“Azərbaycan xalqı olaraq qürur duyuruq ki, belə güclü Ordumuz var”-FATMA YILDIRIM

Azərbaycan xalqı 26 İyun – Silahlı Qüvvələr Gününü böyük qürurla, ruh yüksəkliyi ilə qeyd edir. Azərbaycan Ordusu dövlətimizin və xalqımızın güvən yeridir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəman əsgər və zabitləri 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanmaqla tarix yazdılar.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, mərhum Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə başlandı:

“Məhz Ümummilli Liderin 1998-ci il mayın 22-də imzaladığı fərmanla iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Eyni zamanda, Ulu Öndərimizin 1999-cu il fevralın 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması, 2001-ci il avqustun 20-də respublikamızda fəaliyyət göstərən hərbi məktəblərin statusunun artırılması haqqında imzaladığı fərmanlar, heç şübhəsiz, bu istiqamətdə əsaslı dönüş yaratdı. Bütün bunların nəticəsidir ki, hazırda Azərbaycanda güclü maddi-tədris bazasına, müasir texnologiyalara malik, yeni tədris metodları ilə fəaliyyət göstərən, uğurları ölkəmizin sərhədlərindən də uzaqlara yayılan hərbi təhsil sistemi mövcuddur”.

Deputatın sözlərinə görə, 2003-cü ildən etibarən Azərbaycanda hərbi quruculuq bu gün də yüksələn xətlə inkişaf edir. Bunun ən başlıca səbəbi isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlət başçısı postunda fəaliyyətə başladığı ilk gündən Ümummilli Liderimizin həyata keçirdiyi strateji əhəmiyyətli tədbirləri və ənənələri uğurla davam etdirməsi, o cümlədən ordu quruculuğu işini prioritet elan etməsi ilə bağlıdır:

“Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer tutur. Ölkəmizin ötən illərdə dinamik inkişafı Silahlı Qüvvələrin büdcəsinin artması və nəticə etibarilə Ordumuzun güclənməsi ilə müşayiət olundu. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb”.

F. Yıldırım qeyd edib ki, Azərbaycanın əzəli dədə-baba torpaqlarının təcavüzkar erməni qəsbkarları tərəfindən 30 ilə yaxın müddətdə işğal altında qalması, beynəlxalq birliyin buna göz yumması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün uzun illərdən bəri yaradılan ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti, münaqişəyə biganə yanaşması problemin diplomatik həllinə imkan vermədi. Ermənilər mütəmadi atəşkəsi pozur, günahsız insanları qətlə yetirirdi:

“Ən acınacaqlısı da o idi ki, bütün bunlar beynəlxalq qurumların, Qarabağ torpaqlarının ərazi bütövlüyünü tanıyan və Azərbaycana aid olduğunu birmənalı şəkildə təsdiqləyən dünya dövlətlərinin gözü qarşısında baş versə də, onlar tərəfdən laqeydlik, susqunluq müşahidə olunurdu. Azərbaycanın dövlət başçısı çox böyük səbir nümayiş etdirərək gözlədi və haqq-ədalətin gec-tez öz yerini tapacağına ümid bəslədi. Amma qarşı tərəf öz aqressiv mövqeyi ilə sülhə getmək fikrində olmadığını nümayiş etdirirdi. Ötən il sentyabrın 27-də Prezident İlham Əliyev xalqa müraciət edərək, Ermənistan silahlı qüvvələri tərəfindən bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə olunmaqla yaşayış məntəqələrimizin, dinc sakinlərimizin atəşə məruz qalması haqqında məlumat verdi.

Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Tarixin səhifələrində “Vətən müharibəsi”, “İkinci Qarabağ müharibəsi”, “Dəmir yumruq” əməliyyati kimi yer alan müharibə çox uzun sürmədi. 44 gün ərzində xalqla dövlətin sarsılmaz birliyinin, Azərbaycanın müzəffər Ordusunun şanlı Qələbəsi ilə başa çatan müharibə erməni işğalçılarının uzun illərdən bəri Azərbaycanın müdafiə gücünün yoxluğu, Ordusunun zəif olması ilə bağlı apardıqları əks təbliğatlara son qoydu. Azərbaycan dövləti özünün ərazi bütövlüyünü qısa zaman ərzində bərpa etməklə, nəinki ermənilərə, həmçinin bütüdünyaya hansı gücə qadir olduğumuzu sübut etdi”.

Deputat söyləyib ki, bu gün Azərbaycanda hər kəs xoş ovqatla, böyük qürur hissi ilə Qələbənin sevincini yaşayır və keçmiş məcburi köçkünlər doğma yurdlarına dönəcəyi günü səbirsizliklə gözləyirlər:

“Bizə Qələbə sevinci yaşatdıqları üçün bizlər şanlı Ordumuzun qəhrəman əsgərlərinə, şəhidlərimizə və qazilərimizə borcluyuq. Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi döyüş qabiliyyəti dünyanın müasir hərb elmində bir yenilik oldu. Təsadüfi deyil ki, dünyanın bir sıra hərbi mərkəzlərində Azərbaycan Ordusunun tətbiq etdiyi strategiya öyrənilir. Azərbaycan xalqı olaraq qürur duyuruq ki, belə güclü Ordumuz var”.

Etikxeber.az

Read Previous

AVRO-2020: Səkkizdəbir final mərhələsi başlayır-BU GÜN

Read Next

7 bacının tək qardaşı…Milli Ordu günündə dünyaya gələn-ŞƏHİD ELŞƏN KƏRİMOVUN 20 YAŞI TAMAM OLUR, BU GÜN CƏNNƏTDƏKİ İLK DOĞUM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir