“Azərbaycan körpü rolunu oynamaqla özünün milli maraqlarını təmin edir…” – HİKMƏT BABAOĞLU

Hikmət BABAOĞLU: “Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin mühüm həlqəsi olmaqla həm iqtisadi, həm də strateji maraqlarını həyata keçirmək üçün dividentlər qazanır”

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi olduqca strateji bir layihədir. Layihə Azərbaycanı bu istiqamətdə mühüm nəqliyyat qovşağına çevirir. Diqqət yetirsək görərik ki, mürəkkəb regionda geostrateji qütblər arasında münasibətlərin daha da kəskinləşdiyi bir vaxtda Azərbaycan məhz burada körpü rolunu oynamaqla özünün milli maraqlarını təmin edir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri  deputat, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin mühüm həlqəsi olmaqla özü üçün həm iqtisadi, həm də strateji maraqlarını həyata keçirmək üçün siyasi dividentlər qazanır. Hindistanın Mumbai limanından İranın Bəndər-Abbas limanına qədər gələn yolun davamı kimi Qəzvin-Rəşt-Astara yolu ilə daşınan yüklərin Rusiya Federasiyasına, oradan isə Avropanın şimalındakı ölkələrə qədər ötürülməsi heç şübhəsiz ki, nəqliyyat kommunikasiya tarixində yeni bir hadisə kimi qiymətləndiriləcək.

H. Babaoğlu bildirib ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi istiqamətində çox böyük həcmdə yük daşımaları var:

hikmet_babaoglu_2

“Amma bu yükdaşımaları əsas etibarilə Süveyş kanalı üzərindən realizə edildiyi üçün 45-60 gün ərzində təyinat nöqtəsinə çatdırıla bilir. Lakin “Şimal-Cənub” nəqliyyat dəhlizi işə düşdükdən sonra isə bu müddət cəmisi 14-20 gün olacaq ki, bu da yeni nəqliyyat dəhlizini olduqca cəzbedici bir dəhlizə çevirəcəkdir. Çünki bu dəhliz sadəcə müddət baxımından deyil, həm də onun ətrafında olan siyasi-inzibati coğrafiyada ümumi təhlükəsizliyinin təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır. Əlbəttə ki, Azərbaycan 2005-ci ildən bu layihəyə qoşulduqdan sonra onun çox fəal iştirakçısına çevrilib. Hətta Qəzvin-Rəşt-Astara avtomobil yolunun çəkilməsi ilə bağlı kredit ayrılıb. 2018-ci ildə İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfərindən sonra bir daha Azərbaycan və İran prezidentləri arasında bu məsələnin müzakirə olunaraq təqdir edilməsi onu göstərir ki, layihə təkcə nəqliyyat kommunikasiya layihəsi deyil, həm də qonşu dövlətlə ikitərəfli münasibətlərin inkişafına yeni impulslar verəcək bir layihədir”.

H. Babaoğlu qeyd edib ki, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı “Şərq-Qərb” nəqliyyat dəhlizindən sonra Azərbaycanın “Şimal-Cənub” nəqliyyat dəhlizi üzərində mühüm qovşağa çevrilməsi ölkəmizin mürəkkəb strateji regionda nüfuzunu artırmaqla yanaşı, həm də iqtisadi maraqlarını təmin etmiş olacaq.

Etikxeber.az

Read Previous

“Azərbaycan iqtisadi islahatlara ən gec başlamış ölkə oldu, amma…” – BİRİNCİ VİTSE-PREZİDENTİN KÖMƏKÇİSİ

Read Next

“Zaman yerində dayanmır…” – PA-NIN ŞÖBƏ MÜDİRİ – YENİLƏNİB – (6) – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir