Azərbaycana mənsub dəniz limanlarında 18 min 585 gəminin girişi və 18 min 373 gəminin çıxışı rəsmiləşdirilib

2016-cı il ərzində Azərbaycan Respublikasına mənsub dəniz limanlarında 18 min 585 gəminin girişi və 18 min 373 gəminin çıxışı rəsmiləşdirilib, 3549 gəmi jurnalı təsdiq edilərək təhvil verilib və xarici dövlətin bayrağı altında üzən 1668 gəmiyə bələdçi xidməti göstərilib.

Etikxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının 2016-cı il ərzində görülmüş işlərə dair hesabatında deyilir.

Sənəddə bildirilir ki, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi Tərəfindən xarici dövlət bayrağı altında üzən Azərbaycan Respublikasına səfər edən 1105 gəminin və Azərbaycan Respublikasının ərazi sularında keçən 630 gəminin naviqasiya ötürülməsi təmin edilib.

2016-ci ilin müvafiq dövrü ərzində Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən 132 gəmidə və xarici dövlətlərin bayrağı altında üzən 60 gəmidə nəzarət yoxlaması həyata keçirilib. Xarici dövlətlərin bayrağı altında üzən 60 gəmidən 26-sı Rusiya Federasiyasına, 19-u İran İslam Respublikasına, 4-ü Qazaxıstan Respublikasına və 11-i Türkmənistan Respublikasına məxsus olub. Xarici dövlətlərin bayrağı altında üzən gəmilərdə ümumilikdə 341 uyğunsuzluq halı aşkar edilib. Qeyd edilən uyğunsuzluqlardan 273-ü “Dənizdə insan həyatının mühafizəsi haqqında Beynəlxalq Konvensiya”nın (SOLAS), 15-i “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya”nın (MARPOL), 32-si “Dənizdə Əməyə dair Konvensiyası”nın (MLC), 10-u “Yük nişanı haqqında Beynəlxalq Konvensiya”nın (ICLL), 7-si “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında Konvensiya”nın (COLREG) və 4-ü digər beynəlxalq konvensiyaların tələblərinin pozulması ilə əlaqədar olub.

Hesabat dövrü ərzində Dövlət Dəniz Administrasiyası tərəfindən “Gəmi və liman vasitələrinin mühafizəsinə dair” Beynəlxalq Məcəllənin (ISPS Code) tələblərinə əsasən, Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən 30 gəmidə yeniləmə və 27 gəmidə ilkin yoxlama keçirilib və bu gəmilərə “gəminin “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında” Beynəlxalq Məcəllənin tələblərinə uyğun olması haqqında Şəhadətnamə” verilib. Həmçinin, 13 gəmidə ara yoxlaması keçirilib.

Həmçinin, 2016-cı il ərzində Dövlət Dəniz Administrasiyası tərəfindən 95 gəmiyə “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında Şəhadətnamə”, 27 gəmiyə “Mülkiyyət hüququ haqqında Şəhadətnamə”, 96 gəmiyə “Minimum heyət tərkibi haqqında Şəhadətnamə”, 38 gəmiyə “Neftlə çirklənmədən vurulan zərərə görə mülki məsuliyyətin maliyyə təminatı haqqında Şəhadətnamə”, 16 gəmiyə “gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə”, 146 gəmiyə “Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında Sertifikat”, 10 gəmiyə “Azərbaycan Respublikasının Dövlət gəmi reyestrindən və Berbout-çarter reyestrindən çıxarış”, 22 gəmiyə “Gəmi tarixinin fasiləsiz qeydlər sənədi” və 3 gəmiçilik şirkətinə “Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə verilib.

Eyni zamanda bildirək ki, 37 ədəd müxtəlif təyinatlı gəmi Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və Berbout-çarter reyestrində qeydiyyata alınıb, 13 gəmi adıçəkilən reyestrlərdə təkrar qeydiyyata alınıb və onlara müvafiq şəhadətnamələr verilib. Həmçinin, 1 gəmi Azərbaycan Respublikasının Dövlət Gəmi reyestrindən çıxarılıb.

Bundan əlavə, 1 gəminin Dənizdə insan həyatının mühafizəsinə dair təlim və məşğələ üzrə təlimatı, 66 gəminin Yanğınla mübarizə planının sxemi, 5 gəminin Yüklərin bərkidilməsi üzrə təlimatı, 3 gəminin Gəmi qəza yedək əməliyyatları planı təsdiq edilib. Eləcə də, “Kaspian Geofizikal” MMMM-in və “Saipem Contracting Netherlands” şirkətinin Əmniyyətli İdarəetmə Sistemi üzrə sənədlər toplusu təsdiq edilib.

Qeyd edilən dövr ərzində 1117 dənizçinin şəxsiyyət vəsiqəsi və 576 dənizçinin qeydiyyat kitabçası hazırlanaraq sahiblərinə təqdim edilib.

Hesabat dövrü ərzində Dövlət Dəniz Administrasiyası öz fəaliyyətində qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsi və bu təcrübənin Azərbaycan Respublikasının qeyd olunan sahə üzrə dövlət siyasəti və tənzimləməsinin həyata keçirilməsi istiqamətində tətbiqi məsələlərinə xüsusi yer ayırıb. Administrasiya ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətlərində böyük uğurlara nail olub, təkcə Beynəlxalq Dəniz Təşkilatı ilə deyil, həmçinin Beynəlxalq Əmək Təşkilatı, Avropa İttifaqı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, NATO və sair kimi beynəlxalq qurumlarla əlaqələrini genişləndirib.

“Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na və “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş” ilə bağlı müvafiq sənədlər Dövlət Dəniz Administrasiyası tərəfindən “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa və “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi haqqında təkliflərin mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən verilməsi Qaydaları”na uyğun olaraq hazırlanaraq aidiyyəti üzrə təqdim edilib və Azərbaycan Respublikası “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na və “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş”ə qoşulmaq barədə 4 mart 2016-cı il tarixli 165-VQ nömrəli Qanun ilə qeyd edilən Konvensiya və Sazişə qoşulub.

Cari ilin fevral ayının 2-də imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair” Saziş 15 aprel 2016-cı il tarixli 204-VQ nömrəli Qanunla təsdiq edilib.

Həmçinin, hesabat dövrü ərzində “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (STCW) 1978-ci il tarixli Beynəlxalq Konvensiya”ya əsasən sertifikatların (diplomların) tanınması haqqında Anlaşma Memorandumu” imzalanıb.

Ötən il noyabrın 15-dən həyata keçirilməsinə başlanılan və başlıca məqsədi Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar beynəlxalq konvensiyalarda nəzərdə tutulan məsuliyyət prosedurlarının Avropa İttifaqı qanunvericiliyi ilə əlaqəli şəkildə həyata keçirilməsində və tətbiqi məsələlərində Dövlət Dəniz Administrasiyasının potensialını gücləndirməkdən ibarət olan “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı tvinninq layihəsinin 2016-cı il yanvarın 15-də rəsmi açılış mərasimi keçirilib.

Qeyd edilən layihə çərçivəsində 2016-cı il ərzində “Dənizlə sərnişinlərin və onların baqajlarının daşınması zamanı dəymiş ziyana görə məsuliyyət”, “Azərbaycan Respublikasının ərazisində liman nəzarəti və Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə bayraq nəzarətini həyata keçirən müfəttişlərin təlimatlandırılması”, “Dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılması haqqında 1976-cı il tarixli Beynəlxalq Konvensiya və adıçəkilən beynəlxalq konvensiyanın 1996-cı il tarixli Protokolu” və digər mövzularda seminarlar, eləcə də, “Gəmilərdə əmniyyətli əməliyyatlar və çirklənmənin qarşısının alınması üçün beynəlxalq idarəetmə məcəlləsinə” dair auditor kursları, “Təlimatçılar üçün hazırlıq kursu”, “Trenajor təlimatçıları və qiymətləndiriciləri üçün təlim”, Gəmi Hərəkətinin İdarəetmə Xidmətinin operatorları üçün kurslar və digər təlimlər daxil olmaqla İspan mütəxəssislərinin iştirakı ilə Azərbaycan, İspaniya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, İtaliya və digər ölkələrdə ümumilikdə 11 tədbir təşkil olunub.

Hesabat dövrü ərzində Dövlət Dəniz Administrasiyasının aparatında çalışan dövlət qulluqçularının təlim-tədris məsələləri diqqət mərkəzində saxlanılıb. Belə ki, 2016-cı il ərzində Administrasiyanın əməkdaşları “Dəniz mühitinin mühafizəsi və təhlükəsizliyi”, “Dəniz hüququ”, “Dənizdə Əməyə Dair Konvensiyasının milli qanunvericilikdə tətbiqi” və dənizçilik sahəsini əhatə edən digər mövzular üzrə 11 beynəlxalq təlimdə və 34 beynəlxalq tədbirdə iştirak edib.

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Dövlət Dəniz Administrasiyasında 19 vakant vəzifə elan edilərək müsabiqəyə çıxarılıb və qeyd edilən müsabiqənin hər iki mərhələsindən müvəffəqiyyətlə keçmiş 6 namizəd müvafiq vəzifələrə təyin olunub.

Qeyd edilən dövr ərzində Dövlət Dəniz Administrasiyasında vətəndaşların qəbulu işinin təşkili “Vətəndaşların müraciətləri haqqında” 30 sentyabr 2015-ci il tarixli 1308-IVQ nömrəli Qanuna və Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”nin 8.13-cü bəndinə uyğun olaraq “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəhbərliyi və aparatın struktur bölmələrinin müdirləri tərəfindən vətəndaşların qəbul edilməsi qrafiki”ndə göstərilən günlər üzrə həyata keçirilmiş və zəruri hallarda vətəndaşlar qəbul günləri olmayan günlərdə də Administrasiyanın rəhbərliyi və Aparatın struktur bölmələrinin müdirləri tərəfindən qəbul edilib.

Etikxeber.az

Read Previous

“Shopping festival”ları İrandan gələcək turistlər üçün maraqlı ola bilər…” – NAZİR

Read Next

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2,1 faiz bahalaşıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir