Azərbaycan Respublikası Prokurorluğu: qanunçuluğun etibarlı keşikçisi-RÖVŞƏN ƏLİYEV YAZDI

“Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir”.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan cəmiyyətinin, bütövlükdə dövlətimizin və xalqımızın həyatında mühüm rol oynayan strukturlardan, hüquq-mühafizə orqanlarından birinin –  Respublika Prokurorluğunun yaranmasının 102-ci ili tamam olur.

Belə ki, 1918-ci ilin 1 oktyabr tarixində ilk müstəqil Azərbaycan dövlətinin, qurucu, istiqlalçı babalarımızın yaratdığı Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qısa və şərəfli varlığı dövründə Respublika Prokurorluğunun əsası, təməli qoyulmuşdur. Beləliklə, müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi AXC-nin yaranması günündən sonra başlanmışdır.

Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanı fəaliyyətə başlamışdır. 1918-ci ilin noyabr ayının 18-də isə Nazirlər Şurası tərəfindən “Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə” təsdiq edilmişdir. Qısa, 2 illik dövr ərzində F.Xoyski, X.Xasməmmədov, A.Safikürdski, T.Makinski Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə nazirləri, eyni zamanda, Baş prokurorları olmuşlar.

İstər həmin dövrdə, istər 71 illik sovetlər dönəmində, istərsə də tarixdə ikinci müstəqilliyimizi yaşadığımız son 29 il ərzində Azərbaycan prokurorluğu, prokurorluq orqanları tarixi və şərəfli bir yol keçmişdir. 1991-ci ilin 18 oktyabrında ikinci müstəqilliyimizi qazandıqdan sonrakı dövr ərzində qəbul olunmuş çoxsaylı qanun və məcəllələr, o cümlədən, ölkə Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlar, Cinayət, Cinayət-Prosessual, Cəzaların İcrası, Mülki, Mülki-Prosessual, İnzibati Xətalar məcəllələri və bir sıra mühüm normativ-hüquqi aktlar bütövlükdə demokratik cəmiyyətdə prokurorluğun yeri və rolunu müəyyən etmişdir. 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ilk dəfə müstəqil Azərbaycan Respublikasının Ana Yasası olan Konstitusiyamız hazırlanaraq ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş və ölkə Konstitusiyası prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokurorunun tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi tanımaqla, onun statusunu müəyyənləşdirmişdir.

Bu statusa uyğun olaraq “Prokurorluq haqqında” 7 dekabr 1999-cu il tarixli Qanun, həmin qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət etmək, cinayət işlərinin istintaqını aparmaq və ibtidai istintaqa prosessual rəhbərlik, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icra və tətbiqinə nəzarət, cinayət işlərinə baxılmasında dövlət ittihamının müdafiəsi, məhkəmələr tərəfindən təyin olunmuş cəzaların məqsədinə nail olunmasında iştirak etmək məsələlərini prokurorluğun fəaliyyət istiqamətlərinə aid edilmişdir. 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilmişdir. Xüsusi şəkildə qeyd edilməlidir ki, prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə ümummilli lider Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli fərmanından sonra, yəni, 2002-ci ildən etibarən prokurorluq orqanlarına qəbul müsabiqə və müsahibə (test imtahanı və yazılı imtahan) qaydasında şəffaf formada həyata keçirilməyə başlamışdır.

Mövcud dəyişiklikdən sonra Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin iştirakı ilə Baş Prokurorluq üzrə 13 və Naxçıvan Muxtar Respublikasının Prokurorluğu üzrə 9 müsabiqə keçirilmiş, həmin müsabiqələrdə prokurorluq orqanlarına işə qəbulla əlaqədar müraciət etmiş ümumilikdə 5630 nəfər namizəddən uğur qazanmış 911 namizəd qulluğa qəbul edilmişdir. Əsasnamə təsdiq edilənə qədərki dövrdə prokurorluq orqanlarında qulluq keçən 30 yaşınadək işçilərin sayı prokurorluq əməkdaşlarının ümumi sayının 3 faizinə bərabər olduğu halda, sonrakı dövrdə müsabiqə yolu ilə işə qəbul edilmiş gənc prokurorluq işçilərinin sayı əhəmiyyətli dərəcədə artaraq hazırda 70 faiz təşkil edir.

Bununla yanaşı, korrupsiya ilə əlaqədar cinayətlərin yüksək ictimai təhlükəlilik dərəcəsi, habelə ölkəmizin qoşulmuş olduğu BMT-nin 2004-cü il tarixli “Korrupsiya əleyhinə” Konvensiyasının 36-cı maddəsinin hər bir iştirakçı dövlətin öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq korrupsiya ilə mübarizə aparmaq üçün ixtisaslaşmış orqanların mövcudluğunun təmin edilməsi barədə öhdəliyinin icrası qaydasında Azərbaycan Respublikası Prezidentinin 2004-cü ilin 3 mart tarixli “Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Sərəncamı əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi yaradılmışdır. Yarandığı, fəaliyyətə başladığı gündən də adıçəkilən İdarə ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə önəmli və mühüm rol oynamışdır. Eyni zamanda, dövlət başçısının diqqəti və qayğısı nəticəsində 18 mart 2011-ci il tarixində Milli Məclis tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və “Prokurorluq haqqında” qanunlara dəyişikliklər edilərək MDB məkanında, habelə Azərbaycan prokurorluğunun tarixində ilk dəfə olaraq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətləri verilmiş və bununla Baş İdarənin fəaliyyət imkanları daha da genişlənmişdir.

Ümumiyyətlə, dövlətimiz, xalqımız prokurorluq orqanlarına, onun əməkdaşlarına cinayətkarlığın qarşısının alınmasında, cinayətkarların müəyyən edilməsində, ölkədə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, əmin-amanlığın qorunmasında, hüquq sisteminə, ədalətə güvənin artırılmasında daim etimad, etibar göstərir və hər zaman prokurorluq orqanlarına və onun əməkdaşlarına inanır, güvənir, onun xalq, dövlətçilik, qanunçuluq naminə fəaliyyətini dəstəkləyir, təqdirəlayiq hesab edir. Təbii ki, bu etibarın, etimadın, inamın kökündə də konkret fəaliyyət, müsbət əməli iş dayanır. Prokurorluq əməkdaşları bu etibarı, bu inamı doğrultmaq üçün səylə, var gücləri ilə çalışır, fəaliyyət göstərir, hüquqa, ədalətə söykənirlər.

Çünki başqa cür, bunun əksi ola bilməz. Qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının istisnasız təmin edilməsinə birbaşa cavabdehlik daşıyan prokurorluq əməkdaşları ölkə Konstitusiyası və qanunları ilə təsbit edilmiş, tanınmış hüquq və vəzifələrini birmənalı şəkildə yerinə yetirməli, icra etməli, öz işlərini, fəaliyyətlərini dövrün, zamanın çağırışlarına uyğun şəkildə qurmalıdırlar. Mübaliğəsiz şəkildə də qeyd etmək lazımdır ki, prokurorluq əməkdaşları, prokurorluq orqanları öz işlərini, öz fəaliyyətlərini məhz deyilən istiqamətdə qurur, həyata keçirirlər.

Heç təsadüfi deyil ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi ulu öndər Heydər Əliyev illər öncə, 2000-ci ildə çıxışlarından birində bunları dilə gətirmişdir:

“Mən prokurorluqda işləyən insanların əksəriyyətini sədaqətli və peşəkar işçi hesab edirəm. Təbiidir ki, belə adamlara etimad göstərmək, etibar etmək lazımdır…”.

Heydər Əliyev kimi tarixi şəxsiyyətin, böyük dövlət və siyasət adamının dilindən bu sözlərin səslənməsi prokurorluq orqanlarına verilən böyük qiymətin və dəyərin, eyni zamanda, onlara olan güvənin, etimadın göstəricisi idi. Ulu öndərin layiqli siyasi varisi cənab Prezident İlham Əliyev 17 illik uğurlu hakimiyyəti dövründə prokurorluq orqanlarının fəaliyyətinə daim xüsusi diqqət yetirmiş, işlərini yüksək dəyərləndirmiş, həmçinin, onlara öz etimadını da nümayiş etdirmişdir.

Dövlət başçısı çıxışlarından birində bunları demişdir:

“Hazırda prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durur. Əsas məqsədimiz prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir…”.

Onu da qeyd etmək lazımdır ki, ölkə Prezidenti cənab İlham Əliyevin 1 may 2020-ci il tarixli Sərəncamı ilə uzun illər prokurorluq orqanlarında işləyən və işlədiyi dövrdə də müsbət fəaliyyəti ilə seçilən, cəmiyyət tərəfindən, o cümlədən, beynəlxalq hüquq aləmində təqdir qazanan Kamran Əliyev respublikanın Baş prokuroru təyin edilmişdir. Xatırlatmaq yerinə düşər ki, K.Əliyev həm də beynəlxalq aləmdə kifayət qədər nüfuzu, prestiji olan Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti, Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunda (GRECO) Azərbaycan nümayəndə heyətinin üzvü, habelə ölkəmizin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Milli Koordinatorudur. Beləliklə, 1 may 2020-ci il tarixində yeni təyin olunmuş Baş prokuroru videoformatda qəbulu zamanı ölkə Prezidenti prokurorluq orqanları qarşısında bir sıra mühüm vəzifələr, tapşırıqlar qoymuşdur.

Dövlət başçısı prokurorluq orqanlarında aparılacaq islahatlar barədə demişdir:

“Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac var. Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə hüquq-mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq”.

Baş prokuror vəzifəyə təyin olunması ilə də ölkə Prezidentinin videoformatda qəbulu zamanı səsləndirdiyi fikirlərin, tövsiyələrin, qarşıya qoyduğu tapşırıqların icrası istiqamətində dərhal fəaliyyətə başlanmış, belə demək mümkünsə, prokurorluq orqanlarının fəaliyyətində yeni mərhələyə qədəm qoyulmuşdur. Bu yerdə qeyd etmək lazımdır ki, prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar formalaşdırılması məqsədilə Prezident cənab İlham Əliyevin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilmişdir. Sərəncamla Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən formalaşdırılaraq daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradılmış, həyata keçirilmiş islahatlar nəticəsində idarə və şöbələrin sayı 15-dən 18-ə çatdırılmış, idarəetmədə nəzarət mexanizminin optimallaşdırıması məqsədilə Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilmiş, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi ilə Bakı şəhər prokurorluğunun İstintaq idarəsi birləşdirilərək Baş Prokurorluğun İstintaq İdarəsi yaradılmışdır.

Bundan başqa, Baş Prokurorluğun bəzi idarələri ləğv edilərək onların bazasında Təşkilat və icraya nəzarət, Xidməti araşdırmalar, Beynəlxalq hüquqi əməkdaşlıq, Hüquqi təminat və insan hüquqları, Kriminalistika və informasiya texnologiyaları, Sənədlərlə və müraciətlərlə işin təşkili idarələri təsis edilmiş, bundan başqa, mərkəzi aparatın yeni Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələri yaradılmışdır. Bundan əlavə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Azərbaycan Respublikası Hərbi prokurorluğu və Bakı şəhər prokurorluğunun da strukturlarında dəyişikliklər edilərək yeni strukturları formalaşdırılmaqla islahatlar davam etdirilmişdir.

Həmçinin, keçirilmiş kadr islahatları nəticəsində müstəqil Azərbaycan Prokurorluğunun tarixində ilk dəfə olaraq xanım prokurorluq əməkdaşları vəzifədə irəli çəkilərək müstəqil rayon prokuroru vəzifələrinə təyinatlar almışlar. Bunlar həm də ölkədə gender bərabərliyinin təmin edilməsi yönündə atılmış mühüm və təqdirəlayiq addımlardandır.

Eyni zamanda, bu il avqust ayının 5-də prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və tabe qurumların müşavirələrində müzakirəsinin nəticələrinə həsr olunmuş videokonfrans rejimində geniş əməliyyat müşavirəsi keçirilmiş və müşavirə zamanı məruzə ilə çıxış edən Baş prokuror Kamran Əliyev prokurorluqda aparılan mütərəqqi islahatların gedişi ilə bağlı ümumi vəziyyəti müşavirə iştirakçıları ilə tanış etdikdən sonra qurumun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etmiş, hesabat dövründə respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, əhalinin hər 100 min nəfərinə düşən 132 cinayətin sayına görə ölkəmizin MDB və Avropa məkanında öncül mövqeyini saxlayaraq ən təhlükəsiz və sabit dövlətlərdən biri olduğunu qeyd etmişdir.

Bildirmişdir ki, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq, cinayətkarlığın dinamikasında və strukturunda müşahidə edilən müsbət göstəricilər hesabat dövründə də davam etmiş, 2020-ci ilin birinci yarımilində əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 13 min 310 cinayət qeydə alınmışdır. Bu cinayətlərin 86,5 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 13,5 faizi ağır və xüsusilə ağır növlər təşkil etmişdir. Həmçinin, həyata keçirilən məqsədyönlü və qabaqlayıcı tədbirlər nəticəsində qəsdən adam öldürmə, qəsdən sağlamlığa az ağır zərər vurma, dələduzluq, mənimsəmə və israf etmə, avtonəqliyyatın qaçırılması, xuliqanlıq, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalmış, cinayətlərin açılması 82,1 faiz təşkil etmişdir.

Hər kəsə, o cümlədən bütün prokurorluq işçilərinə məlumdur ki, Azərbaycan prokurorluğunun dövlətçiliyin maraqlarına, qanunun aliliyinin, insan və vətəndaş hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması, eləcə də onun fəaliyyətinin hərtərəfli və müasir tələblərə uyğun təminatı üçün hüquqi, maddi və sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən möhtəşəm islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının banisi ümummilli lider Heydər Əliyevin xüsusi qayğı və dəstəyi sayəsində mümkün olmuşdur. Azərbaycan Prokurorluğu 80 il (1919-cu ildən 1998-ci ilə qədər) dövlətin etibarlı sütunlarından biri kimi fəaliyyət göstərsə də, həmin dövr ərzində prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsinə heç bir təşəbbüs göstərilməmiş, bununla əlaqədar hər hansı rəsmi tədbir görülməmişdir. Böyük fəxarət hissi ilə qeyd olunmalıdır ki, ulu öndər Heydər Əliyevin imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncam ilə “1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü”nün təsis edilməsi tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət qayğısının ifadəsi, prokurorluğun roluna rəsmi münasibətin səviyyəsinin təzahürü olmuşdur.

Bütövlükdə Azərbaycan Respublikası Prokurorluğu orqanlarının bu gün dünya standartlarına uyğun fəaliyyəti qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunması prinsiplərinə əsaslanır, prokurorluq orqanlarının demokratik cəmiyyətdə özünəməxsus yer tutan orqan kimi formalaşması və konstitusion statusa malik olmaqla dövlət idarəetməsində mühüm əhəmiyyət daşıması yalnız ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən məhkəmə-hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olmuşdur.

Ümumiyyətlə, ulu öndərin siyasətinin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin mükəmməl elmi biliyi, uzaqgörən düşüncəsi, möhkəm siyasi iradəsi, sarsılmaz qətiyyəti, peşəkar idarəçilik qabiliyyəti və misilsiz xidmətləri sayəsində bu gün Azərbaycan dünyada böyük nüfuz qazanaraq qüdrətli dövlətlər sırasında özünəməxsus yerini müəyyən etməklə əsl söz, nüfuz sahibi kimi mövqeyini təsdiqləmişdir. Görülən işlər, atılan addımlar nəticəsində Azərbaycan artıq dünyanın mühüm siyasi, iqtisadi, hərbi, humanitar dialoq məkanına, milli, dini tolerantlıq mərkəzinə çevrilmişdir. Yüksək döyüş qabiliyyətinə malik olan Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduya malik ölkəsi sırasında inamla addımlamaqda və daha ön yerlərə doğru irəliləməkdədir.

Sözsüz ki, ölkəmizin əldə etdiyi möhtəşəm uğurlarda yüksək erudisiyaya və zəngin idarəçilik qabiliyyətinə malik olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da müstəsna rolu vardır. Onun, ölkəmizdə təhsilin, elmin, mədəniyyətin, səhiyyənin, idmanın və digər sahələrin inkişafında xidmətləri, milli-mənəvi dəyərlərin qorunması və dünyada geniş təbliği istiqamətində gördüyü mühüm işlər, sadalamaqla bitməyən çoxşaxəli zəngin fəaliyyəti dövlətçiliyimizin qüdrətlənməsinə töhfələr verməkdə davam edir. Mehriban xanım Əliyevanın tükənməz xeyirxah əməlləri, davranışı, mənsub olduğu xalqın milli-mənəvi dəyərlərinə sadiqliyi, millətinə, dövlətinə sədaqəti və əsl azərbaycanlı xanıma xas digər nümunəvi xüsusiyyətləri ona Azərbaycan xalqının sonsuz məhəbbətini qazandırmışdır.

Odur ki, daim Azərbaycan dövlətinin, ölkə Prezidentinin diqqət və qayğısını öz üzərində hiss edən Azərbaycan Respublikası Prokurorluğunun kollektivi də digər əlaqədar dövlət təsisatları ilə birlikdə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini bundan sonra da təmin edəcəkdir.

Ən əsası isə öz fəaliyyəti, yüksək peşəkarlığı ilə daim Azərbaycan dövlətinin və ölkə Prezidentinin yüksək etimadını, etibarını doğrultmağa çalışacaq və səy göstərəcəkdir.

Rövşən ƏLİYEV,

Bakı şəhər prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi,

Baş ədliyyə müşaviri

Etikxeber.az

Read Previous

“Bölgədə əslində sülhməramlıya yalnız Zəngəzur və Göyçədə ehtiyac var…Qaçqınlar Qərbi Azərbaycana-öz ata-baba yurdlarına qayıdanda, onların orada real təhlükə ilə qarşılaşacağı aydındır, bu baxımdan, sülhməramlı məhz orada lazımdır”-BƏHRUZ MƏHƏRRƏMOV

Read Next

Ceyhun Bayramov üçüncü səfərini-GÜRCÜSTANA ETDİ – İKİ ÖLKƏNİN XİN BAŞÇISI BİR ARAYA GƏLDİ… – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir