“Azərbaycan dövlətinin bu kimi nəhəng layihələrin reallaşdırılması üçün güclü siyasi iradəsi var…”-FATMA YILDIRIM

Bu gün Laçın rayonunun işğaldan azad edilməsinin bir ili tamam olur. Laçının qan tökülmədən azad edilməsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ordumuzun, qəhrəman əsgərlərilimizin qanı, canı bahasına qazanılan şanlı qələbəmizin parlaq nümunəsidir. Müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. İmzalanmış üçtərəfli bəyanata əsasən ötən il dekabrın 1-də Laçın rayonu bir güllə atılmadan azad edildi.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Laçın rayonu strateji önəm kəsb edən bölgələrimizdən biridir. 1992-ci il mayın 18-də Ermənistanın silahlı birləşmələri tərəfindən rayonun işğal edilməsindən sonra Ermənistanla Qarabağdakı erməni separatçıları arasında birbaşa coğrafi əlaqə yarandı:

“Bu amil digər ərazilərimizin də işğalında rol oynadı. Laçının işğal altında olduğu zaman kəsiyində Ermənistan,təkcə rayonun təbii resurslarını talan etməklə kifayətlənməyib, Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, rayonun coğrafi adların dəyişdirilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub”.

Artıq həmin acı günlərin keçmişdə qaldığını deyən Fatma Yıldırım qeyd edib ki, hazırda Laçında bərpa və quruculuq işləri həyata keçirilir.

“Bilirsiniz ki, bu ilin 14 fevral və 16 avqust tarixlərində Azərbaycan Prezidenti İlham Əliyev Laçın rayonunda səfərdə olub. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev fevralın 14-də Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı. Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyasını işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək. Həmçinin, Prezident İlham Əliyevin sərəncamına əsasən uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu inşa edilir.

Laçında beynəlxalq hava limanının tikintisi isə regionun önəmini daha da artıracaq. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq. Hava limanının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Rayonun Qorçu kəndinin ərazisində inşa edilən hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Azərbaycan dövlətinin bu kimi nəhəng layihələrin reallaşdırılması üçün güclü siyasi iradəsi var”, -deyə millət vəkili vurğulayıb.

Etikxeber.az

Read Previous

Daha 1795 yeni yoluxma-DAHA 28 ÖLÜM…

Read Next

Avropada ən baha və ən ucuz torpaq-HANSI ÖLKƏDƏDİR?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir