“Azərbaycanın səbrinin həddi tükənmək üzrədir, Azərbaycan dövləti və xalqı Qarabağın işğaldan azad edilməsinə indi daha yaxındır, lap yaxın!”-SABİQ DEPUTAT

Prezident İlham Əliyevin sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında dərin məzmunlu çıxışı növbəti dəfə Azərbaycan dövlətinin qətiyyətli siyasi mövqeyini və əzmkarlığını dünyaya nümayiş etidrdi.

182 ölkənin dövlət və hökumət başçısının videoformatda keçirilən beynəlxalq tədbirində Cənab İlham Əliyev həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi nitq söylədi.

Dövlət başçıları sırasında sayca altıncı çıxış etməsi isə Prezident İlham Əliyevə olan beynəlxalq hörmət və etimadın təzahürü sayıla bilər. Cənab İlham Əliyev əvvəlcə Qoşulmama Hərəkatının sədri kimi çıxış etdi.

Onun olduqca maraq doğuran ictimai-humanitar məzmun kəsb edən nitqi ilə növbəti dəfə qlobal miqyasda Azərbaycanın təşəbbüskar və sülpərvər niyyətini ifadə etmiş oldu. Planeti ağır fəlakətlərlə üz-üzə qoyan pandemiyanın şiddətləndiyi vaxtlarda Azərbaycanın Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərini təşkil etməklə ümümdünya problemlərinin həllində və geniş müzakirəsində açıq və lider ölkə olduğunu təsdiqlədi.

Respublikamız bu qlobal müharibədə ayrı-seçkilik etmədən bütün ölkələrə ən zəruri köməklikləri göstərdi, insanpərvərliyini nümayiş etdirdi, 30-dan artıq ölkəyə əl uzatdı, beynəlxalq təşkilatların rəhbərləri ilə problemlərin çözülməsində dost, qardaş köməyini əsirgəmədi.

Etibarlı tərəfdaş kimi ön cəbhədə dayanaraq qlobal həmrəyliyə töhfə verdi. insanlığın xoşniyyətli obrazını dünyaya təqdim etdi. Cənab Prezident ötən gün dünyanın hər zaman olduğundan bu gün daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı olduğunu xatırlatdı.

Bildirdi ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi BMT-nin qlobal siyasi və iqtisadi idarəçilikdə əvəzsiz roluna dərin dəstək və qətiyyətli addımlar atmaqla töhfə verir, sülh və sabitliyinin, həmrəyliyin möhkəmlənməsi üçün fəallığını daha da artırmaq niyyətini bəyan edir.

Təəssüflər olsun ki, bu mötəbər təşkilatın əlamətdar hadisəni qeyd etdiyi günlərdə bəzi dövlətlər həmrəyliyə və qlobal əməkdaşlığa deyil, ayrı-seçkiliyə zəmin verən ziyanlı çağırışlar da etdilər. BMT-nin üzvü olan bir sıra ölkələrin rəhbərləri, siyasi dairələr ikili standartlardan çıxış etməklə, ziddiyyətli və siyasi gərginlik yaradan zərərli açıqlamlarla BMT-nin məqsəd və məramlarına, humanizmə zərbə vurur, siyasi gərginlikləri artırmağa cəhdlər edirlər. Fransanın, Yunanıstanın rəsmi dairələrinin çıxışlarında bu ziyanlı meyilləri daha aydın görmək olar.

Son dövrlərdə qardaş Türkiyənin regionda artan siyasi nüfuzu, Şərqi Aralıq dənizində yeni enerji poroqramları, Azərbaycanın və Türkiyənin terrora qarşı əzmkar mövqeyi bu dövlətləri narahat edir və türkün möhtəşəm birliyi bəzi ölkələrin belə ədalətsiz yanaşmalar sərgiləməsində az rol oynamır.Terrorçu Ermənistanı təxribatlara şirnikləndirən də məhz dünya nizamında haqq-ədalətin pozulması, beynəlxalq güclərin beynəlxalq hüquqa saymazyana münasibəti, ikili standartlar, havadarlarının ikiüzlü siyasətidir.

Prezident İlham Əliyev çıxışında bu məqamlrdan da yan keçmədi, Azərbaycan dövləti adından çıxış edərkən siyasi məharətlə və əsil qətiyyət və prinsipiallıqla Ermənistanın təcavüzkar işğalçılıq siyasətini, ona qol-qanad verən havadarlarının çirkin oyunlarını kəskin tənqid etdi. Ermənistanın Azərbaycana qarşı hərbi güc tətbiq etməklə Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonu işğalda saxlamasına, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə Ermənistan hələ də məhəl qoymamasını beynəlxalq hüquqa hörmətsizlik kimi dəyərləndirdi.

“ Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir”.

Bu gün də terrorçu siyasətini davam etdirən Ermənistan qoşunların təmas xətti və sərhəd xəttində mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir.

“Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür.

Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub. Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir”.

Prezident İlham Əliyevin nitqində beynəlxalq ictimaiyyətə, beynəlxalq təşkilatlara, o cümlədən BMT və ATƏT-in Minsk qrupuna konkret mesajlar diqqəti cəlb edir. Onun çıxışının bu frazası artıq terrora məruz qalmış dövlətin Ali Baş Komandanın konkret qısa və lakonik xəbərdarlığıdır:

“Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır”.

Bu bəyanat həm də faşist Paşinyan rejiminə ünvanlanmış ultimatumdu.

“Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Bəli, Azərbaycanın səbrinin həddi tükənmək üzrədir, Azərbaycan dövləti və xalqı Qarabağın işğaldan azad edilməsinə indi daha yaxındır, lap yaxın!

Vaqif ABDULLAYEV,

Sabiq icra başçısı, keçmiş deputat

Etikxeber.az

Read Previous

BEYNƏLXALQ SÜLH GÜNÜNDƏ SÜLHƏ TƏHDİD YARADANLAR BARƏDƏ BİR NEÇƏ SÖZ…-Parlamentin komitə sədri

Read Next

“Münaqişənin nizamlanmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır ki…”-DEPUTAT YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir