“Azərbaycan üçün ən pis ssenari…” – PREZİDENT

“Biz beynəlxalq ictimaiyyətin diqqətinə, ola bilsin, o qədər də çarpmayan belə bir vəziyyətlə üzləşirik. Bu, bizim coğrafiyamızdır. Bizim coğrafiyamız Asiya, Avropa və regionda ənənəvi qüvvələr arasındadır. Azərbaycan Fars imperiyasının, Rusiya imperiyasının, qismən Osmanlı imperiyasının bir hissəsi olmuşdur. Bu gün bu üç ölkə bizim birbaşa qonşularımızdır. Bu üç ölkə ilə bizim çox yaxşı münasibətlərimiz var. Bu münasibətlər birinci növbədə qarşılıqlı hörmət, daxili işlərimizə qarışmama və praqmatizmə, bizim milli maraqlarımıza əsaslanır”.

Etikxeber.az xəbər verir ki, bunu ölkə Prezidenti İlham Əliyev deyib.

Onun gözlərinə görə, bu baxımdan da,  Azərbaycan üçün ən pis ssenari qonşularımız arasında hansısa bir pis hadisənin baş verməsidir:

“Məsələn, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi baş verdikdə və ya bu yaxınlarda qeyd etdiyiniz həmin hadisə zamanı olduğu kimi. Biz bunu regional sabitliyə ciddi bir təhlükə hesab edirik. Bizə sabitlik lazımdır. Bizim ölkəmizin daxilində sabitlik var və biz ətrafımızda da sabitlik istəyirik. Çünki biz ada deyilik. Xoşumuza gəlib-gəlməsindən asılı olmayaraq, sərhədlərimiz xaricində baş verənlər bizə də təsir edə bilər, müsbət və ya mənfi şəkildə. Buna görə biz qonşularımıza bu böhrandan çıxış yolunu tapmağa kömək etmək üçün bütün səylərimizdən istifadə etdik, lakin bunu çox ehtiyatla etdik.

Azərbaycanın Rusiya ilə Türkiyə arasında münasibətlərin normallaşmasına kömək etmiş ölkələr arasında olması da açıqlanmışdır. İstənilən halda ölkə ilə nə dərəcədə sıx münasibətlərimizin mövcudluğundan asılı olmayaraq, biz həmişə əsas prinsipləri rəhbər tuturuq”.

Prezident deyib ki, bu prinsiplər beynəlxalq hüquqdur. Beynəlxalq hüquqa əməl olunmalıdır. Beynəlxalq hüququ pozanlar yanlış hərəkət edirlər və biz bunu həmişə vurğulayırıq:

“Biz ətrafımızda olan və bu masada təmsil olunan bütün ölkələrin ərazi bütövlüyünü tamamilə dəstəkləyirik. Biz özümüz ərazi bütövlüyünün pozulmasından əziyyət çəkirik. Buna görə də ərazi bütövlüyü məsələsi bizim üçün toxunulmazdır. Eyni zamanda, biz riskləri azaltmaq üçün hansı işlərin görülə biləcəyini nəzərdən keçirdik. Buna görə Rusiya ilə Türkiyə arasında gərginlik çox ciddi geosiyasi bir risk idi və regionumuz üçün birbaşa risk idi. Bu iki ölkə bizim əsas iqtisadi tərəfdaşımız və qonşumuzdur. Əgər, onlara bu çətinliklərin öhdəsindən gəlməyə kömək etmişiksə, düşünürəm ki, biz buna görə təqdir olunmalıyıq.

Lakin sizə deyə bilərəm ki, sabitləşdirici amil kimi Azərbaycanın rolu get-gedə beynəlxalq ictimaiyyət tərəfindən daha da çox tanınır. Sizə bu yaxınların misalını çəkə bilərəm. Sadəcə iki gün bundan əvvəl Bakıda ABŞ ordusunun baş qərargah rəisi cənab Dənford və Rusiya ordusunun baş qərargah rəisi cənab Gerasimovun görüşü olub. Onlar ilk dəfə bizim ölkədə görüşdülər. Bakının seçilməsi qərarı bizim deyildi. Biz bu qarşılıqlı əlaqənin təşəbbüskarı kimi çıxış etməmişdik.

Bizə yaxınlaşaraq buna razı olub-olmamağımız soruşuldu. Biz dedik ki, əlbəttə, buna razıyıq. Bəs nəyə görə Azərbaycan seçildi? Mən bu sualı özümə verdim. Avrasiyanın xəritəsinə baxaraq gördüm ki, ola bilsin, Azərbaycan onların görüşə biləcəyi yeganə məkandır. Biz NATO-nun üzvü deyilik. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyilik. Biz güclü beynəlxalq nüfuza malik ölkəyik. Biz ABŞ, Avropa və qonşularımız, Rusiya ilə çox yaxşı münasibətləri olan və onların hörmət bəslədiyi ölkəyik.

Buna görə də artıq nəinki təkcə bizim regionda, həm də geniş miqyasda Azərbaycanın sabitləşdirici amil kimi rolu artacaqdır. Bu, bizim regional sabitliyə verdiyimiz töhfədir. Burada artıq qeyd olunmuşdur ki, sabitlik istənilən növ inkişaf üçün ən vacib amildir. Sabitliyiniz olmasa sərmayələri, həyat şəraitinin yaxşılaşdırılmasını və əməkdaşlığı unudun.

Bizim siyasətimiz həmişə layihələr vasitəsilə əməkdaşlığa sərmayə yatırmaq idi. Bizim uzun illərdir ki, mövcud olan və çox səmərəli regional əməkdaşlıq formatımız da var. Bu, Azərbaycan, Gürcüstan və Türkiyədir. Biz birlikdə enerji, nəqliyyat və digər layihələri icra edirik və biz güclü müttəfiqlərik. Eyni zamanda, bu gün bizim digər regional əməkdaşlıq formatımız var.

Bu, Azərbaycan, İran və Rusiyadır. Azərbaycan dünyada, eyni zamanda, İran və Rusiya ilə sərhədi olan yeganə ölkədir. Onlar ticarət, nəqliyyat, iqtisadi inkişaf və təhlükəsizliklə bağlı sahələrdə bizim təbii tərəfdaşlarımızdır. Buna görə də ümid edirəm, elə bir vaxt gələcək ki, biz bu mövcud regional əməkdaşlığı daha böyük əməkdaşlığa inteqrasiya edə biləcəyik və bu da bütün insanların xeyrinə olacaqdır. Bu, riskləri azaldacaq və əməkdaşlıq üçün daha çox imkanlar yaradacaq”.

Etikxeber.az

Read Previous

Heydərov Xaçmazda vətəndaşları qəbul edəcək

Read Next

“Ərdoğanla Putin üçün barışığa getməyin necə çətin olduğunu bilirəm…” – ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir