ilə bağlı gərgin müzakirələr getdi – YENİLƏNİB-1

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir