“Azərbaycan həmin hərbi birlikdə yer almayacaq, çünki…” – ZAHİD ORUCUN QƏNAƏTİ

“İslam NATO-su” ideyası bəlkə də aralıq bir dövr üçün gerçəkləşə bilər, lakin Azərbaycan həmin hərbi ittifaqda yer almayacaq”.

Etikxeber.az xəbər verir ki,  bunu Axar.az-a Azərbaycanın Ərəb-İslam-Amerika Sammitində iştirakı və gələcəkdə “İslam NATO-su”nda yer alması məsələsi ilə bağlı ehtimalları şərh edən millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın ilk xarici səfərini ərəb dünyasından başlamasında bir rəmzi əlamət var:

“Bütün seçki kampaniyası dövründə, Avropa ölkələrində olduğu kimi, ABŞ-da da antislam isterikası önəmli yer tuturdu. Tribunadan müsəlmanlar əleyhinə kəskin mövqelər sərgilənirdi. Hətta müxtəlif ölkələrə qadağa rejimləri tətbiq edən Tramp onlardan terror təhlükəsi gördüyünü bəyan etmişdi. Qərar Ali Məhkəmə tərəfindən qəbul edilməsə də, islam mövzusu Birləşmiş Ştatların gündəmindəydi. Belə olan təqdirdə Trampın Ər-Riyad səfər bir çoxlarını təəccübləndirdi. Səfərin gedişində “İslam NATO-su”nun yaradılması Qərb mediasında tez-tez kultivasiya edilirdi. Bu da səbəbsiz deyildi. Amerikanın siyasi texnoloqları düşünürdülər ki, həmin ideyanın özünə yer alması çox önəmlidir. Çünki islam etiketli hansısa terror qruplarını dünyanın bir nömrəli təhlükəsi kimi səciyyələndirib, əslində isə yeni bir islami əsasda hərbi birlik yaratmaq məsələsi doğurdan da çox düşündürücüdür. Hərbi ittifaqı kimlərlə quracaqlar, onların hədəfi hara yönələcək, o ordular hansı prinsiplər əsasında formlaşacaq? İslam ölkələri bir silahlı birlik yaradıb, onları hansı məkanlarda döyüşdürəcək? Bütün bunlar çox önəmli suallardır və Trampın səfərindən sonra da öz aktuallığını qoruyub saxlayır”.

Bu fonda ABŞ-la Səudiyyə arasında imzalanan yüzmilyardlarla dollarlıq hərbi müqavilələrə diqqət çəkən millət vəkili bildirib ki, Amerikanın həqiqətən də buna ehtiyacı var idi:

“Çünki Trampın daxildəki tələblərindən biri hərbi və ya maliyyə korporasiyalarıdır. Onlar hətta yeni prezidenti impiçment hədəsi ilə qorxutmağa çalışırlar. Ancaq bununla bərabər, Tramp onların mənafeyi üçün hətta Obamanın bacarmadığı addımlar atdı. Yeri gəlmişkən, belə sammit 2014-cü ildə Misirdə keçirilmişdi. O zaman Obama çalışırdı ki, bu dövlətləri bir araya gətirsin, lakin sonrakı dövr İranla bəlli nüvə məsələsini çözmək üçün seçilən yol səud kralını, yaxud da digər monarxiyaları Amerikadan bir qədər məsafə saxlamağa vadar etdi. Çünki onlar İranla bu şəkildə barışmağın əleyhinəydilər. Əksinə, istəyirdilər ki, Amerika onların əvəzindən Tehranı bombardmana məruz qoysun. İndi isə belə bir sammitdə əsas hədəflər elan olundu, hətta gələcəkdə yüzmilyardlarla ölçülən yeni müqavilələrə imkanlar açıldı. Əlbəttə, Azərbaycanın belə bir tədbirdə yer alması Bakının qlobal gündəmin əsas proseslərində iştirakı baxımından önəmlidir. Lakin düşünmürəm ki, Azərbaycan “İslam NATO-su”na qoşulacaq. Biz bölücülük, parçalanma, yeni konfliktlər üçün addımlar atmırıq”.

Z.Oruc vurğulayıb ki, Azəbaycanın belə görüşlərdə yer alması nə qədər əhəmiyyətlidirsə, xarici siyasətimizin dəqiq hədəf və prinsipləri də mövcudur:

“Tarix boyu, hətta dindən öncə də savaşan tərəflər Azərbaycanda bir araya gəldilər. Təkcə islamçılar üçün bir həmrəyik məkanı açılmadı, eləcə də biz Qərblə yaxşı münasibətlərin qurulmasının tərəfdarıyıq. Bakı artıq diplomatik, siyasi bir paytaxt statusunu almaqdadır. Fikir verin, bütün bunlar həm də Azərbaycanın ərazi bütövlüyünün pozulduğu dönəmdə baş verir. Ona görə də hesab edirəm ki, “İslam NATO-su” ideyası bəlkə də aralıq bir dövr üçün gerçəkləşə bilər”.

Deputatın sözlərinə görə, lakin Azərbaycan həmin hərbi birlikdə yer almayacaq. Çünki bu, bölücülüyə xidmət edəcək və biz məzhəb davalarına “yox” deyirik:

“Orada əksər ölkələr təmsil olunmayacaq, heç Qərbdən də kimsə buna qətiyyən yol verməz. 11-ci əsdə Səlahədinin böyük tarixi döyüşlərini çıxmaqla, bu ölkələrin arasında həmrəylik heç vaxt olmayıb, əksinə, biz din davalarının şahidi olmuşuq. Ona görə də Azərbaycan terror və ya antiterror mübarizəsinin xüsusi ideyalogiyalara bürünməyinin qəti əleyhinədir, eyni zamanda, belə tədbirlərdə iştirak edərkən əsas hədəfinin də barış və sülh olduğunu təqdim etməkdədir”.

Etikxeber.az

Read Previous

Riqa 2021-ci ildə Avropanın idman paytaxtı tituluna iddia edir

Read Next

BİR DAHA DƏRSLƏRİN MÜDDƏTİ BARƏDƏ – Deputat yazır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir