“Azərbaycanda Mədəni İrs və Mədəni Turizm: Resurslar, Məhsullar, Təcrübələr”-TƏQDİMAT

“ICOMOS Azərbaycan” İctimai Birliyi tərəfindən mədəni irs və tarixi  turizm mövzusunda Azərbaycan dilində dərslik vəsaiti hazırlanıb.

Etikxeber.az xəbər verir ki, bu haqda təşkilatın keçirdiyi təqdimat mərasimində məlumat verilib.

Tədbirdə dövlət turizm qoruqlarının nümayəndələri, turizm şirkətlərinin nümayəndələri, mədəni irs üzrə ekspertlər iştirak ediblər.

Qeyd olunub ki, “Azərbaycanda Mədəni İrs və Mədəni Turizm: Resurslar, Məhsullar, Təcrübələr” adlı kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə keçirilən layihə çərçivəsində ərsəyə gətirilib.

Mərasimdə çıxış edən kitabın həmmüəllifi, “ICOMOS Azərbaycan” Milli Komitəsinin üzvü, mədəni irs sahəsində tanınmış ekspert Elşən Mustafayev bildirib ki, iki fəsildən ibarət vəsaitdə mədəni irs sahəsində əsas anlayışlar təhlil edilib, mədəni irsin qorunması sahəsində qanunvericilikdə əsas normativ aktlar və idarəetmə sahəsində fəaliyyət göstərən qurumlar ilə bağlı məlumat verilib. Həmçinin mədəni irs resursların bölgüsü, mədəni irs resurslarından turizm məhsullarının hazırlanması, yerli və beynəlxalq misallarla mədəni irs resursundan məhsula keçid ətraflı şəkildə müzakirə olunub. Kitabda xarici ölkələrin uğurlu turizm hekayələri ilə yanaşı, Azərbaycan nümunələrinə də istinad olunub. Məsələn, “Basqal” Dövlət Tarix-Mədəniyyət qoruğunun timsalında inkişafı ilə bağlı misallara istinad olunub. Kitab müəllifləri konkret nümunələr əsasında mədəni abidələrin yerli turizmin inkişafına səbəb ola biləcək modellərə baxışı ortaya qoyublar.

Mərasimdə vurğulanıb ki, hələlik elektron formatda hazırlanan vəsait açıq internet resurslarında yerləşdiriləcək və bu sahə ilə maraqlanan hər kəs – araşdırmaçılar, tələbə və müəllimlər, turizm sənayesinin nümayəndələri üçün mənbə rolunu oynayacaq. Gələcəkdə elektron kitabın çap olunması da gözlənilir.

“ICOMOS Azərbaycan” İctimai Birliyinin üzv olduğu Milli Komitə maddi-mədəni irsin qorunması, memarlıq və arxeoloji abidələrin mühafizəsi sahəsində ixtisaslaşmış dünya miqyaslı qeyri-hökumət təşkilatı olan Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) üzvüdür. Dövlət Turizm Agentliyinin təşəbbüsü və dəstəyi ilə 2021-ci ildə yaradılan ICOMOS Azərbaycan Milli Komitəsi qısa müddət ərzində bir sıra uğuru layihələrə imza atıb. 

“ICOMOS Azərbaycan” İctimai Birliyinin icra etdiyi “Mədəni turizm resurslarından səmərəli istifadə üçün dərslik vəsaitinin hazırlanması” layihəsi iki ay davam edib.

Layihə mədəni turizmin tədrisi sahəsində gələcəkdə daha irihəcmli və daha təfərrüatlı, fundamental dərslik vəsaitinin hazırlanması istiqamətində vacib addım sayıla bilər.

Etikxeber.az

Read Previous

Daha 49 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Read Next

“Azərbaycan-Türkiye qardaşlığı və müttəfiqliyi gündən-günə güclənəcək, ölkələrimizin tərəqqisinə və rifahına xidmət edəcək”-CEYHUN BAYRAMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir