Azərbaycan nəzarət edə bilmədiyi ərazilər “boz zona”ya çevrilib – SAHİBƏ QAFAROVA

Azərbaycan 25 ildən artıqdır ki, Ermənistan tərəfindən işğalçılıq siyasətinə məruz qalır, ölkəmizin beynəlxalq birlik tərəfindən qəbul olunmuş ərazilərinin 20 faizi erməni silahlı qüvvələrinin işğalı altındadır. Ermənistanın qeyri-adekvat davranışları və təxribatları münaqişənin sülh və danışıqlar yolu ilə həllinə mane olur. Münaqişənin ədalətli həllinin uzanması bütövlükdə region üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Ermənistanın işğal etdiyi ərazilərə Azərbaycan nəzarət edə bilmədiyi üçün bu ərazilər “boz zona”ya çevrilib. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış terrorçu və separatçı rejim isə həmin ərazilərdən ən müxtəlif qanunsuz fəaliyyətlərin həyata keçirilməsi üçün istifadə edir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri AŞPA-nın payız sessiyasında “Avropa Şurası və BMT-nin insan hüquqları üzrə monitorinq orqanlarının üzv ölkələrə, o cümlədən “boz sahələr”ə məhdudiyyətsiz girişi” adlı məruzənin müzakirələri zamanı millət vəkili Sahibə Qafarova söyləyib.

Deputat bildirib ki, bir sıra beynəlxalq ekspert qruplarının və təşkilatların dəfələrlə bəyan etdiyi kimi, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni silahlı qruplarla yanaşı, terrorçuları hazırlayan düşərgə də mövcuddur və bu, bütün beynəlxalq ictimaiyyət üçün ciddi siqnaldır. Bu ərazilər narkotik maddələrin becərilməsi, istehsalı və satışı üçün istifadə olunur. ABŞ Dövlət Departamentinin 2001-ci ildə yaydığı hesabatda işğal edilmiş Azərbaycan ərazilərinin narkotik vasitələrin kütləvi şəkildə daşınması üçün istifadə olunduğu vurğulanıb.

sahiboçka

Millət vəkili qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində narkotik maddələrin yetişdirilməsi faktı AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəsində də öz əksini tapıb. Dağlıq Qarabağda mövcud olan qanunsuz iqtisadi fəaliyyət separatçıları “çirkli pulların yuyulması” əməliyyatı sahəsində məlum transmilli cinayətkar infrastrukturların maraq dairəsinə daxil edib. Bu ərazilər nüvə və radioaktiv tullantıların basdırılması üçün istifadə olunur. İnsan alveri, qeyri-qanuni məskunlaşdırma, təbii, maddi və mənəvi sərvətlərin talan edilməsi və qanunsuz istismarı ilə bağlı çoxsaylı faktlar mövcuddur.

Diqqətə çatdırılıb ki, bütün bunlar Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayonunun “boz zona”ya çevrilməsinin çox təhlükəli nəticələrə gətirib çıxardığını göstərir. Beynəlxalq birliyin, eləcə də parlamentarilərin ilk vəzifəsi bu təhlükələri doğuran vəziyyəti aradan qaldırmaq olmalıdır.

“Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yaradılmış separatçı rejim isə hər vəchlə işğal faktını legitimləşdirməyə çalışır, hər hansı əcnəbinin oraya gedişini bölgənin dünya tərəfindən tanınması kimi qiymətləndirir. “Boz zona”ya səfərlərə icazə verilməsi işğalçılığın və separatizmin təşviq edilməsi və dəstəklənməsi, eləcə də müstəqil dövlətlərin suveren hüquqlarına qarşı açıq hörmətsizlikdir”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

AŞPA-da Sahibə Qafarovanın məruzəsi dinlənildi və… – FOTO

Read Next

“Dövlət sərhəd rejiminin pozulmasına imkan verilərsə, digər hüquqlara riayət edilməsini necə tələb edə bilərik?” – SEVİNC FƏTƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir