“Azərbaycan öz əzəli torpaqlarının düşmən işğalından azad olunması üçün bütün imkanlardan istifadə edəcək”-KAMİLƏ ƏLİYEVA

Son vaxtlar Ermənistanın həm işğal olunmuş ərazilərimizdə, həm də Ermənistan-Azərbaycan sərhədində təxribatlarının sayının artırması, ordu birləşmələrini təmas xəttinə cəmləməsi onların böyük müharibəyə hazırlaşmasından xəbər verir. Ermənistan hətta ölkədə könüllülərdən ibarət xüsusi hərbi birləşmələr yaratmaq adı altında Suriyada, Livanda fəaliyyət göstərən erməni və PKK terror təşkilatlarının yaraqlılarını da bu işə cəlb edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev qeyd etdiyi kimi, əgər bu gün ermənilər müharibə etsələr, çox peşman olacaqlar. Ermənilər 2016-cı ilin Aprel döyüşlərində, bu ilin iyulunda Tovuz hadisələrində Azərbaycan Ordusunun nəyə qadir olduğunu gördülər. Bu döyüşlərdə Azərbaycan Ordusu malik olduğu potensialın çox cüzi hissəsindən istifadə etdilər.

Etikxeber.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.

Ermənistanın siyasi rəhbərliyinin təcavüzkar və çirkin niyyətlərindən əl çəkmədiyini diqqətə çatdıran K.Əliyeva baş nazir Nikol Paşinyanın sərsəm bəyanatlar verdiyini və bununla danışıqlar prosesinə ciddi əngəl törətdiyini qeyd edib.

O, deyib:

“Faşist ideologiyasına xidmət edən Paşinyan hökuməti sülh üçün Azərbaycan qarşısında 7 şərt irəli sürür. Prezident İlham Əliyev qeyd etdiyi kimi, ermənilərin bu sərsəm şərtlərinə qarşı Azərbaycan dövlətinin yalnız bir şərti var – Ermənistan işğal altında olan bütün torpaqlarımızı qeyri-şərtsiz azad etməlidirlər. Bundan sonra hansısa sülh danışıqlarından söhbət gedə bilər”.

Paşinyan hakimiyyətinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma siyasətindən danışan deputat bildirib ki, düşmən tərəf etnik ermənilərin Azərbaycan ərazilərinə köçürülməsini yerli televiziya kanallarında nümayiş etdirir:

“Bu, o deməkdir ki, işğalçı Ermənistan heç bir beynəlxalq hüquq normalarına məhəl qoymayaraq cinayətlər törətməkdə davam edir. Beynəlxalq təşkilatlar, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi ilə məşğul olan ATƏT-in Minsk qrupu və digərləri bu cinayətlərə göz yumurlar. Yarandığı ilk gündən bu qurumun vəzifəsi ancaq mənasız və ünvanı məlum olmayan bəyanatlar verməkdən ibarətdir”.

K.Əliyeva qeyd edib ki, Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 75-ci Sessiyasındakı çıxışında Ermənistan dövlətinin işğalçı, hakimiyyətinin isə cinayətkar rejim olduğunu bütün dünyaya bəyan etdi, çıxışında bütün bunları faktlarla dünya ölkələrinin liderlərinə və ictimaiyyətinə çatdırdı. Dövlət başçısı, həmçinin BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin qeyri-şərtsiz işğal etdikləri Dağlıq Qarabağdan çıxarılmasına dair 4 qətnaməsinin bu günə qədər yerinə yetirilmədiyi, Xocalı soyqırımı barədə ətraflı məlumat verdi:

“Bundan əlavə, Azərbaycan Prezidenti Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edərək onu Ermənistan dövlətinin işğalçılıq siyasəti haqqında ətraflı məlumatlandırdı, Aİ-nin bu məsələyə münasibət bildirməsini istədi. Ümid edirik ki, Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışından sonra beynəlxalq qurumlar Azərbaycanın haqq səsini eşidəcək və bu məsələdə Ermənistandan işğala son qoymağı tələb edəcək. İstənilən halda, Azərbaycan öz əzəli torpaqlarının düşmən işğalından azad olunması üçün bütün imkanlardan istifadə edəcək”.

Etikxeber.az

Read Previous

DTX İrandan gətirilən külli miqdarda narkotik vasitəni dövriyyədən-ÇIXARDI – VİDEO

Read Next

500-600 və 600-700 arası balla ali məktəblərə qəbul olunan tələbələrlə-GÖRÜŞ KEÇİRİLDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir