Azərbaycanlı bəstəkar Rusiyada keçirilən beynəlxalq müsabiqənin münsiflər heyətinin sədri olub

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə Andrey Petrov adına bəstəkarların beynəlxalq müsabiqəsinin münsiflər heyətinə rəhbərlik etmək üçün Sankt-Peterburqa dəvət edilib. Müsabiqənin münsiflər heyətində A.Knayfel, L.Desyatnikov, P.Karmanov, D.Yanov-Yanovski, A.Karalyov və İ.Drux kimi məşhur bəstəkarlar yer alıb.

Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, Tarixi Dövlət Filarmoniyasının böyük zalında keçirilən bağlanış mərasimində F.Əlizadə çıxış edərək Rusiya və Azərbaycan arasında dərin köklərə malik, Üzeyir Hacıbəyli və Dmitri Şostakoviç kimi korifeylərin əməyinə söykənən dostluğun əhəmiyyətindən danışıb.

“Bu gün biz – Şostakoviçin sevimli tələbələri olan Qara Qarayevin və Cövdət Hacıyevin tələbələri xalqlarımız arasında mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində apardığımız işlərdə onların ideyalarına və nailiyyətlərinə söykənirik”, – deyə F.Əlizadə qeyd edib.

Onuncu yubiley müsabiqəyə 12 ölkədən 108 partitura göndərilib. İqor Drux “Betelqeyze” əsəri ilə sözügedən müsabiqənin qalibi olub. Simfonik musiqi üzrə laureat adına “Vulkan” simfonik lövhəsi ilə İsveç bəstəkarı David Ribe, “İnfiniti” əsəri ilə kanadalı Nurulla Xoca, həmçinin “Palladium” fortepiano konserti ilə Sankt-Peterburqdan Artur Vavel layiq görülüblər. Müsabiqənin laureatlarının əsərləri Dövlət Filarmoniyasının böyük zalında məşhur dirijor, Rusiyanın Əməkdar İncəsənət Xadimi Arkadi Şteynluxtun idarə etdiyi Şostakoviç adına Sankt-Peterburq Dövlət Akademik Simfonik Orkestrinin müşayiəti ilə ifa olunub.

Finalçıların əsərlərindən başqa orkestrin musiqiçiləri A.Petrovun “Dünyanın yaranması” baletindən süitanı, həmçinin F.Əlizadənin “Nağıllar” simfonik poemasını ifa etməklə dinləyicilərin zövqünü oxşayıblar.

Tamaşaçılar bəstəkar Firəngiz Əlizadəni böyük coşqu ilə salamlayıb, onun gözəl musiqisindən, həmçinin rəhbərlik etdiyi münsiflər heyətinin işindən məmnunluq duyduqlarını bildiriblər.

Firəngiz Əlizadə artıq ikinci dəfədir Rusiya Mədəniyyət Nazirliyinin, Sankt-Peterburq Hökuməti Mədəniyyət Komitəsinin və A.P.Petrov Fondunun birgə təşkil etdiyi və Rusiyada böyük nüfuza malik, həmçinin bəstəkarlar arasında keçirilən yeganə beynəlxalq müsabiqənin münsiflər heyətinin sədri olur.

Qeyd edək ki, F.Əlizadə dəfələrlə ABŞ, Çexiya, Almaniya, Avstriya və başqa ölkələrdə keçirilən bəstəkarların, həmçinin pianoçuların çoxsaylı beynəlxalq müsabiqələrinin münsiflər heyətinə dəvət edilib.

Etikxeber.az

Read Previous

Məmmədyarov: “Münaqişələr həll, təhlükəsizlik və sabitlik təmin edilmədən ECO hərtərəfli regional əməkdaşlığın faydasından bəhrələnməkdə uğursuzluğa düçar olacaq”

Read Next

Azərbaycana 3 kiloqrama yaxın tiryək keçirmək istəyən şəxs yaxalanıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir