Azərbaycan vəkilliyinin 100 ili – NƏLƏRLƏ YADDA QALDI? – RƏYLƏR

Bu gün Azərbaycan vəkilliyinin yaranmasından düz 100 il ötür. Vəkilliyimiz bu 100 ilində çox sınaqlar keçdi, çətin və iztirablı bir yol qət etdi.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, 1995-ci ildə qəbul olunan Konstitutsiya müstəqil dövlətimizin hüquqi dəyərlərini, fəaliyyət istiqamətini və hüquqi çərçivəsini müəyyən etdi.

vakil

“Müstəqillik illərində də çətin sınaqlardan keçən Azərbaycan vəkilliyi getdikcə dövlətçilik məfkurəsi və vətəndaşlara xidmət fəlsəfəsi ilə sürətlə inkişaf etməkdə və hüquqi çərçivələrdə öz yerini möhkəmlətməkdədir.

Görüləsi xeyli işlər, keçiləsi uzun yol var.

Bu yolda olan bütün vəkillərin bayramını təbrik edir, onlara bu mühüm missiyada uğurlar arzu edirəm!”-deyə, millət vəkili sözlərinə əlavə edib.

“Respublikamızda insan hüquqlarının peşəkar müdafiəsi işinin təşkili baxımından 2019-cu il Azərbaycan vəkilliyi üçün xüsusilə əlamətdardır. Əminliklə demək olar ki, bu il Azərbaycan vəkilliyinin 100 illiyi, müstəqil vəkillik institutunun yaradılmasının 20 illiyi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təsis olunmasının 15 illiyi kimi tarixə düşəcək”.

Bunu isə Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun qeyd etdiyinə görə, bu gün Ana qanunumuz olan Konstitusiyada 24 yerdə “insan hüquqları”, 63 yerdə “azaqlıqlar” və sair əlaqəli ifadələrə rast gəlirik. Bu, dövlət və vətəndaş cəmiyyəti quruculuğu barədə ölkəmizin hansı istiqamət tutması, hansı bəşəri dəyərlərə söykənməsi, onun niyyəti barədə xəbər verir. Eyni zamanda bu hüquqların peşəkar qorunması işində mərkəzi yerlərdən birini tutan Azərbaycan vəkilliyinin özünə xas tarixi yolu olub:

“Dünyaca məşhur yazıçı Harper Linin “Bülbülü öldürmək” romanında əsərin qəhrəmanın dilindən peşəcə vəkil olan atası Attikus Finç barəsində belə bir ifadə işlədilir: “Heç vaxt əlinə silah almamış, hətta müharibədə olmamış atam mənim gözümdə bəlkə də dünyada yaşamış ən cəsur adam idi”. Yəqin, vəkil peşəsinin xarakterini bədii formada bundan daha gözəl ifadə etmək olmazdı. Dünya tarixinə nəzər yetirdikdə vəkillərin, ümumən hüquqşünasların müxtəlif dövlətlərin qurulmasında rolunu bariz şəkildə görə bilərik. Belə fədakarlıq yanlız cəsarətli şəxslərə xasdır və vəkillər bu tarixi siyahıda öncül yerlərdən birini tutmaqda haqlıdırlar. Buna bir sıra xarici ölkələrin, həm də Azərbaycanın şanlı tarixi uğurlu misal ola bilər.

Belə ki, ölkəmizdə institusional səviyyədə vəkillik 30 iyul 1919-cu il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin qərarı ilə Azərbaycan Məhkəmə Palatası Dairəsi üzrə Andlı Müvəkkillər Şurasının təşkili işinə başlanılıb.

12 noyabr 1919-cu il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin müraciəti əsasında vəkillərin dəqiqləşdirilmiş siyahısının təqdim edilməsi xahiş edilib. Qeyd olunmalıdır ki, həmin dövrdə fəaliyyət göstərən 100-dən artıq vəkildən yalnız 8-i azərbaycanlı olub. Onlardan İsmayıl xan Ziyadxanov, Axundzadə Rəşid bəy, Əlimərdan Topçubaşov, Fətəlixan Xoyski, Xəlilbəy Xasməmmədovun adları xüsusilə qeyd olunmalıdır. Adları sadalanan ictimai-siyasi xadimlərin ovaxtkı Azərbaycan dövlətinin qurulmasındakı sonrakı xidmətləri hər kəsə gözəl məlumdur.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə 11-ci qızıl ordu tərəfindən ilhaq olunması nəticəsində Azərbaycan İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli dekreti ilə Azərbaycan məhkəmə palatası, ümumən prokurorluq, məhkəmə və istintaq orqanları, habelə vəkillik sistemi ləğv edildi. Məlumat üçün qeyd olunmalıdır ki, həmin dövrdə müdafiəçilər işlərə yalnız məhkəmə baxışı mərhələsində buraxılırdılar ki, bu, o dövrdə insanların hüquqi yardıma çatımlılığı baxımından qəbahətli təcrübə kimi acı da olsa, bunu tariximiz kimi qəbul etməliyik”.

A. Bağırov bildirib ki, Sovet hakimiyyəti illərində Moskvadakı ittifaq rəhbərliyinin Azərbaycana münasibətdə iqtisadi və digər sahələrdə ayrı-seçkiliyə meyilli olmasına baxmayaraq, xalqımızın qədirbilən övladları ölkəmizin tərəqqisi naminə öz sözlərini deyə bildi:

“Bu mənada, xalqımızın dahi lideri, Ulu Öndər Heydər Əliyevin xidmətləri xüsusilə vurğulanmalıdır.

1970-ci ildə Azərbaycan SSR Ədliyyə Nazirliyi yaradılmış və maraqlıdır ki, nazirliyin Əsasnaməsinin 6-cı maddəsində nazirliyin vəkillər sisteminə ümumi rəhbərlik etməsi qeyd olunmuşdur. Həmin ilin dekrabın 25-də isə SSRİ Ədliyyə Nazirliyinin “Vəkillər Kollegiyasının fəaliyyətinə rəhbərliyi yaxşılaşdırmaq haqqında” əmrdə aşağıdakı maraqlı ifadələr qeyd olunmuşdur: “Vəkillər sistemi təsisatının nüfuzunu daha da yüksəltmək, vəkillərin qanunla onlara verilən hüquqlardan daha dolğun istifadəsini təmin etmək, hüquq məsləhətxanalarının və vəkillərin normal işləmələrindən ötrü şərait yaradılmasına kömək etmək məqsədilə ədliyyə nazirlikləri qarşısında yeni vəzifələr qoyulur.

Bununla bərabər, 1978-ci il Kontistusiyasını vəkilliyin institusionallaşması və təşkilatlanması baxımından mühüm sənəd hesab edə bilərik. Belə ki, həmin Konstitusiyanın 173-cü maddəsində aşağıdakılar təsbit olunmuşdur: “Vətəndaşlara və təşkilatlara hüquqi yardım üçün Vəkillər Kollegiyası fəaliyyət göstərir. Qanunvericiliklə nəzərdə tutulan hallarda vətəndaşlara hüquqi yardım pulsuz göstərilir”.

Lakin söhbət əgər müstəqil vəkillikdən gedirsə, o zaman Azərbaycanda vəkillik institutunun müstəqil təsisat kimi formalaşması və fəaliyyətinin bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olması qeyd edilməlidir Belə ki, Ümummilli Liderin rəhbərliyi ilə 1995-ci ildə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsinin hazırlanması üzrə komissiya, 1996-cı ildə isə Hüquqi İslahat Komissiyası yaradılmışdır ki, məhz bu dövrdən sonra müstəqil Azərbaycan vəkilliyinin əsasları formalaşdırıldı, Vəkillər Kollegiyası müstəqil təsisat olaraq məhkəmə-hüquq sistemində öz layiqli yerini tutdu.

Bu zamana qədər isə vəkillik fəaliyyəti Ədliyyə Nazirliyinin müvafiq şöbəsi tərəfindən təşkil edilir və nəzarətdə saxlanılırdı. Bütün bu fəaliyyətin məntiqi davamı olaraq Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun imzalanıb, Azərbaycan tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisata dönüb və həmin dövrdə qəbul olunmuş yeni prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu tərəfinə çevrilib. Müstəqilliyin təməlini qoyan qanunun qəbulundan sonra isə ilk dəfə olaraq 3 noyabr 2004-cü ildə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası təsis olundu”.

 

Vəkillər Kollegiyasının sədri həmçinin qeyd edib ki, dövlət başçısı İlham Əliyev tərəfindən qəbul olunmuş tarixi sənədlər nəticəsində son dövrlər Vəkillər Kollegiyası institusional səviyyədə güclənmiş, ictimaiyyət arasında və beynəlxalq səviyyədə nüfuzlu quruma çevrilib:

“Bu nüfuzun formalaşmasına Kollegiyanın BMT, AŞ, Beynəlxalq Miqrasiya Təşkilatı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Avropa Hüquqşünas Tələbələri Assosiasiya kimi beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq münasibətlərinin qurulması, vəkillərin Böyük Britaniyada vəkilliyə qəbul üzrə müvafiq imtahanı verməklə orada vəkilliyə qəbul oluna və İngiltərə və Uels ərazisində vəkillik fəaliyyəti ilə məşğul ola bilmələri üçün Birləşmiş Krallığın Hüquq Cəmiyyəti ilə əlaqlərin yaradılması, gənc hüquqşünas tələbələr üçün təqaüd və təcrübə proqramlarının təşkili, 2017-ci ilə nisbətdə ölkədə vəkillərin sayının 83 faizədək artırılması, vəkilliyə qəbul prosesinin sadələşdirilərək daimi əsaslarla təşkil edilməsi səbəb olub.

Eyni zamanda, ölkə üzrə vəkil qurumlarının sayının 39-dan 73-dək artırılması, vəkillərin fəaliyyətində elektron texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi, ölkə üzrə bir sıra ASAN xidmət mərkəzlərində (Masallı, Bərdə, Qəbələ, İmişli) aztəminatlı əhaliyə pulsuz hüquqi yardım xidmətlərinin təşkili, Kollegiyanın fəaliyyətinin ictimaiyyətə və mediaya açıqlığının təmin edilməsi, Sumqayıtda ən müsair standartlara cavab verən Regional Vəkil Bürosunun yaradılması, habelə bu yaxınlarda Şəki, Şirvan və Gəncə şəhərlərində analoji regional mərkəzlərin açılacağı və digər görülmüş işlər də mühüm rol oynayıb.

Unudulmamalıdır ki, Azərbaycan vəkilliyində əldə olunmuş müsbət nəticələr Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müstəqil vəkilliyin inkişafına xalqımızın layiqli lideri Prezident İlham Əliyevin qayğısının nəticəsidir. Bu baxımdan, aparılan islahatlar, şübhəsiz, tək bu gün üçün deyil, həm də gələcəyə hesablanmış addım olaraq dəyərləndirilməlidir.

Sonda əminliklə demək olar ki, 28 dekabr 1999-cu il – “Vəkillər və vəkillik fəaliyyət haqqında” qanunun imzalanması günü Ulu Öndər Heydər Əliyevin xidməti ilə vəkilliyimizin tarixinə qızıl hərflərlə həkk olunub”.

Etikxeber.az

Read Previous

“İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması qaydası” təsdiqləndi

Read Next

İdmançılar və məşqçilər mükafatlandırıldı – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir