“Azərbaycan Ordusu öz torpaqlarını azğın düşməndən azad etməlidir…Bunu hər bir Azərbaycan vətəndaşı istəyir və hər bir Azərbaycan vətəndaşı bu gün düşmənlə döyüşə getməyə hazırdır…”- PARLAMENTİN KOMİTƏ SƏDRİ

Azərbaycan Prezidenti cənab İlham Əliyevin jurnalistlərlə müsahibəsi dövrün həqiqətlərini, reallıqları əks etdirmək baxımından çox əhəmiyyətlidir. Həm də cənab Prezidentin səsləndirdiyi fikirlər beynəlxalq təşkilatlara, ATƏT-in Minsk qrupunun həmsədrlərinə, eləcə də, Ermənistana bir mesaj xarakteri daşıyır və bu mesajda real hadisələr, Azərbaycana göstərilən münasibət, beynəlxalq təşkilatların mövqeyi öz əksini, demək olar ki, ədalətli şəkildə tapıb. Əlbəttə ki, Ermənistanın bugünkü rəhbərləri nəinki sülh danışığına getmək, əksinə, müharibə etmək cəhdindədir və onların niyyətləri yeni Azərbaycan torpaqlarını işğal etmək, azərbaycanlıları qətlə yetirmək, sərhədlərdə təxribat yaratmaqdan ibarətdir. Paşinyanın son bəyanatları, eləcə də, seperatçıların fikirləri bunu deməyə əsas verir.

Bunu Etikxeber.az-a açıqlamasında parlamentin komitə sədri Tahir Rzayev bildirib.

Onun sözlərinə görə, təbii ki, belə olan halda Azərbaycan Prezidenti də öz sözünü açıq, kəskin deməyə məcburdur.

“Və bu müsahibədə də bu amillər önə çəkilir və ölkə rəhbəri bir həqiqəti tam açıqlığı ilə bildirir ki, Ermənistan əsrlərlə Azərbaycan torpaqlarını işğal etmək niyyətində olub. Buna müəyyən mərhələlərdə nail olublar. Ölkədə ötən əsrin əvvəllərində, ortalarında, eləcə də, sonlarında bir çox təxribatlar törədiblər, qırğınlar salıblar, soyqırımları və Azərbaycan torpaqlarını öz havadarlarının hesabına işğal ediblər. Onlar bu gün də işğalçılıq siyasətlərini yerinə yetirməkdədirlər və həyata keçirdikləri təxribatlar bunu deməyə əsas verir.

Cənab Prezident xatırladır ki, erməni daşnakları, erməni təcavüzkarları daim Qarabağı Ermənistana birləşmək məqsədilə işlər görüblər, tədbirlər həyata keçiriblər. Lakin Ulu öndərimiz Heydər Əliyevin mövqeyi, onun kəskin çıxışları buna imkan verməyib və onlar öz niyyətlərindən geri çəkilməli olublar. Lakin ermənipərəst, Azərbaycan xalqına düşmən kəsilən Qorbaçovun təkidilə, hiyləsilə Heydər Əliyev vəzifədən uzaqlaşdırılandan bir qədər sonra ermənilər artıq bu çirkin əməllərini həyata keçirməyə nail olublar və öz havadarlarının köməyilə Azərbaycan torpaqlarının işğalına başlanılıb, eləcə də, Qarabağ və onun ətrafında olan yeddi rayon işğal altına düşüb.

Bu gün dünya həqiqətləri bilir. Ancaq nədənsə ona göz yumur. Beynəlxalq təşkilatlar öz qərarlarına, qətnamələrinə əməl etmirlər. ATƏT-in Minsk qrupu bu təxribatı, bu vəziyyəti gördüyü halda hadisələrə real qiymət verir, təcavüzkar haqqında lazımi tədbirlər həyata keçirmir. Belə olan halda ölkə rəhbəri qətiyyətlə deyir ki, biz bu təxribatların qarşısını almağa qadirik və bunu alırıq. Aprel hadisələri də, o cümlədən, iyul hadisələri də, sərhədlərdə törədilmiş bir çox təxribatlar da bunu göstərdi ki, ermənilər ağır itkilər verdilər və onlar Azərbaycan ordusu tərəfindən ağır zərbə aldılar. Lakin Ermənistan bundan bir nəticə çıxarmır və cənab Prezident xatırlatdı ki, hakimiyyətdə olan Paşinyan ancaq təcavüz yolunu tutub.

Bunun da müəyyən səbəbləri var. Çünki Ermənistanda vəziyyət həddindən artıq ağırdır və bu gün hakimiyyətdə olan daşnaklar, təcavüzkarlar öz hakimiyyətlərini uzatmaqdan, xalqı ələ almaqdan ötrü müharibə yolunu, millətçilik yolunu seçiblər və buna görə də sülh danışıqlarında imtina edirlər, artıq bu danışıqlardan geri çəkiliblər. Belə olan halda ölkəmizin rəhbəri qətiyyətlə bildirir ki, Azərbaycan ordusu güclüdür, qüvvətlidir. Azərbaycan iqtisadiyyatı inkişaf edib. Azərbaycan xalqı, Azərbaycan vətəndaşları vətənpərvərdir və onlar istədikləri vaxt öz torpaqlarını azğın düşmənlərdən almağa qadirdilər. Buna görə də artıq ölkədə hər bir vətəndaş ölkə rəhbərinin söylədiyi bu fikirlərə tərəfdar olduğunu bildirir.

Öz rəhbərinə – Ali Baş Komandanına rəğbətini ifadə edir və döyüşə hazır olduğunu bəyan edir. Elə bilirəm ki, əgər Ermənistan rəhbərliyi tez bir zamanda danışıqları bərpa etməsə, beynəlxalq hüquq normalarını yerinə yetirməsə, Azərbaycan ordusu öz sözünü deməlidir. Çünki hər gün sərhədlərimizdə təxribat törədilir, bizim əsgərlərimiz, zabitlərimiz qətlə yetirilir, kəndlərimiz dağılır, mülki insanlara ciddi ziyan dəyir. Bunun qarşısı mütləq alınmalıdır. Bəli, alınmalıdır. Azərbaycan ordusu öz torpaqlarını azğın düşməndən azad etməlidir. Bunu hər bir Azərbaycan vətəndaşı istəyir və hər bir Azərbaycan vətəndaşı bu gün düşmənlə döyüşə getməyə hazırdır”-deyə, T. Rzayev sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Ermənistanın əl atacağı növbəti təxribat bu ölkə üçün çox ağır nəticələrə gətirib çıxaracaq…Təəssüf ki, Ermənistanda hakimiyyətdə olan qüvvələr bu reallığı anlamır…”-MİLLƏT VƏKİLİ

Read Next

“Xoşbəxtliyin çox təəssüf ki, itiriləndən sonra qədrinin daha çox bilinməsi və qədri bilinmədiyindən itirilməsi kimi bir özəlliyi var…Gəlin müstəqilliyimizin qədrini bilək!”-SAHİB ALIYEV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir